AVRO-2024-ün seçmə mərhələsinin ikinci oyununda İsveçlə qarşılaşan Azərbaycan millisi 5:0 hesabı ilə məğlub olub.
XeberTıme.az xəbər verir ki, Stokholm şəhərindəki “Friends Arena”da baş tutan qarşılaşmada hesab 38-ci dəqiqədə açılıb. İsveç seçməsinin təcrübəli yarımmüdafiəçisi Emil Forsberq fərqlənib. Meydan sahibləri 65-ci dəqiqədə fərqi iki topa çatdırıblar. Bu dəfə Bəhlul Mustafazadə topu öz qapısına göndərərək, avtoqola imza atıb.
Bununla kifayətlənməyən skandinaviyalılar sona yaxın daha 3 dəfə fərqləniblər. 79-cu dəqiqədə Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson, 89-cu dəqiqədə isə Antoni Elanqa adlarını tabloya yazdırıblar.
Beləliklə, üç gün əvvəl Avstriyaya məğlub olan Azərbaycan millisi ardıcıl ikinci oyununda böyük hesabla məğlub olub.
Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını iyunun 17-də “Dalğa Arena”da Estoniya seçməsinə qarşı keçirəcək.
“XeberTıme.az"