Böyük ədəbiyyatdan söz düşəndə ilk olaraq zamanın sərhədlərini aşan, əsrləri birləşdirən yaradıcı şəxsiyyətlər yada düşür. Belə şəxsiyyətlərdən biri də ingilis dramaturgiyasının zirvəsi sayılan Uilyam Şekspirdir. Onun yaradıcılığı təkcə ədəbiyyat tarixi üçün deyil, bütövlükdə dünya mədəniyyəti üçün əbədi bir məktəbdir. İnsan psixologiyası, sevgi, güc, hakimiyyət, xəyanət, insan taleyi və mənəvi seçimlər kimi mövzuları bəşəri dildə ifadə edən Şekspir bu gün də müxtəlif xalqların ədəbi düşüncəsində yaşayır, onun əsərləri dünya ədəbiyyatında xüsusi yer tutaraq, bu gün də öz aktuallığını qoruyub saxlayır.Bəli, bu günlərdə (21.05.2026) qonağı olduğum Həzi Aslanov adına Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbir məhz Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, daramaturq, şair Uilyam Şekspirin zəngin yaradıcılığına həsr olunmuşdu.
Məktəbdə bir bayram ab-havası vardı. Hər kəs akt zalına tələsirdi. Simalardakı sevinc, fərəh hissi diqqəti çəkirdi... sanki qəribə, fərqli nə iləsə üzləşəcəkdin... Nəhayət tədbir başladı.
İlk əvvəl Azərbaycanın Dövlət Himni səsləndi. Daha sonra məktəbin direktoru Tahirə xanım Səfərova tədbir iştirakçılarını, qonaqları salamladı. Vətənin azadlığı və bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Tahirə xanım tədbirlə bağlı məlumat verərək bildirdi ki, onun rəhbərlik etdiyi təhsil ocağında hər ay dünya ədəbiyyatının dahi nümayəndələrinə həsr olunmuş tədbirlər təşkil olunur. Belə tədbirlərin şagirdlərin ədəbiyyata marağının artmasında, dahi şəxsiyyətlərin həyat və yaradıcılıqları ilə daha yaxından tanış olmalarında, dünyagörüşlərinin zənginləşməsində mühüm rolu olur. Sonra o, sözü Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovaya verdi. Günay xanım təhsildəki nailiyyətlərdən, şagirdlərin elmə, müxtəlif dillərə olan maraqlarından və bunun üstün cəhətlərindən söz açdı.
Tədbir məktəbin İngilis dili müəllimi Zeynab Məmmədovanın təşkilatçılığı, 9 və 10-cu sinif şagirdlərinin iştirakı ilə hazırlanmışdı. Beləliklə, söz Zeynəb müəllimə və şagirdlərinə verildi.
Zeynəb müəllimin rəhbərliyi ilə hazırlanan proqrama əsasən, U.Şekspirin 4 məşhur əsəri səhnələşdirilmişdi. Tədbirin fərqləndirici cəhəti yalnız mövzunun seçilməsi deyil, onun təqdimat forması idi. Əsas diqqəti çəkən məqam isə o idi ki, şagirdlər səhnəcikləri ingilis dilində təqdim edirdilər. Bununla onlar həm dil bacarıqlarını, həm də yaradıcı potensiallarını nümayiş etdirirdilər.
Səhnə tərtibatı və dövrü əks etdirən geyimlər tədbirə xüsusi estetik dəyər qatmışdı. Tədbir iştirakçıları teatr səhnəsində peşəkar aktyorların çıxışını izləyirmiş kimi təsir bağışlayan bir atmosferlə qarşılaşmışdılar. Sanki məktəbin akt zalının səhnəsi kiçik bir teatr səhnəsinə çevrilmişdi. Şagirdlərin yalnız mətn əzbərləməsi deyil, obrazı yaşaması və inandırıcı ifası, intonasiyanı və emosiyanı düzgün ötürməsi... tədbirin ən təsirli məqamlarından biri idi.
Şagirdlərin çıxışı tamaşaçılar tərəfindən sürəkli alqışlarla dəyərləndirildi.
Tahirə xanım, yüsək səviyyəli hazırlığa, uğurlu çıxışa görə, Zeynəb müəllimi və şagirdləri təbrik etdi və təəssüratlarını bölüşmək, ürək sözlərini bildirmək üçün sözü qonaqlara verdi.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin Mətbuat katibi Səbinə Məmmədova; “Turan Yazarlar Birliyinin” üzvü, şair Səringül Atəş; AJB və AYB-nin üzvü, jurnalist, yazıçı-publisist Aygün Hacıyeva və digər qonaqlar çıxış edərək şagirdlərin nümayiş etdirdikləri bacarıqları yüksək qiymətləndirdilər və belə layihələrin davamlı olmasının vacibliyini vurğuladılar. Qeyd etdilər ki, bu cür təşəbbüslər məktəb mühitini yalnız tədris məkanına deyil, həm də mədəni inkişaf platformasına çevirir.Həmçinin bu cür tədbirlər təhsil prosesində dil öyrənmənin sadəcə qrammatika və lüğət biliyi ilə məhdudlaşmadığını, onun daha geniş bir mədəni düşüncə formalaşdırdığını göstərir. İngilis dilində təqdim olunan səhnəciklər şagirdlərin yalnız dil bacarığını deyil, həm də dünya ədəbiyyatına çıxış imkanlarını genişləndirir. Dil burada sadəcə ünsiyyət vasitəsi deyil, informasiya və mədəniyyət mübarizəsində bir körpü rolunu oynayır.
Bəli, qloballaşan dünyada fərqli dillərə yiyələnmək gənc nəslin həm dünyagörüşünü genişləndirir, həm də onları müxtəlif mədəniyyətlərlə tanış edir, ədəbiyyata universal baxış formalaşdırır. Şekspir kimi dahilərə müraciət isə bu prosesdə xüsusi əhəmiyyət daşıyır, çünki bu yaradıcılıq nümunələri həm bədii dəyər, həm də düşüncə məktəbidir.
Belə tədbirlərdən bu qənaətə gəlmək olar ki, bu layihələr təhsil prosesində mühüm rol oynayır; şagirdlərin yalnız dil bacarıqlarını deyil, həm də dünya ədəbiyyatına marağını artırır.
Hər zaman bir-birindən maraqlı layihələrə imza atan, tədbirləri yüksək səviyyədə təşkil olunan Sumqayıt şəhər 22 saylı tam orta məktəbdə bu dəfə də xüsusi bir ruh və yüksək estetik zövqlü tədbirin iştirakçısı olduq. Həqiqətən də gözəl və yaddaqalan bir gün idi. Və inanırıq ki, bir müddət tədbirin xoş təəssüratı ilə yaşayacağıq...
*** Fürsətdən istifadə edib, mənə doğma olan məktəbin direktoru Tahirə xanım Səfərova başda olmaqla, işgüzar pedaqoji kollektivi və dəyərli şagirdləri ürəkdən təbrik edir, yalnız və yalnız uğurlar diləyirik! 















Aygün Hacıyeva,
Jurnalist, yazıçı-jurnalist