SON DƏQİQƏ

VƏKİLLƏR HAQQIN VƏ ƏDALƏTİN KEŞİYİNDƏDİRLƏR

Tarix:30-12-2025, 15:05

27 dekabr 2025-ci ildə “Hilton” mehmanxanasında Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Vəkil Günü peşə bayramı münasibətilə təntənəli andiçmə və təltifetmə mərasimi keçirildi.
Tədbir başlamazdan əvvəl Kollegiya rəhbərliyi, onun orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət etmiş, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə tər gül dəstələri qoyulmuş, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilmişdir. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Sonra Kollegiyanın rəhbərliyi, orqanları və qurum rəhbərləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edərək məzarları üzərinə tər çiçəklər düzmüş və xatirə şəkli çəkdirmişlər.
Əvvəlcə onu qeyd edim ki, tədbirdə Vəkillər Kollegiyası rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə açıq elan olundu. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Vəkillər Kollegiyasının illik fəaliyyəti ilə bağlı videoçarx təqdim edildi. Videoçarxda Vəkillər Kollegiyasının üzvlərinin Asiya və Avropa ölkələrində keçirilən beynəlxalq tədbirlərdə iştirakı, vəkillərin ilboyu səmərəli fəaliyyətlərinin statistik göstəriciləri, vəkillərin idman, incəsənət və s. sahələrdə fəaliyyətlərinə yaradılan şərait iştirakçıların diqqətinə çatdırıldı. Bildirildi ki, Vəkillər Kollegiyasının üzvləri Milli Məclisə 50-dən çox qanun layihəsinin təklifi ilə bağlı təşəbbüs göstərmiş, eləcə də öz hüquqi tövsiyələriylə Konstitusiya Məhkəməsi ilə də faydalı əməkdaşlıq etmişdir.
Qeyd edək ki, Bakı şəhəri 4 saylı Vəkil Bürosunda çalışan vəkil Aqşin Məmmədovun aparıcılığı ilə keçən tədbirin sonrakı gedişatında söz açılış niqtlərinin çıxışçılarına verildi. İlk olaraq, Vəkillər Kollegiyasının üzvü və kollegiyanın Ağsaqqallar Şurasının sədri, Respublikanın Bank Ombudsmanı, “Şöhrət” ordenli əməkdar hüquqşünas İkram Kərimov çıxış etdi. İkram Kərimov çıxışında kollegiyanın üzvlüyünə yeni qəbul olmuş namizədləri təbrik edərək onlara gələcək vəkillik fəaliyyətlərində uğurlar dilədi. Vəkilliklə bağlı maraqlı faktlar və hadisələrlə çıxışını zənginləşdirərək bu peşənin hüquq sahəsində yerinin çox önəmli olduğunu, eyni zamanda böyük peşəkarlıq və məsuliyyət tələb etdiyini vurğuladı. İkram Kərimov çıxışının sonunda gənc vəkillərə bu dəyərli peşə ilə bağlı öz tövsiyələrini də verdi.

Mərasimdə iştirak edən Respublikanın Baş prokuroru Kamran Əliyev çıxışında vəkilliklə prokurorluq institutlarının səmərəli əməkdaşlığını yüksək dəyərləndirdi, bir çox qiymətli aforizmlər səsləndirərək vəkillərin fəaliyyətinə xüsusi qiymət verdiyini bildirdi. Vəkillərin bəzi hallarda bir çox məhkəmə orqanları işçilərindən daha mübariz və qətiyyətli olduğunu vurğuladı. Anar Bağırovun sədrliyi ilə Vəkillər Kollegiyasının dinamik və yorulmaz fəaliyyəti nəticəsində müasir dövrümüzdə vəkillik institutunun dəyərinin əvvəlki dövrlərə nisbətən inqilabi şəkildə artdığını, bir çox hüquqşünasların bu peşədə çalışmağa can atdığını söylədi. Cəmiyyətin inkişafı və mövcudluğunda vəkillərin danılmaz xidmətləri olduğunu bildirdi və onlara uğurlar arzuladı.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında peşəkar, məsuliyyətli və prinsipial vəkilliyin ədalət mühakiməsinin düzgün həyata keçməsində böyük əhəmiyyət daşıdığını bildirdi. İnam Kərimov məhkəmə hakimiyyəti və vəkillik institutu arasında olan faydalı əməkdaşlıqdan danışdı. Bu məqamda Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ali Məhkəmə yanında Elmi-məsləhət Şurasında vəkillərin təmsil olunduğunu, Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyasının üzvləri ilə mütəmadi görüşlərin baş tutduğunu nümunə göstərdi. Vaxtilə məhkəmə orqanlarında hakim işləmiş hüquqşünasların fəaliyyətini vəkil olaraq davam etdirməsini yüksək qiymətləndirən cənab sədr hakimlik və vəkillik institutları arasındakı əməkdaşlığın gələcəkdə daha səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etdi.
Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov çıxış edərək bildirdi ki, vəkil olmaq təkcə ixtisas sahibi olmaq deyil, məsuliyyət daşımaq, vicdan qarşısında cavabdeh olmaq və hər zaman qanunun aliliyinə sadiq qalmaq deməkdir. O, həmçinin çıxışında qeyd etdi ki, vəkil cəmiyyətlə dövlət arasında və fərdlə ədalət mühakiməsi sistemi arasında etimad körpüsüdür. Bu körpünün möhkəmliyi isə biliklə yanaşı, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlərdən asılıdır.
Sektor müdiri çıxışında onu da bildirdi ki, Azərbaycanda vəkillik uzun və zəngin inkişaf yolu keçib, dövlətçiliyimizin bərpasından sonra hüquqi dövlət quruculuğu prosesi vəkillik institutunun formalaşmasını və möhkəmlənməsini zəruri etmişdir. Vəkilliyin müstəqil təsisat kimi yaradılması bilavasitə müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyəti dövründə qəbul edilmiş 1999-cu ilin 18 dekabr tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla Azərbaycan vəkilliyinin əsası qoyulub. Ölkəmizin tarixində ilk dəfə olaraq vəkillik hakimiyyətin heç bir qolundan asılı olmayan bir institut kimi formalaşmışdır.
Həsən Bağırov çıxışının davamı olaraq qeyd etdi ki, hazırkı dövrdə ölkəmizdə həyata keçirilən məhkəmə hüquq islahatları ilə yanaşı, vəkillik institutunun gücləndirilməsi də Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Son illər vəkillik sahəsində həyata keçirilən norma yaradıcı, institusional fəaliyyət nəticəsində vəkillərin sayı bir neçə dəfə artıb, onların peşə hazırlığı gücləndirilib, regionlarda hüquqi yardıma əlçatanlılıq genişləndirilib, gənc hüquqşünasların vəkilliyə qəbul olunması istiqamətində müvafiq tədbirlər görülüb.

Son olaraq açılış nitqini Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov söylədi. Anar müəllim ilk olaraq bütün tədbir iştirakçılarını 28 dekabr Vəkil Günü peşə bayramı, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən səmimi arzularını çatdırdı. Tədbir gedişatında vəkillik andı içəcək olan vəkilliyə namizədlərə uğurlar arzuladı. Anar Bağırov bildirdi ki, cari il Konstitusiya və Suverenlik ili olmaqla yanaşı, şanlı Vətən müharibəmizin 5-ci ildönümü kimi müstəsna əhəmiyyətə malikdir. Tədbirdə iştirak edən Vəkillər Kollegiyasının üzvləri arasında 11 nəfər Vətən müharibəsi iştirakçısı da var. Məhz bu kontekstdə hüququn aliliyinin və ədalətin qorunmasında vəkillərin rolu daha aydın şəkildə ön plana çıxır. Anar müəllim onların vəkil həmkarlar üçün hər zaman əziz və doğma olduğunu, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlığın heç zaman heç kəsin yadından çıxmayacağını söylədi. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun postsovet məkanında Azərbaycanı vəkilliyi müstəqil institut halına gətirən ilk dövlətlərdən biri etmişdir. Anar Bağırov Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik sahəsində mühüm institusional islahatlara zəmin yaratdığını bildirmişdir. Ötən il ödənişsiz hüquqi yardıma dövlət büdcəsindən 6 milyon manat ayrılmışdır. Növbəti il üçün isə ayrılan məbləğ 9 milyon manat təşkil edir. Həmçinin, vəkillərin hüquqi yardımları müqabilində onlara edilən ödənişin saatda 6 manatdan 11 manata yüksəldilməsi də son dövrlərdə həyata keçirilən islahatların parlaq nümunəsidir. Bu prosesdə Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin rolu xüsusilə vurğulanmalıdır. Vəkillər Kollegiyası təkcə, hüquqi yardımın göstərilməsində yox, həm də ədalət mühakiməsinin qanunlara uyğun şəkildə həyata keçirilməsində fəal rol oynayan tərəf kimi çıxış edir.
Anar Bağırov 2025-ci ilin Vəkillər Kollegiyası üçün çox fəal keçdiyini bildirdi. Belə ki, Vəkillər Kollegiyası rəhbərliyi və üzvləri vəkillik institutunun dinamik inkişafı yolunda böyük təşəbbüslər göstərmişlər. Bu il Gəncə Regional Vəkil Bürosunun inzibati binasının istifadəyə verilməsi və Bakıda Vəkillər Kollegiyasının yeni inzibati binasının artıq istifadəyə hazır olduğu diqqətə çatdırıldı. Anar müəllim tədbir iştirakçılarını həmin binanın gələcək günlərdə keçiriləcək açılış mərasiminə dəvət etdi. Ümumi olaraq onu qeyd etmək olar ki, Anar müəllim çıxışında Cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi, Vəkillər Kollegiyasının yorulmaz fəaliyyəti nəticəsində son 8 ildə vəkillik institutunda baş vermiş inqilabi dəyişikliklər və islahatlar barəsində detallı məlumat verdi. İlbəil vəkillərin sayında əhəmiyyətli artımın baş verdiyi vurğulandı. Anar müəllim çıxışını bu sözlərlə yekunlaşdırdı: “Yaşasın müstəqil Azərbaycan və onun müstəqil vəkili!”
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlığa görə Ali Məhkəmə 2025-ci ilin “Vəkilliyin dostu” mükafatı ilə, Respublikanın Baş Prokuroru Kamran Əliyev isə Kollegiyanın “Fəxri vəkili” adı ilə təltif olundu. Eyni zamanda, Baş prokurora rəmzi vəkil mantiyası təqdim edildi. Fəxri qonaqları Vəkillər Kollegiyasının sədri Anar Bağırov təltif etdi.

Mərasim gedişatında vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını uğurla keçən, icbari təlim mərhələsini tamamlayan və şifahi müsahibədən müsbət nəticə əldə edən namizədlərin təntənəli andiçmə mərasimi keçirildi. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsini şərəflə, vicdanla və məsuliyyətlə icra edəcəklərinə dair öhdəlik götürdülər. Tədbir zamanı onlara cənab sədr Anar Bağırov tərəfindən vəkil vəsiqələri və sertifikatlar təqdim edildi.
Çıxış edən yeni and içmiş vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, həyatlarında hər zaman bu sahəyə böyük dəyər və qiymət verdiklərini vurğuladılar. Həmçinin, qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təşəkkürlərini ifadə etdilər.

Mərasimdə həmçinin 2025-ci il ərzində fəaliyyətində fərqlənən vəkillər və vəkil qurumları mükafatlandırıldı. Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə "Pro Bono" Vəkil Bürosu “İlin vəkil qurumu” elan edildi. İl ərzində sosial aksiyaların keçirilməsində fəallığına görə Qadın Vəkillər Alyansı “İlin vəkil komitəsi” adına layiq görüldü. Bu zaman xüsusilə bildirildi ki, yaxın keçmişdə əsası qoyulan Qadın Vəkillər Alyansı dünyada bir ilkdir və Azərbaycandan sonra bizim təşəbbüsümüzlə qardaş ölkə Özbəkistanda yaradılmışdır. Sonra isə Vəkillər Kollegiyasının ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Deontologiya Komitəsi də “İlin vəkil komitəsi”, il ərzində ən çox bəraət əldə edən Lənkəran şəhər Vəkil Bürosunun vəkili İbarət Əhəd oğlu Həsənov ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad Nəsrəddin oğlu İsayev “İlin vəkili” və il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Universal” Vəkil Bürosunun vəkili Vəfadar Namiq oğlu Piriyev isə “İlin təlimçi vəkili” elan olundu.

Tədbirin sonu şəxsən mənim üçün xüsusilə çox önəmli və unudulmaz keçdi. Sonda “Qalib Azərbaycan” IV Vəkil bədii yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı. Birinci yerə layiq görülən Abşeron rayon Vəkil Bürosunun vəkili Abil Bayramov, ikinci yerə layiq görülən fərdi vəkil Elşən Məcidli və üçüncü yerə layiq görülən, Abşeron rayon Vəkil Bürosunun vəkili Nəsib Əliyevin oğlu və bu sətirlərin müəllifi sertifikat və hədiyyə ilə təltif edildi. Bizi şəxsən Anar müəllim Bağırov təltif etdi və uğurlar dilədi. Mən Anar müəllimə müəllifi olduğum “Ulu Öndərin işığında” və “Suverenliyimizi təmin edənlər” adlı kitablarımı hədiyyə etdim. Anar müəllim səmimi təbrik və təşəkkürlərini çatdırmaqla qalmayıb kitablarımın üz qabığını tədbir iştirakçılarına göstərdi və mənim fəaliyyətimlə bağlı onlara qısa məlumat verdi. Sonda yenə uğurlar arzulayaraq təşəkkürünü bildirdi. Mən də təşəkkürlərimi bildirdim. Qeyd edim ki, müsabiqədə Vətən müharibəsi şəhidi Şirxan İsmixan oğlu Quliyevə həsr etdiyim “Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi” adlı məqaləm üçüncü yerə layiq görülmüşdür.

Məqaləmin sonunda onu qeyd etmək istəyirəm ki, tədbir gələcəyini hüquq sahəsinə yönəltməyə çalışan biri kimi yaddaşımda çox önəmli bir iz buraxdı. Hansı sahədə çalışmasından asılı olmayaraq, hüquqi dövlət quruculuğu yolunda birgə addımlayaraq qarşılıqlı əməkdaşlıq içərisində olan peşəkar hüquqşünaslar, vəkillər həyat yolumun başlanğıcında öz dəyərli məsləhətləri, şirin söhbətləri, ən əsası, səmimilikləri və mehribanlıqları ilə bu unudulmaz tədbiri mənim üçün daha da unudulmaz etdilər. Hüquq sahəsində çalışan hər kəs adından da bəlli olduğu kimi, hər zaman haqqın tərəfində olmalı, düz olan yolla gedərək cəmiyyəti də o yola çəkməlidirlər. Bu gün fəxrlə və qürurla deyə bilərik ki, Azərbaycan vəkili tam düz yoldadır və o yolda yeriyərək haqqın ən güclü müdafiəçisinə çevrilmişdir! Vəkillər haqqın, ədalətin keşiyindədirlər! 




                                                                           
SEVİNDİK NƏSİBOĞLU
27.12.2025
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi, AJB və AYB üzvü, “Kredo” qəzetinin ictimai müxbiri

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ