SON DƏQİQƏ

Gənc qrafik rəssam Leyla Qəhrəmanovanın “İşıq” adlı fərdi sərgisi gələn qonaqları heyran etdi- FOTO

Tarix:27-10-2021, 11:56

23 oktyabr 2021- ci il tarixində gənc qrafik rəssam Leyla Qəhrəmanova İlham qızının “İşıq” adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir.                                                                   
Gənc rəssam artıq 8 ildir ki, peşəkar rəssamlıqla məşğul olur. Sərgi “Art DiCafe” adlı incəsənət kafesində açıq səma altında baş tutmuşdur. Sərgidə gənc rəssamın təsviri incəsənətin rəngkarlıq və qrafika növlərinə aid  25-dən artıq müxtəlif rəsm əsərləri nümayiş olunmuşdur.
 Leyla Qəhrəmanovanın əsərləri janr və üslub baxımından gələn qonaqlar arasında böyük marağa səbəb olmuşdur. Xüsusi ilə gənc rəssamın qrafika sənətinin linoqravür, illüstrasiya növlərinə aid əsərləri  işləmə texnikası və mövzu seçiminə görə  fərqlənir. Eyni zamanda  sərgidə rəssamın  zəngin palitrası ilə rəngkarlığın natürmort, portret, mənzərə, veduta janrına aid rəsmləri də yer almaqdadır. Eqzotik məkanın sehri rəsm əsərlərinin ahəngi ilə xüsusi vəhdət daşımıdır. Sərgidə nümayiş olunan əsərlər  “Sakura”, “Lampa”, “Ruhum”, “Balıqçı”, “Günəbaxanlar tarlası”, “Kəlbəcər alban kilsəsi”, “İçəri şəhər”, “Taksi”, “Yasəmənlər” fərqli texnikada işlənmiş əsərlərdir. Rəssam eyni zamanda vətənpərvər ruhlu  mövzulara müraciət etmişdir. Gənc rəssamın  əsərləri arasında portret janrında işlənmiş   şəhid Həsənağa Abdullazadənin portreti xüsusi maraq və diqqətə səbəb olmuşdur.
Sərginin açılış nitqini söyləmək üçün Rəssamlar İttifaqının üzvü, Odlar Yurdu Universitetinin dizayn kafedrasının müəllimi, rəssam-dizayner, sənətşünas Vəfa Yüzbaşıyevaya həvalə olunmuşdur. Qonaq qismində Leyla xanımın təhsil aldığı Rəssamlıq Akademiyasının Təsviri incəsənət bölməsinin dekanı, Rəssamlar İttifaqının üzvü,  dosent Sevinc Ələsgərova və sənətşünas İbrahimov Anar iştirak etmişdir. Onlar   Leyla xanımın əsərləri və yaradıcılıq fəaliyyəti haqqında öz fikirlərini bildirmişdilər. Sərginin baş tutmasında əvəzsiz rolu olan və 8 il peşəkar yaradıcılıq yolunda daim ona  dəstək olan, rəssamlığın sirlərini öyrədən qrafik rəssam,  Rəssamlar İttifaqının üzvü, Karikaturalar İttifaqının üzvü Emilya Axundova tələbəsi haqqında öz səmimi fikirlərini paylaşdı və sonda ona diplom təqdim etdi. Leyla xanımın atası İlham Qəhrəmanov isə qızının yaradıcılıq yolunda daim ona dəstək olduğunu və hər uğuruna sevindiyini qonaqlarla bölüşdü. 
Gənc rəssama yaradıcılıq yolunda yeni-yeni uğurlar arzu edirik. 
 
XeberTime.az
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ