SON DƏQİQƏ

Ağstafada şəhidlərin adına inşa olunmuş bulaq kompleksinin açılışı olub

Tarix:19-05-2021, 14:57

Bu gün Ağstafa rayonunun Həsənsu kəndində şəhidlərin adına inşa olunmuş bulaq kompleksinin açılışı olub.
 “XeberTıme.az” 
xəbər verir ki, kənd ərazisində tikilmiş bulağın açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa rayon filialının üzvləri, bir qrup ictimaiyyət nümayəndəsi, şəhidin ailə üzvləri, doğmaları iştirak ediblər.

Əvvəlcə şəhidlərin ruhuna dua oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov açılış mərasimində çıxış edərək Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərilir. Respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həll olunması, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları təşkil edir.

Rayon rəhbəri bildirib ki, bu gün bizlər azad şəkildə müstəqil və suveren bir dövlətdə yaşayırıqsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsindədir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən, igid Vətən oğullarının qəhrəmanlığından danışan icra başçısı həmin müharibə sayəsində işğal altında olan torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını, qisaslarının alındığını vurğulayıb. “Bütün şəhidlərimiz bizim üçün əzizdir, doğmadır, onlar bizim qürur yerimizdir”, - deyən rayon rəhbəri ona görə də hər bir azərbaycanlının şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalı olduğunu qeyd edib.

İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Ağstafada da şəhid ailələrinə hər zaman xüsusi qayğı göstərildiyini qeyd edib, bu sahədə görülən məqsədyönlü işlərdən söz açıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşdığını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını, yenilənməsini, əsaslı şəkildə təmir edilməsi istiqamətində görülmüş işləri, şəhidlərimizə olan hörmət və etiramın əyani göstəricisi kimi qeyd edib. Şəhidlərin adlarına yeni bulaq komplekslərinin inşa olunaraq rayon sakinlərinin istifadəsinə verilməsini şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi qiymətləndirib. Bildirib ki, bu cür bulaqların inşa olunmasında əsas məqsəd şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın suyundan içən hər bir kəs şəhidin ruhuna dua oxumaqla bərabər həm də onun haqqında məlumatlanmış olur.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev rayonda görülmüş işlərə, xüsusilə də şəhid ailələrinə göstərdiyi diqqətə görə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova bütün ağstafalılar adından sonsuz minnətdarlığını bildirib. Bulaqların qarşısından keçən minlərlə insanın bulağın tikilməsinə görə sonsuz minnətdarlıq bildirdiyini, adını daşıyanlara isə Allahdan rəhmət dilədiyini qeyd edib.

Ələddin Kəsəmənli
Foto: Eynur Hümbətov


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ