SON DƏQİQƏ

Qazilər şəhidlərimizin canlı əmanətidir.

Tarix:23-03-2024, 01:08

Bu gözəl Novruz bayramı öz bahar nəfəsi ilə qəlbimizə sevinc , ruhumuza əmin- amanlıq gətirsin.İnsanlar Novruz bayramında paylaşmağı, yaxın qonşularla, doğmaları ilə hal-əhval tutmalı, şəhid ailələrinə, qazilərə baş çəkməli və doğmalarının məzarını öncədən ziyarət etməli, gözü yolda qalanların qəlbini sevindirməldirlər.Yazın gəlişi ilə əlaqədar qonşumuz , Vətən müharibəsi qazisi, 1-ci qrup əlil Alim Dursun oğlunu ziyarət etməyi özümə borc bildim. Həm novruz bayramı günündə, həm də 65 yaşımın tamam olması günündə. Axı qazilərimiz şəhidlərimizin canlı əmanətidir. Gəlişimdən sonsuz dərəcədə sevinən Qazimizin atası hüquqşunas Dursun müəllim  həmişəki kimi məni mehribanlıqla qarşıladı və  dərhal qapı bir qonşumuz Akif Lerikliyə zəng edərək dedi: Rauf müəllim gəlib, Gəl bizə.
Mehriban qonşularımızla birlikdə  şirin söhbətlər etdik. Tez bir zamanda Esmiralda xanımın hazırladığı bayram süfrəsi ətrafında əyləşərək iftarımızı açdıq.
Onu da qeyd edim ki, qazimiz Alim Dursun oğlu könüllü olaraq  44 günlük Vətən müharibəsində  fəal iştirak etmiş,Füzulinin, Qubadlının, Hadrudun,  Suqovuşanın, Şuşanın işğalçı erməni quldurlarından  azad olunmasında şücaət göstərmişdir. Növbəti döyüşlərin birində  Şuşanın həndəvərində Daşaltıda ağır yaralanaraq  12 saat mühasirədə qalmış və çoxlu qan itirdiyi üçün bayılmışdır. Nəhayət ki, dumanlı havada döyüş dostları  fürsət taparaq Alimi çətinliklə də olsa, atəş nöqtəsindən çıxartmış və ona ilk tibbi yardım göstərilmişlər. Vəziyyətinin ağır olmasını nəzərə alıb onu təcili vertolyotla Bakıya gətirərək Hospitalda  yerləşdirmişlər. Həkimlərin səyi nəticəsində Alimi  çətin də olsa həyata qaytarmaq mümkün olmuşdur. Yerimək imkanı məhdud olmuş Alım dəfələrlə xəstəxanalarda, reabilitasiya mərkəzlərində müalicə olunmuş və iki ildən sonra əsa ilə çətinliklə də olsa yeriməyə başlamışdır.Alimin sinəsini beş medal bəzəyir.
Ölkə Prezidenti Ali Baş Komandanımız İlham Əliyevin  Sərəncamları ilə verilmiş medallardan daha çox sevinən, qürur hissi keçirdən Alimin atası Dursun müəllim və anası Esmiralda xanımdır. 44 günlük Vətən müharibəsində ürəyindən əməliyyat olunan  Dursun müəllim infak keçirmiş və bu ağır, həyəcanlı günlərdə  Uca yaradana dua edərək ordumuzun düşmənə qalib gəlməsini arzulamışdır. Dursun müəllimin arzusu həyata keçmiş və 30 il düşmən tapdağında inləyən torpaqlarımız  yağı tapdağından azad olunmuşdur.Ermənilər bu 30 ildə kənd və qəsəbələrimizi, şəhərlərimizi  dağıdaraq, milli sərvətlərimizi talan edərək evlərimizi göreşən kimi söküb aparmışlar.Nəhayət ki,  şəhidlərimizin və qazilərimizin qanı bahasına  Vətən torpağı işğaldan azad olunmuşdur. Bu azadlığı bizə bəxş edən isə şəhidlərimiz, qazilərimiz və milli ordumuzun igid döyüşçüləri olmuşdur.
Ali baş komandan  İlham Əliyevin xarici jurnalistlərin   verdiyi suallarına məntiqli cavabı milli ordumuzda ruh yüksəkliyi yaratmış, xalq bir yumruq kimi  dövlətlə birləşərək düşmənə qalib gəlmişdir. Bu qələbənin qazanılmasında Alim Dursun oğlunun xidmətləri böyük olmuşdur.Hospitalda müalicə olunaraq evinə qayıdan Alimin ziyarətinə çoxlu insanlar yığılmışdı. rayon icra hakimiyyətinin başçısı da igid Qazimizin görüşünə Xəzər gəlmişdi. Alimin səhhəti bir qədər yaxşılaşsa da, həkimlər onun uzun illər müalicə olunmasını vacib sayırlar.Sevindirici haldır ki, qoltuq ağacını kənara qoyan Alim yavaş- yavaş da olsa, yeriməyə başlayır.Valideynlərinin sevincinin həddi hüdudu yoxdur.Dövlətimiz Vətənin igid oğlunu, Şuşa Fatehini  mənzillə, avtomobillə təmin etmişdir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əlillərə xüsusi diqqət və qayğı göstərir. (Amma çox təəssüflə olsa da bildirim ki, bir çox  qazilərimizin  intihar etmə səbəbləri bu günədək dəqiq araşdırılmayıb).
Onu da qeyd edim ki, bütün kateqoriyadan asılı olmayaraq əlillər ildə dörd dəfə pulsuz olaraq reabilitasiya mərkəzlərində  müalicə olunurlar.
Qazimizlə  sağollaşarkən Dursun müəllim , oğlu  Alimlə birlikdə oyma sənətinə yiyələnərək  taxta üzərində hazırladıqları hədiyyəni mənə təqdim  etdilər. Muqəddəs Məkkənin, Kəbə evinin şəkli həkk olunmuş hədiyyənin üzərində yazılmışdı; "Qazi Alim Dursun oğlundan Rauf İlyasoğluna hədiyyə, 19 mart 2024". Digər hissədə isə Dursun babanın sözləri yazılmışdı; "Bu dünyada ən böyük sərvət ata və anadır, dəyərini bilin.Torpaq aldığını geri vermir. Dursun baba." Ağacdan düzəldilmiş iki başlı qılınc isə (Əli əleyhissəlamın Zülfüqar qılıncının təsviri) düşmənlərə bir mesaj idi. Alim demək istəyirdi ki, əgər  yağı düşmən bir də torpağımıza hücum edərsə Zülfüqar qılıncı ilə düşməni məhf etməyə qeyrətli oğullarımızla birlikdə vətənimizin hər qarış torpağını qorumağa hazırıq. Əhsən olsun qazimizə və onu vətənpərvər ruhda böyüdən valideynlərinə.

Rauf İLYASOĞLU.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ