SON DƏQİQƏ

Qəlblərdə yaşayan insan

Tarix:3-05-2021, 09:12

Azərbaycan ictimaiyyətinə ağır itki üzv vermişdir. Tanınmış ictimai xadim, uzun illər rəhbər vəzifələrdə ləyaqətlə,  şərəflə işləmiş Zöhrab Məmmədovun  haqq dünyasına  qovuşmasından 40 gün keçir.Zöhrab Əsəd oğlu Məmmədov 17 fevral 1941 - ci ildə  Tərtər  rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 
Uşaqlıq  və yeniyetmə illəri müharibə dövrünə təsadüf etmiş və rayonun başı papaqlı kişiləri  1941- ci illərdə cəbhəyə göndərilmişdir.
Çox çətin ,  keşməkeşli , ağır  bir dövrdə orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini uğurla davam etdirmişdir.
Azərbaycan Kənd  Təsərrüfatı institutunu ( indiki Aqrar Universiteti ) bitirərək iqtisadçı ixtisasına  yiyələnmişdir. Komsomol məktəbini keçmişdir.
Tərtər rayon komsomol komitəsinin katibi, sonra isə rayon qəzetinin redaktoru  vəzifəsində çalışmışdır. Yuksək təşkilatçılıq bacarığı nəzərə alınaraq Zohrab müəllim partiya işinə irəli çəkilmişdir.Rayon Partiya komitəsində şöbə müdiri vəzifəsində işləmişdir.
Ulu öndər Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi  dövrdə Zöhrab Məmmədov 
1972 ci ildə Azərbaycan Respublikası  Tərtər rayon Partiya Komitəsinin katibi  vəzifəsinə təyin olunmuşdur. 
1975 -ci  ilə qədər bu vəzifədə ləyaqətlə çalışdıqdan sonra  1975-1977-ci illərdə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitənin nəzdindəki Ali Partiya məktəbində təhsil almışdır.
Öz bacarığı və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq  1977-1980-ci illərdə Zöhrab Məmmədov  Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsində  təlimatçı vəzifəsində çalışmışdır.
Azərbaycan KP MK - nin Birinci Katibi Heydər Əliyev   təcrübəli iqtisadçı olan Zöhrab müəllimin təşkilatçılıq qabiliyyətini  nəzərə alaraq onu  daha məsul vəzifəyə təyin etmişdir.
Belə ki, Zohrab Məmmədov 1980-1985-ci illərdə Qubadlı rayon Partiya Komitəsinin  birinci katibi vəzifəsində ləyaqətlə işləmişdir. İşlədiyi müddətdə Qubadlı rayonunda geniş tikinti- abadlıq -quruculuq işləri görülmüş, kənd arası yollar cəkilmiş, kənd təsərrüfatı, xüsusilə  heyvandarlıq sahəsi  inkişaf etdirilmiş, əhalinin dolanışığı xeyli yaxşılaşdırılmışdır. Zöhrab Məmmədov 
1985-1990-ci illərdə Abşeron rayonu Partiya Komitəsinin  birinci katibi vəzifəsində çalışmışdır. Yüksək insani keyfiyyətlərə  malik olan Zöhrab Məmmədov  harada işləməsindən asılı olmayaraq dürüstlüyü, sadəliyi, mərdliyi, bacarığı,  tələbkarlığı və insanlara olan diqqət və qayğısı ilə seçilmiş və Respublikada  dərin  hörmət  və nüfuz qazanmışdır.
1990-1991-ci illərdə Azərnəşrin redaktoru olmuşdur Zöhrab müəllim sonralar  Azərbaycan 
Respublikası Prezidenti  yanında Ali Nəzarət inspeksiyasının Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru vəzifəsində  işləmışdır. Bundan əlavə Zöhrab Məmmədov 
Respublika  Əmlak Komitəsində də  bir sıra vəzifələrdə çalışmışır. “Ay-Ata” ASC-nin idarə heyətinin sədri olmuşdur.
Zəngəzur Cəmiyyətlər Birliyinin Ağsaqqallar Şurasının sədri, ictimai siyasi dövlət xadimi,  müstəqillik aktını ilk imzalayan  millət vəkillərindən biri olmuş  Tofiq Mehdiyevin dediklərindən;- 
Zöhrab Məmmədov Zəngəzur Cəmiyyətlər Birliyinin İdarə Heyətinin fəal üzvlərindən idi. Gənclik dövrümüzdən  bir - birimizə bağlı dost olmuşduq.
İstər Tərtərdə, istərsə də Qubadlı və Abşeron rayonlarında işlədiyi dövrlərdə çalışqanlığı ilə həmişə  el -oba arasında böyük  hörmət qazanıb.
Şüurlu həyatını, bilik və bacarığını xalqımızın rifahının yaxşılaşmasına , dövlətimizin daha da möhkəmlənməsinə həsr etmişdir.
Qubadlı rayonuna rəhbərlik etdiyi dövrdə rayonun siması dəyişilmiş , iqtisadiyyatı daha da möhkəmlənmişdir. Əsl zəhmət adamıydı.
Sovet hökuməti dövründə mənfur   qonşularımız- Qafan , Görüş və Sisiyan rayon rəhbərlərinin torpaq iddialarına, fitnəkar hərəkətlərinə qarşı mübariz olmuş və paxıl qonşular Zöhrab Məmmədovun   cəsarətli, məntiqli sözünün qabağında hər dəfə susmağa məcbur olmuşlar. 
Qubadlı rayon partiya Komitəsində məsul vəzifələrdə işləmiş , tarixçi, tədqiqatçı Razim Əliyev yaxın dostunun dəfn mərasimində ürək ağrısıyla  etdiyi  dost çıxışı hər kəsi çox  təsirləndirdi.
Ehtiyatda olan polkovnik- leytenant Sucəddin  Abdullayevin dediklərindən: 
- General Məhəmməd Əsədovla Zöhrab Məmmədov yaxın dost idilər.Hər ikisi xalqını, dövlətini sevən  şəxsiyyətlər idi.
Son dövrdə ölkədə gedən ictimai siyasi vəziyyəti təhlil edərək deyərdi;-  Mən inanıram ki, Ölkə Prezidenti , Ali Baş Komandan İlham Əliyev qısa bir vaxtda torpaqlarımızı zor gücünə də olsa, yağı taptağından azad edəcək, onda ermənilər də çox peşiman olacaqlar. Həqiqətən də Zöhrab Məmmədovun mudrikcəsinə dediyi sözlər  çin oldu. 
Şanlı ordumuz qələbə qazanaraq yurdumuzu  erməni quldur dəstələrindən azad etdi.
Doğma torpaqlarımızın, xüsusilə doğulduğu Tərtər rayonunun işğaldan azad olunan ərazilərini, eləcə də vaxtilə işlədiyi  Qubadlı rayonunun düşmən  taptağından azad edilməsi onu sonsuz dərəcədə sevindirirdi.
Arzusu  vaxtilə işlədiyi Qubadlını qarış-qarış gəzmək,  Həkəri və Bərgüşad çayını seyr edərək doğma el- oba ilə birlikdə mehriban görüşmək idi.
Zöhrab Məmmədov gözəl ailə başçısı idi.
Vətənpərvər övladlar böyüdürək  boya- başa çatdırmışdır. Yaxşı yadımdadır. 
Qəzetimizin təsisçisi və baş redaktoru olmuş yazıçı, aqronom, dövlət qulluqçusu təqaudçüsü olmuş Hacı Əli Xankişiyevin 70 illik yubileyində Zöhrab müəllimin çıxışı qələm adamlarına olan sonsuz ehtiramın bariz nümunəsi idi.
Bu gün Əli müəllim də,  Zöhrab müəllim də  xatirəmizdən silinmir. Çünki xalqını, vətənini , dövlətini sevən, əqidəsi saf olan insanlar xalqın gözündə ən uca zirvədə dayanırlar.
Zöhrab Məmmədovun 80 illik yubileyi yenicə qeyd edilmişdi.
Gəlimli gedimli dünyada hər kəs müvəqqəti ömür yaşayır. Yaxşı ad qazanmaq, xalqın hörmətini, ehtiramını  qazanmaq isə hər kəsə nəsib olmur. Zöhrab müəllim yaxşı ad qazanmış ağır taxtali kişilərdən idi.
24 mart 2021-ci ildə amansız ölüm onu da  haqladı və  beyin xərçəngindən vəfat etmişdir. Pandemiya dövrü ərəfəsində  bu xəbər dostları, doğmaları çox sarsıtdı. 
Zöhrab müəllimə Allahdan rəhmət diləyir,  ailə üzvlərinə, oğlu Şəhriyar qardaşımıza, doğmalarına uca Rəbbimizdən  səbr diləyirik .
Son dərəcə  vətənpərvər,  dosta sədaqətli ziyalı olan Zöhrab Məmmədov  haqq dünyasına qovuşsa da , onun gördüyü  xeyirxah işləri heç zaman  unudulmayacaq və onu tanıyan dostlarının, əzizlərinin, el- obamızın  yaddaşından uzun illər  silinməyəcəkdir.
Ruhun şad olsun Zöhrab müəllim.

Rauf İlyasoğlu.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ