SON DƏQİQƏ

Vətən müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə həsr olunmuş I Respublika turniri keçirilib-FOTOLAR

Tarix:18-11-2021, 14:51

Vətən müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə I Respublika turniri keçirilib.
17 noyabr 2021-ci il tarixində Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə Biləsuvar Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidi İqbal İlqar oğlu Astanlının xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə I Respublika turniri keçirilib.
Əvvəlcə şəhidin xatirəsinə ucaldılmış xatirə lövhəsinin önünə gül-çiçək dəstələri qoyulub. Turnirin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Tural Əliyev, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhidin valideynləri və yaxınları iştirak edib. 
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi Tural Əliyev, şəhidin babası Əliyar Astanov, şəhidin atası İlqar Astanov və şəhid Cəfərzadə İsrayılın atası Cəfərov Namiq çıxış edərək bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda başlanan Vətən müharibəsində Biləsuvar rayonundan yüzlərlə gənc könüllü olaraq əlinə silah alıb 30-ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşə yollandı. 44 gün ərzində qəhrəmancasına döyüşərək canı-qanı bahasına işğala son qoyan biləsuvarlı igidlərimizin 69 nəfəri şəhidlik zirvəsinə yüksəldilər. Onların arasında hamımızın yaxşı tanıdığı sərbəst güləş üzrə Azərbaycan çempionu İqbal İlqar oğlu Astanlıda Vətən yolunda döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bugün keçirilən yarış İqbal Astanlının timsalında bütün şəhidlərimizə həsr olunur.
Sonra yarışa start verilib. Astara, Lənkəran, Masallı, Cəlilabad, Bakı-Zenit, Bakı-Olimp, Sumqayıt, Abşeron və Biləsuvar komandalarının ümumilikdə 100 nəfərə yaxın idmançıları arasında gərgin və maraqlı keçən görüşün sonunda qaliblər müəyyən edilib. 
Mükafatlandırma mərasimində qalib idmançılara Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin diplom, medal və qiymətli hədiyyələri təqdim edilib.
Yaxından göstərdikləri dəstəyə görə Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev tərəfindən rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətova, hüquq-mühafizə orqanlarının rəhbərlərinə sertifikatlar təqdim olunub.

“XeberTıme.az” 

 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ