SON DƏQİQƏ

Yığma komandamız XXXII Avropa çempionatına uğurla başlayıb- FOTO

Tarix:14-06-2023, 08:07

Artıq xəbər verildiyi kimi, iyun ayının 9-da Moldovanın paytaxtı Kişinyov şəhərində Qol güləşi üzrə XXXII Avropa çempionatı start götürüb. Azərbaycan yığma komandası bu yarışda cəmi 5 nəfərlik idmançı heyəti və bir nəfər federasiyanın nümayəndəsi (Rüfət Devricov) ilə təmsil olunur. Buna baxmayaraq, idmançılarımız çempionatın ilk final günündə artıq çox yüksək nəticələr əldə ediblər. Yığma komandamızın üzvləri İbrahim Cəlilov (45 kq), Rüfət Mustafayev (50 kq) və İsmayıl Mustafayev (65 kq) sol qolda keçirilən görüşlərdə bütün rəqiblərinə qalib gələrək komandamızın hesabına 3 qızıl medal yazdırıblar. Daha bir idmançımız, gənclər arasında ən ağır çəki dərəcəsində çıxış edən Tərxan Müzəfərov isə fəxri kürsünün III pilləsində qərarlaşaraq, komandanın aktivinə 1 bürünc medal əlavə edib.
Beləliklə, Qol güləşi üzrə Azərbaycan yığma komandası XXXII Avropa çempionatına uğurla başlayıb və artıq öz hesabına 3-ü qızıl və 1-bürünc olmaqla ümumilikdə hələlik 4 medal yazdırıb. Bu münasibətlə bütün idmançılarımızı ürəkdən təbrik edirik və hər kəsi onların uğurlarına ürəkdən sevinməyə çağırırıq. 
Bu gün isə qol güləşçilərimiz öz güclərini sağ qolda sınayacaqlar. İnanırıq ki, ikinci final günündə idmançılarımızın nailiyyətləri daha da yüksək olacaq.
Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirik ki, 65 kq çəki dərəcəsində çıxış edən İsmayıl Mustafayev həm yarımfinal, həm də final qarşılaşmalarında erməni idmançıları ilə üz-üzə gələrək onları məğlub etmişdir.
Bir daha bütün idmançılarımıza uğurlar diləyirik və onların növbəti medallarını səbirsizliklə gözləyirik. Bizim uğurlarımız Ölkəmizin uğurudur, xalqımızın uğurudur, dövlətimizin uğurudur!
Cəsarət Əhmədov,
AQGF-nın prezidenti

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ