Bakının Gənclik metrosu yaxınlığında il ərzində bir dəfə təşkil olunan Bal yarmarkası davam edir.
Sentyabr ayının 29- na qədər davam edən bal yarmarkasında Respublikamızın bir çox bölgələrindən arıçılar öz bəslədikləri arıların bal məhsullarını gətirərək paytaxt sakinlərinə satırlar. Bərəmum, propolis, arı südü, arı qaymağı, şamı bal, cökə balı, dağ balı, çəmən balı və sair arı məhsulları min bir dərdin dərmanıdır.
Arıçılar yetişdirdikləri balı tərifləyir və balın keyfiyyətini yoxlamaq üçün yarmarkaya gələn alıcılara bir qaşıq baldan təam etmələrini rica edirlər.Onu da qeyd edim ki, yarmarkaya standartlara cavab verməyən keyfiyyətsiz məhsulları buraxmırlar.Bu dəfəki yarmarkaya Respublikamızın digər rayonları ilə yanaşı, əsasən Kəlbəcər rayonunda yetişdirilən bal məhsulları gətirilib..
Əslən Göyçə mahalının Güney kəndindən olan Vahid qardaşa yaxınlaşırıq. Bizi mehribanlıqla qarşılayır və satdığı arı məhsulları ilə tanış edir. Qonşumuz Rəşad biləndə ki Vahid həmyerlisidir, iki kiloqram bal alır.Mən isə şair dostum İmran Güllübulaqlıya zəng edərək dostları yarmarkaya dəvət edirəm. Həqiqətən də arı saxlamaq olduqca çətin və şərəfli peşədir. Arı yeşiklərinə naşı adamlar qulluq edə bilməz.100- dən çox arı yeşiyinin sahibi olan Vahid kişi də arı ailəsi ilə yayı yaylaqlarda keçirir və bol məhsul əldə edərək halal zəhmətlə ailəsini dolandırır. Belə zəhmətkeş insanları görərkən ürəyim dağa dönür.
Sonra digər arıçılara yaxınlaşıram. Arıçı Rahim həm də arı mütəxəssisidir. Dağ çəmən balına bizi qonaq edir.
Əl telefonunu mənə təqdim edir .070-668-32-90; 0507750088.
Rahim kişi mənə vərəmum hədiyyə edərək deyir: Bu bərəmumu soyuducuda saxlayın Hər səhər bir azca kəsib bir qaşıq təmiz araqla qarışdırın. Və nuş edin, mədə bağırsağın, hətta zobun sağalmasına köməyi dəyər, inşallah.
Rəhim kişiyə gül- çiçək ətirli dağlar qoynundan, təbiətin füsunkar gözəlliklərindən, buz bulaqlardan, müalicəvi İstisudan söhbət salıram.
Kəlbəcər Tarix-diyarşünaslıq muzeyinin qurucusu və direktoru olmuş , istedadlı yazıçı- şair Şamil Əsgərovun bacısı oğlu olduğunu biləndə çox sevinirəm. Şəmil müəllim atam İlyas Allahverdiyevlə də dost olub və evimizdə qonaq olub. Hər dəfə yaşadığımız Ağdam şəhərinə gələndə rayonun tanınmış ziyalıları ilə - Zeynal müəllimlə , Şahmar Əkbərzadə ilə, Yelmar Qarayevlə, Ənvər Əliyevlə və digər dostları ilə görüşərdi. Tibb Universitetinin professoru, üst çənə üzrə məşhur həkim- cərrah Baxış Hüseynov haqqında yazdığı kitab və bir neçə şeirlər kitabı bu gün də kitab rəfimi bəzəyir.Şeirdə yeniliklər etmişdi Şəmil müəllim. Arıçı Rahimlə xeyli söhbətləşirik.Kəlbəcərin yağı taptağından azad olunması münasibəti ilə yenidən gözaydınlığı verirəm və bir vaxtlar yazdığım şeirdən bir bəndi söyləyirəm;
Füzulimiz dərd əlindən alına,
Cəbrayılda nur ocağı qalana.
Qarabağda bir vağzalı çalına
Elim- obam Kəlbəcərə yol sala,
Bayrağımız Dəlidağda ucala .
Qəlbi kövrək arıçı Rahim və Vahidi duyğulandırıram. Vaxtilə yazdığım bu alqışımı uca Allahım eşitdi.Vətən torpağı düşmənlərdən azad olundu. Fikrim çox uzaqlara 1968-70- ci illərə gedir.
Yeniyetmə illərimizdə yay tətilində Ağdamdan köç karvanları aran rayonlardan Kəlbəcərə gələr, alaçıq quraraq yaylaqlarda düz üç ayı yaşayırdıq. Kəlbəcərin saf, təmiz havasında saflaşar, Tatallar çayında çimərək paklaşardıq. Yaxın qohumumuz dədə baba dostumuz ,el ağsaqqalı yun idarəsinin müdiri, qonaqlı qaralı, ağır taxtalı, qeyrətli, mərd dayımız Qoca Gözəlovla qonşu olardıq. Kəlbəcər rayonunun rəhbər vəzifəli şəxsləri də Qoca dayını və o vaxtlar "Kommunist" qəzetinin zonalar üzrə xüsusi müxbiri işləmiş, şair- jurnalist atam İlyas Allahverdiyevlə görüşə gələrdilər.
İlyas müəllim Aşıq Şəmşirin oğlu rəhmətlik Qəmbər Şəmşiroğlu ilə Bakı Ali Partiya məktəbini bir oxumuşdular. "Respublika" qəzetində işlədiyim dövrdə Qəmbər kişiylə tez-tez görüşər və atamla bağlı kövrək xatirələrini mənə söyləyər, məni Həbib müəllimə tapşıraraq, "qardaşoğlumdan muğayat ol" deyərdi. Onu da qeyd edim ki, Aşıq Şəmşir Mədəniyyət ocağında keçirilmiş tədbirlər barədə
"Respublika" dövlət qəzetində mütəmadi olaraq məqalələr və tədbir yazılarım dərc olunub.
Həbib müəllimin təşkilatçılığı ilə tədbirlərdə iştirak etməklə yanaşı çoxlu ziyalılarla da tanış olmuşam.
İlyas Qəmginlə dost olmuş Şəmil Əsgərov, Dəmirçi Abbas, Şücaət, Qəmbər Şəmşiroğlu, Bəhmən və digər ustad şairlərin söhbətlərinə qulaq asardıq. Rayonda vaxtilə rəhbər vəzifələrdə işləmiş Uğurlu müəllimin oğlu Akiflə Azərbaycan Texnologiya Universitetində bir oxumuşuq. Xatirələrim bulaq kimi qaynayırdı.
Arıçı Vahid əl telefonunu mənə təqdim etdi: 070 319- 61- 00.
Kəlbəcər balının tamına baxmaqla sanki o gözəl yurdumuzu ziyarət etdim. Arıçı Vahidlə, Arıçı Rahimlə sağollaşarkən cərgə ilə bal satanlar bal almalarını xahiş edib balın tanına baxmağımı rica edirlər. Şəkərim qalxar deyib bir təhər aralaşmaq istəyirəm. Hündürboylu, nurani bir kişi diqqətimi cəlb edir. Mənə deyir ki, təmiz bal şəkərə təsir etməz. Şəkildə gördüyünüz bu pəhləvan cüssəli arıcının adı isə Babaş Qəribovdur. Babaş kişinin arıçı qızı söhbət əsnasında bildirdi ki atası Babaş kişi çox xeyirxah, halal insandır. Nə qədər yetimlərə kömək edib . Min bir zəhmətlə arı saxlasa da , qapısına gələnləri əliboş qaytarmayıb. Ağdərə rayonunun Baş Güney kəndindən olan Babaş kişinin 120- dən çox arı yeşiyi var. Belə sadə və zəhmətkeş insanlar hər cür hörmətə layiqdirlər. Onu da qeyd edim ki, arıçılıq təsərrüfatını inkişaf etdirmək ən gəlirli sahələrdən biridir. Kənd Təsərrüfatı Nazirliyi arıçılığın inkişaf etdirilməsinə kömək edir və gələcəkdə də diqqətini daha da artıracaqdır. Arıçı İsmayılov Eyyub isə Kəlbəcərin Zəylik kəndindəndir.
1992- cu illərdə yurdundan perik düşərək Şəmkir rayonunda məskunlaşıb. Deyəndəki Şəmkirdə tələbə dostumuz Hafiz gilə tez - tez qonaq gedirik. Bizə bərk bərk tapşırır ki, Şəmkirdə gələndə bizim də qonağımız olarsınız. Dağ adamlarının qonaqpərvər olmağını çox görmüşəm.Əhsən belə mərd , süfrəsi açıq dostlara. Eyyub kişinin də əl telefonun yazıram: 0556350515; 055 819 05 35
Şanı balının tamına baxırıq. Kəlbəcərin min bir ətirli çiçəklərinin müşk ənbər qoxusu hər tərəfə yayıldı. Çox sevindim ki, dəfələrlə iştirak etdiyim 20 ilə yaxın bir dövrdə bal yarmarkalarında ilk dəfə Kəlbəcər balına rast gəldim. Vaxtilə 20 ilə yaxın Kəlbəcərin İstisu sanatoriyası yaxınlığındakı
"Taxta" deyilən ərazidə el obamızla birlikdə alaçıq quraraq yaylaqda qaldığımız yeniyetmə illərim yadıma düşdü... Şükürlər olsun ki,doğma Kəlbəcərimiz və digər yaşayış məntəqələrimiz erməni quldurlarının işğalından azad olunub. Bu qələbəni bizə yaşadan şəhidlərimizə, qazilərimizə borcluyuq.Ruhları şad olsun, cəmi şəhidlərimizin. Ali baş komandanımızın rəhbərliyi altında milli ordumuzun qeyrətli oğulları bizə qələbə sevincini yaratdılar. 30 il həsrətini çəkdiyimiz Kəlbəcər balından təam etmək ömrümə sanki bir ömür də gətirdi.
Arıçı Babaş kişinin , Arıçı Vahidin mehriban danışığı məni çox sevindirdi və müdrik insan Babaş Qəribovun da əl telefonunu aldım: 070 636-95-31.
Keyfiyyətli təmiz bal və arı məhsulları almaq istəyənlər bir başa arıçılara zəng edib arı məhsullarından sifariş edə bilərlər. İstəkli oxucular! Bal yarmarkasına birdən mənim kimi qəpik quruşla gəlməyin.Cibinizdə pulla gəlin ki, keyfiyyətli , təmiz, məhsul alasınız. Bir daha xatırladım ki, bal yarmarkası sentyabrın 29- na qədər davam edəcəkdir.Təmiz baldan alın, nuş edin və sağlam olun.
Rauf İlyasoğlu,
"Həkəri" qəzetinin baş redaktoru..






