SON DƏQİQƏ

Ağlayan Qəlbimin Damlaları

Tarix:31-07-2021, 10:08

Oğlum Talehə ithaf etdimElegiya
Ey taleyim, nədir səndən çəkdiyim?
Rüzgarların nə sərt əsdi, ay aman.
Bir qızılgül qönçəsiydi əkdiyim,
Bəs bu nədir, bu nə xəzan, nə duman?!
Gözümün həm ağı, həm qarasıydı,
Göy üzünə köçüb getdi Talehim.
Səmamın günəşi, ayparasıydı,
Bulud gəldi, gözdən itdi Talehim.
Yollarıma yağış yağdı, yel oldu,
Ağlamaqdan göz yaşlarım sel oldu.
Elə bil ki, dünən idi, il oldu!
Bu da bir həyatdı, bitdi, Talehim!
"Analar yanar ağlar,
Günlərin sanar ağlar.
Dönüb göy göyərçinə,
Yollara qonar ağlar.
Ağlayan başdan ağlar,
Kirpikdən, qaşdan ağlar.
Oğlu ölən analar
Durar obaşdan ağlar."
Birinci damla
Bu nə rüzgar, bu nə qar,
Qulaq verin, a dağlar.
Dərdim yaman böyükdü,
Qucaq verin, a dağlar.
Derdin anası mənəm,
Odda yanası mənəm!
Alışıb yanır sinəm 
Bulaq verin, a dağlar.
İkinci damla
Yadigarın böyüyür,
Gözün aydın, can bala.
Baş daşından boylanan
Şəklinə qurban, bala.
Anan qəmdən havalı,
Öz bəxtiylə davalı.
Cavanşirdən nə xəbər?
Necədir atan, bala?
Sənə namə yazıram,
Oxuyasan, gül balam.
Qəbrin üstə ağlayır
Neçə çiçək, gül, balam.
Üçüncü damla
Ay Allahım, dözüm ver,
Dözəmmirəm bu dərdlə.
Torpağın üzərində
Gəzəmmirəm bu dərdlə.
Ana üçün ağırdır,
Dərd sinəmi ağrıdır.
Göz yaşlarım sel oldu,
Ayım, günüm il oldu.
Taleyim düyün-düyün
Çözəmmirəm bu dərdlə.
Dördüncü damla
Günlərin bir günü
Getdi Talehim.
Getdi şəhid qardaşlarının yanına,
Mənim igid, qəhrəman, vətənpərvər övladım.
Ağ göyərçinə döndü,
Gözdən itdi Talehim!
Anan qurban, ay oğul,
Yerin yaman görünür.
Adın gəldikcə qəlbim
Dərd kədərə bürünür.
Ətrinin təşnəsiyəm,
Vaxtsız solan çiçəyim.
Sanki kaman səsiyən,
Qan ağlayır ürəyim.
Beşinci damla
Ümidiydin, pənahıydın ananın.
Qəfil gedişinlə yazım qış oldu,
Ürəyim yaralı, küskün quş oldu.
İndi yadigarın Memidir, oğul,
O, yarama məlhəm kimidir, oğul.
Bir zaman böyüyüb ailə quracaq,
Oğlunun adını Taleh qoyacaq.
Mənim gözəl balam, ruhun şad olsun,
Bu şerim ruhuna ərmağan olsun.
Altıncı damla
Göz yaşlarım göl oldu.
Gün keçdi, ay dolandi,
Aylar gəlib il oldu.
Göz yaşlarım sel oldu.
Fikrimdədir xəyalın,
Üzü dönsün məlalın.
Ay Talehim, vüsalın
Qəlbimdə nisgil oldu.
Azadəyəm, qəlbi qan,
Gözümdən düşüb cahan.
Sən ey böyük Yaradan,
Ürəyim çil-çil oldu!
Yeddinci damla
Dastan yazım, şeir deyim adına,
Təsəllimi kimdə tapım, Talehim.
Elə yandım atəşinə, oduna,
Bağlı qaldı açıq qapım, Talehim.
Adın əzbər olub dildə, dodaqda,
Bir bülbüləm, tək qalmışam budaqda.
Fikir atıb azıb qalıb uzaqda,
Bilməm onu hara çapım, Talehim!
Səkkizinci damla
Yollarımı duman tutub,
Dərd aparıb, aman tutub,
Bu ah məni yaman tutub,
Bu dərdə dözə bilmirəm.
Çiynimdə dağların yükü,
Qəlbimdədir dərdin kökü,
Yox dərdimə ölçü, çəki,
Bu dərdə dözə bilmirəm.
Bağbanam, bağım saralıb,
Ulduzum, ayım qaralıb,
Dağların başın qar alıb,
Bu dərdə dözə bilmirəm.
Yanına gələ bilmirəm............,...((((((((((((


Hacı Azadə-Taleh Abbasqızı


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ