SON DƏQİQƏ

Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunmasına dair seminar keçirilib- FOTOLAR

Tarix:5-09-2024, 16:49

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində seminar keçirilib. “Əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması: beynəlxalq sənədlər, mövcud vəziyyət və bu sahədə fəaliyyət perspektivləri” mövzusunda təşkil olunan seminarda miqrantlarla yaxından işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar, miqrant icmalarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.İcra olunan layihə barədə qısa məlumat verən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov icra olunan layihənin məqsəd və vəzifələri, həyata keçirilən fəaliyyətlər və icrası nəzərdə tutulan işlər barədə danışıb. Bildirilib ki, təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın geniş şəkildə təşviq olunması üçün miqrasiya qanunvericiliyi sahəsində sistemli şəkildə maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac var. Xüsusilə vurğulanıb ki, həmin tədbirlər həm qeyri-hökumət təşkilatları, həm də miqrant qrupları arasında hədəfli şəkildə icra olunmalıdır. 
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin meneceri Natiq Lahıcov miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək məqsədilə icra olunan hazırkı layihənin əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, miqrasiya sahəsində maarifləndirmə tədbirləri bütövlükdə maraqlı tərəflərin, xüsusilə də hədəf qruplarının maraqlarına cavab verir və son nəticədə ölkədə təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın geniş vüsət almasına səbəb olur. 
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Xidmət tərəfindən əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının təmin olunması sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə nəzər salıb, həmin sənədlərdə yer alan müddəalara və onlardan irəli gələn məsələlər haqqında danışıb. 
 Tədbirdə iştirak edən hüquqşünaslar Kəmalə Məmmədova, Fariz Əkbərov, Vəfa Əkbərova, Elvina Əliyeva, İradə Dünyamalılı, miqrant qruplarının təmsilçiləri Əli Şoxri, Fesih Alıoğlu, Rəcəb Yaşar və digərləri miqrantların hüquqlarının təmin olunması ilə bağlı həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verib, aktuallığı ilə xarakterizə edilən məsələlərə toxunublar. İnteraktiv qaydada keçirilən müzakirədə miqrantların hüquqi statusu, əmək fəaliyyəti, ölkə ərazisində qalma və yaşama icazələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb. 

XeberTıme.az
   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ