SON DƏQİQƏ

Heydər Əliyev siyasətinin təntənəsi

Tarix:12-12-2020, 13:07

Əkbər Yusifoğlu- Hər bir xalqı dünya miqyasında tanıtdıran həm də onun fenomen şəxsiyyətləridir. 
XX əsr bəşəriyyətə bir çox  görkəmli dövlət xadimləri, müdrik siyasətçilər bəxş etmişdir. Azərbaycan xalqı fəxr edir ki, zəmanəmizdə onun da Heydər Əliyev kimi dünya şöhrətli siyasət və dövlət xadimləri sırasında layiqli yer tutmuş dahi rəhbəri olmuşdur
Belə şəxsiyyətlərin müdrik ideyaları millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun dünya miqyasında özünəməxsus yer tutmasını təmin edir. Bu ideyalar dərin məzmunu ilə cəmiyyətdə monolitliyin aparıcı amili rolunu oynayır. Ulu Öndər Heydər Əliyev də belə fenomen lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, bu qeyri-adi xüsusiyyəti sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, siyasi prosesləri yönəltmək məharətilə, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı ilə xalqın dərin etimadını qazanmışdır.
 
Tariximizin milli liderlər salnaməsində xüsusi mövqeyi ilə seçilən Ulu Öndər Heydər Əliyev sonrakı dövrdə xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaltdı. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır
Prezident Heydər Əliyevin rəhbərliyi ilə hüquqi və ­sivil dövlət quruculuğu prosesi başlandı. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi. Dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı.  Bütün bunlar məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün oldu.
Xalqımızın dahi oğlu Heydər Əliyev  tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə, dünya xalqlarının iqtisadi, mədəni yüksəlişinə, onların arasında mehriban münasibətlərin dərinləşməsinə sərf edirdi.  Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək yolu dünyanın Şərqi ilə Qərbini yenidən birləşdirdi və bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi. Ümummilli lider Heydər Əliyevin iqtisadi siyasəti Azərbaycanı regionun qüdrətli dövlətinə çevirmişdir
“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsini və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi. Bu beynəlxalq əməkdaşlıq  xarici investorların ölkəmizə axınını sürətləndirdi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin  bağlanmasına güclü təkan verdi.                    
Bütövlükdə, Azərbaycan dövlətinin İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün qazandığı bütün uğurlar həm də Heydər Əliyev siyasətinin təntənəsidir. Bu siyasət daim yaşayacaq, Azərbaycan dövlətinin qüdrətlənməsinə, xalqımızın rifahına xidmət edəcək.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, xatirəsi hər gün hörmətlə anılır.

Əkbər Yusifoğlu                                                                                          Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü                                                  Tanınmış vəkil

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ