SON DƏQİQƏ

Zabit ruhunun böyüklüyü

Tarix:11-12-2020, 20:44

Zabit ruhunun böyüklüyü və qüdrəti istənilən artileriyyadan daha təsirli, bütün zirehlərdən daha möhkəmdir. 
Ruhundakı bu böyüklük və qüdrət ilə öz əsgərlərini də ruhlandıran zabitlərimizdən biri də Polkovnik Eldəniz Firuddin oğlu Namazovdur. Azərbaycanın vətənpərvər oğlu 1978 –ci il  iyunun 27-də Qazax rayonun Abbasbəyli kəndində anadan olub. Eldəniz Namazovun məktəb illəri 1-ci Qarabağ savaşının başlandığı, alovlandığı və torpaqlarımızın itirildiyi dövrə təsadüf etdiyindən baş verən proseslər onun gələcək taleyinə təsir etməyə bilməzdi. Eldəniz Namazovun dayısı və özündən yaşca böyük olan iki qardaşı da 1-ci Qarabağ savaşında işğalçı erməni hərbi qüvvələrinə qarşı mərdliklə vuruşaraq, şərəfli Qazi adına laiq görülmüşdülər. 
Həmin ağır illərdə ölümündən sonra Azərbaycanın Milli Qəhramanı adına laiq görülən Allahverdi Bağırovun ağlı, zəkası, vətənpərvərliyi və mərdliyi dillərə dastan idi. Bəlkə də bu səbəbdən Eldəniz Namazov böyüyəndə onun kimi vətəninə, xalqına laiqli övlad olmaq, onun kimi Azərbaycanın tarixinə öz adını yazmaq arzusu ilə alışıb yanırdı. Vətən eşqi, itirilmiş torpaqlarımızı geri almaq istəyi Eldəniz Namazovun hərb sənətinə olan sevgisini artırır və o qərar verir : Mən zabit olacam ! 
Hərb sahəsi - yuxusuz gecələr, isti, yağış, qar, palçıq demədən ağır təlimlər və mümkün ola biləcək silahlı mübarizə və ölüm təhlükəsi deməkdir. Bu səbəbdən də hərb sahəsini könüllü seçmək hər oğulun işi deyil. Bəzən də valideyinlər övladlarının hərbidən uzaq durmağı, başqa sahəni seçməyi məsləhət görürlər. Lakin Eldəniz Namazov vətənini sevən bir ailədə böyüyüb, tərbiyə almışdı. O ata-anasının xeyir duası ilə şərəfli zabit peşəsini seçir və bundan bir an belə peşman olmur. 
Ali hərbi təhsil aldıqdan sonra peşəkar zabit kimi fəaliyyəti dövründə Mayor Eldəniz Namazov “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilir. Lakin bu, hələ başlanğıc idi... 
1994-cü ildə atəşkəs elan olunandan sonra Azərbaycan öz hərbi qüdrətini ildən – ilə artırmağa başladı. Bu hərbi inkişaf Prezident, Ali baş Komandan İlham Əliyevin hakimiyyətə gəlişindən sonra özünü daha çox biruzə verdi. Ordumuzun büdcəsi ilə yanaşı hərbi arsenalı, silahlı qüvvələrimizin peşəkarlığı, fiziki və psixoloji hazırlığı ildən ilə gücləndi... Bu illər ərzində Ermənistan rəhbərliyi öz xalqını və dünyanı “məğlubedilməz erməni ordusu”-nun nağıllarına inandırmaqla məşğul idi. Ermənilər son günlərə qədər inanırdılar ki, Azərbaycan ordusu 90-cı illərdəki pərakəndə döyüşçülər səviyyəsində qalıb. Siyasi arenalarda Azərbaycanın mehriban qonşuluq, qarşılıqlı inkişaf və topraqların sülh yolu ilə qaytarılması təkliflərinə erməni tərəfi “qəhraman” ordusuna və siyasi havadarlarına tam əmin olaraq -yox cavabı verirdi. Hələ daha da harınlayaraq Qarabağ Ermənistandır -kimi mesajlar verməyə başladılar... 
Aprel döyüşləri, Tovuz istiqamətindəki döyüşlər və nəhayət 27 sentyabr 2020-ci il tarixində cəbhədəki erməni təxribatı Azərbaycanın səbrini tükəndirdi. Artıq geriyə yol yox idi. Eldəniz Namazov kimi Azərbaycan oğulları -ya Şəhadət, ya Hürriyət deyərək, Ali Baş Komandanın əmrini gözləyirdilər. 
Əmr verildi : İrəli ! Bütün işğal altındakı torpaqlarımız azad olunanadək irəli ! 
   Həmin gün bəlkə də Eldəniz Namazovun illərlə qəlbini ağrıdan arzusunun həyata reallaşdığı gün idi. Azərbaycan ordusu bütün cəbhə boyu hücuma keçdi. Polkovnik Eldəniz Namazovun döyüş yolu Cəbrayıl, Fizuli, Hadrut və Şuşanın azad olunmasında keçir.   Noyabrın 8-də Qarabağın alınmaz qalası olan Şuşanın Müzəffər Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülməsilə Ermənistan təslim oldu və kapitulyasiyaya imza atdı. Növbəti günlərdə isə döyüşlərdə rəşadət göstərən Azərbaycan zabiti, polkovnik Eldəniz Namazov Kəlbəcərin təhvil alınmasında şəxsən iştirak edir. 
Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir çox hərbi qulluqçularını müxtəlif orden və medallar, fəxri adlarla təltif etdi. Onların içərisində polkovnik Eldəniz Namazov da var idi. Azərbaycanın vətənpərvər oğlu, ölkəmizin tarixinə adını yazdıraraq Vətən müharibəsinin qalib zabiti kimi “Qarabağ Ordeni” ilə təltif edilib....
Polkovnik Eldəniz Namazov Allahdan şəhidlərimizə rəhmət diləyir və fəxarətlə bildirir ki, 44 günlük müharibədə işğalçı ermənilərə laiqli cavab verərək, 90-cı illərdəki məğlubiyyət və işğal ləkəsini alnımızdan sildik. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm prezident, cənab Alı Baş Komandanımızın rəhbərliyi altında savaşmaq və qələbə qazanmaq təsəvvür edilməyəcək dərəcədə gözəl bir hissdir.
Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Ordusu!!!
QARABAĞ AZƏRBAYCANDIR !!!
Cənab Polkovnik ! Biz də, sadə Azərbaycan vətəndaşı olaraq sizinlə və sizin kimi oğullarla fəxr edirik....

Şəfaqət Vəliyeva                                                                                                      Xeberlertv.info saıtının rəhbəri


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ