SON DƏQİQƏ

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Tarix:Bu gün, 16:44

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
XeberTıme.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 3 078 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 486 imtahan rəhbəri, 3851 nəzarətçi, 552 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb olunub.
İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 3 nəfərdə "ağıllı" saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.
İmtahanda 41 484 abituriyentin iştirakı nəzərdə tutulurdu.
Bu gün saat 15:00-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər suallarını "Youtube"da olacaq müvafiq yayımın şərh bölməsinə yaza bilərlər.
İyulun 7-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ