SON DƏQİQƏ

AZƏRBAYCAN UŞAQLARININ VI ÜMUMRESPUBLİKA FORUMU KEÇİRİLDİ-FOTO

Tarix:10-12-2024, 00:53

5 dekabr 2024-cü ildə “JW Mariott Absheron” otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə  birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirildi. Forumda Azərbaycanın müxtəlif rayonlarını təmsil edən 300  uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar və  ictimai fəallar iştirak edirdilər. Tədbir Azərbaycan uşaqları üçün son dərəcə əhəmiyyətli idi, çünki tədbirin əsas məqsədi uşaqların gələcəyi ilə bağlı təkliflər irəli sürmək və önəmli qərarlar vermək idi. 

Forum iki hissədən ibarət oldu. İlk hissədə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu öndər Heydər Əliyevin, eyni zamanda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının xalq artisti, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov öz qrupu ilə birlikdə çox sevilən musiqi kompozisiyasını ifa etdi. Sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyeva  Cənab Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı  məktubu oxudu. Məktub  forum  iştirakçılarının böyük alqışı və sevgi yağışı ilə qarşılandı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar  xanım Muradova çıxışında dövlətimizin Azərbaycan uşaqlarının yaxşı həyat sürməsi ilə bağlı gördüyü və bundan sonra da görəcəyi işlərdən danışdı, uşaqların hüquqlarının tam təmin olunması üçün hər cür şəraitin yaradıldığını vurğuladı, forum iştirakçılarına uğurlar arzuladı. Elm və Təhsil naziri Emin Əmrullayev uşaqların təhsil səviyyəsi ilə bağlı fikir bildirdi. Təhsildə gender bərabərsizliyinə diqqət çəkdi və bunun aradan qaldırılmasının yollarından söz açdı. UNICEF-in Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah iqlim dəyişikliyinin uşaqların həyatına və təhsilinə göstərdiyi çox ciddi təsirdən danışdı. Elm və Təhsil nazirinin sözlərinə diqqət çəkərək qızların təhsil səviyyəsinin artmasının vacibliyini vurğuladı. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev də iqlim dəyişikliyinin uşaqlara olan təsirindən və bu təsirin aradan qaldırılması yollarından danışdı. Tədbirə qardaş Türkiyədən qatılan məktəblilərin adından Ali Ender Aygün də danışdı . O, Azərbaycanda belə önəmli bir tədbirdə iştirak etməkdən  böyük məmnunluq duyduğunu bildirdi. Sonra sual-cavab mərhələsi başladı. Nazir müavinləri və digər dövlət xadimləri uşaqların suallarına cavab verdilər. Tədbirdə “Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Günel Musayeva və Seymur Hüseynov da çıxış etdilər, gənclərə uğura gedən yolda dəyərli məsləhətlər verdilər. Tədbirin birinci hissəsi bədii kompozisiyalarla davam etdi və Azərbaycan Uşaqlarının VI Forumuna həsr olunan “Zəfər uşaqları” himni ilə başa çatdı.

Forumda mən də 300 uşaq içərisində yer aldığıma və Xocavənd rayonunu təmsil etdiyimə görə böyük qürur hissi keçirirdim. Bir də ona görə sevinirdim ki, suverenliyimizin tam bərpasından sonra keçirilən Azərbaycan Uşaqlarının ilk Forumunda iştirak edirdim. Forum 3 ildən bir keçirilir və axırıncı dəfə 2021-ci ildə  keçirilmişdir. Onu da qeyd edim ki, Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda mənimlə birgə Xocavənd rayonunu 5 uşaq - Sevinc  Əhmədova, Adil Quliyev, Altay Hüseynli və Teybə Tağıyeva  təmsil edirdi.
Forumun növbəti proqramından bəhs etmək istəyirəm. Belə ki, tədbirin birinci hissəsindən sonra məktəbli fəallar 7 müxtəlif qrupa bölündülər və müzakirə otaqlarına ayrıldılar. Hər qrupun özünəməxsus mövzusu var idi:
I qrup: Uşaq hüquqları: inkişaf üçün birləşək (Ekoloji hüquq)
II qrup: Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar (Ekoloji təhsil və tərbiyə)
III qrup: Uşaqların internet təhlükəsizliyi (Yaşıl İKT)
IV qrup: Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi (Sağlam Dünya)
V qrup: Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi (Təbiətin keşiyində)
VI qrup: Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu (Sağlam iqlim)
VII qrup: Vətəni sevək, ona layiq olaq (Təbiəti qoruyaq)

Mənim qrupum isə 4-cü qrup idi və əsas mövzusu sağlamlığın qorunması, sağlam həyat tərzi və ətraf mühitin mühafizəsi idi. Müzakirə otağında şəhər və kəndlərdə sağlamlığa və ətraf mühitə mənfi təsir göstərən amillər və bu amillərin yaratdığı problemlərin aradan qaldırılması ilə bağlı gözəl və son dərəcə maraqlı diskussiya etdik. Diskussiyalarımızın nəticəsi olaraq tədbirin ikinci hissəsində qrup liderləri forum iştirakçılarının  qarşısına çıxaraq təklif və qərarlarını iştirakçıların diqqətinə çatdırdılar. Təkliflərin əsasında uşaqları ətraf mühiti mühafizə etməyə, sağlam həyat tərzi sürməyə, həmçinin vətəni sevməyə və vətənpərvərliyə çağıran təbliğat işləri, saytlar, mobil tətbiqlər dururdu. Təkliflər forum iştirakçıları  tərəfindən rəğbətlə qarşılandı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım ikinci çıxışında bu təklifləri qiymətləndirdi. Azərbaycan uşaqları adından Cənab Prezident İlham Əliyevə təşəkkür məktubu da səsləndirildi. Məktub da forum iştirakçılarının böyük rəğbəti və alqışı ilə qarşılandı. Tədbir boyunca zaman-zaman Uşaq Səfirlər Məclisinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Yaşıl dünya naminə həmrəylik” ili olan 2024-cü il ilə bağlı gördüyü işlərdən bəhs edən video-çarx iştirakçılara təqdim olundu. Sonra rok ifaçısı Mərdan Kazımov uşaqları salamlayaraq onlara “Azərbaycanım” və “Eşqim Vətəndir” adlı mahnılarını ifa etdi. Tədbir bədii hissə ilə yekunlaşdı.
Azərbaycan Uşaqlarının VI Forumu həyatım boyunca unuda bilməyəcəyim xatirələrdən biri kimi yadımda qalacaq. Ona görə ki, bu forumda yeni-yeni dostlar, yoldaşlar qazandım, dost olduqlarımla dostluğumu möhkəmləndirdim, zaman-zaman çox gözəl diskussiyalarımız oldu.

Həmçinin forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  çox hörmətli Bahar xanım Muradova ilə görüşmək və onunla xatirə fotoşəkli çəkdirmək imkanım oldu.  Bahar xanım məni çox mehribanlıqla qarşıladı. Ona 11 iyun 2021-ci ildə  “İstedadları Tanıyaq və Tanıdaq” İB-in tədbirində görüşdüyümüzü söylədim.  Mənə uğurlar arzu etdi. Bahar xanımın məni unutmamış olması da məni son dərəcə sevindirdi. 2021-ci ildə Bahar xanımla görüşəndə 4 kitab müəllifi idim. Bu yaxınlarda  isə 8-ci kitabım  çap olunacaq. Onu da qeyd edim ki, müəllifi olduğum hər bir kitabımdan Bahar xanıma hədiyyə etmişəm. Kitablarımın təqdimatına şəxsən Bahar xanımın göstərişi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər. Biz gənclərə göstərdiyi diqqət  və qayğıya görə şəxsən öz adımdan və dəyərli ailəm adından hörmətli Bahar xanıma minnətdarlığımı bildirirəm. Forumda fəal iştirakıma görə Bahar xanım tərəfindən sertifikatla da təltif olundum. Həmçinin, Saca Faruq Abdullah ilə də görüşdüm. Saca xanımla qısa, ancaq səmimi dialoqumuz oldu. Forumda mənə forum iştirakçılarına verilən şərf, dəftərçə, yaddaş kartı  və digər hədiyyələr də verildi.

Məqaləmin sonunda sanki bir bayram kimi keçən forumun təşkilatçılarına dərin minnətdarlığımı bildirir, yaşıdlarım da içində olmaqla bütün Azərbaycan uşaqlarına sonsuz səadət arzulayıram! Vətənimlə fəxr edirəm! 


 

SEVİNDİK NƏSİBOĞLU
11-ci sinif şagirdi, sair-publisist, AJB üzvü
08.12.2024.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ