SON DƏQİQƏ

"Azərişıq" ASC-nin 5 əməkdaşı şəhid olub

Tarix:2-12-2020, 18:12

Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən Müharibəsi nəticəsində 28 illik həsrətə son qoyularaq işğal altındakı torpaqlar azad edilib. Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında “Azərişıq” ASC-nin əməkdaşları da böyük şücaət göstərib.
XeberTıme.az  bildirir ki, ASC-dən verilən məlumata görə, Vətən Müharibəsində Səhmdar Cəmiyyətin ümumilikdə 293 əməkdaşı iştirak edib, onlardan 5-i şəhid olub, 17-si isə yaralanıb.

Şəhid energetiklərdən biri “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1990-cı il təvəllüdlü İbrahimov Atiq Ariz oğludur. Qəhrəman Atiq İbrahimov Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.

“Şimal” RETSİ-nin İzolyasiya test, Rele Mühafizəsi və Avtomatika (RMA) Xidmətinin RM üzrə mühəndisi 1995-ci il təvəllüdlü Məmmədov Murad Yusif oğlunun da adı şanlı tarix yazan qəhrəmanlarınmız sırasındadır. O, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib və şəhid olub. Azərbaycan Texniki Universitetinin TEMPUS layihəsi çərçivəsində elektroenergetika mühəndisliyi üzrə ali təhsil alıb.

“Cənub” RETSİ-nin Lənkəran ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1993-cü il təvəllüdlü Həbibi Şəhriyar Vidadi oğlu Qubadlı–Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. O, Bakı Dövlət Universitetində (BDU) fizik ixtisasına yiyələnib.

“Şirvan” RETSİ-nin Salyan ETSİ-nin paylayıcı şəbəkə sahəsinin mühəndisi 1993-cü il təvəllüdlü Həsənli Elçin Vaqif oğlu Şuşa şəhəri uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Qəhrəman şəhidimiz Azərbaycan Texniki Universitetinin bakalavr və magistr dərəcəklərini fərqlənmə ilə bitirib, şəhid olana qədər aspiranturada qiyabi təhsil alırdı.

“Qərb” RETSİ-nin Ağstafa ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi 1994-cü il təvəllüdlü Hüseynli Əliheydar Səlahəddin oğlu da 44 gün müddətində vətən torpaqlarımızın işğaldan azad edilməsi üçün böyüş şücaət göstərib və Xocavənd uğrunda döyüşlərdə şəhid olub. O, Azərbaycan Texniki Universitetində təhsil alıb.

Şəhid olan “Azərişıq” əməkdaşlarından Əliheydər Hüseynli və Elçin Həsənli nişanlı olub. Əliheydər Hüseynlinin atası 2018-ci ildə, Şəhriyar Həbibinin atası isə 2008-ci ildə vəfat edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ