Xalqımızın 28 illik torpaq həsrəti Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi sayəsində 44 gün davam edən Vətən müharibəsi ilə sona çatdı.
Doğma Qarabağımız işğaldan azad edildi və ərazi bütövlüyümüz bərpa olundu. Artıq doğma Qarabağımızda yenidənqurma və quruculuq işlərinə başlanılıb. Qarabağın baş tacı, mədəniyyət beşiyi, Qafqazın konservatoriyası, yüzlərlə dahi şəxsiyyətlər yetişdirmiş Şuşa şəhəri də işğaldan azad edildi və dövlət başçısının müvafiq sərəncamı ilə Şuşa şəhəri“Azərbaycanın mədəniyyət paytaxtı” elan edildi.Daha sonra 5 yanvar 2022-ci il tarixində cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il“Şuşa ili” elan olundu.Bu məqsədlə “Gənclərin Təşəbbüs Qrupu” və “Dünya Türk Gənclərinin Birliyi” tərəfindən Şuşa ili ilə bağlı silsilə tədbirlərin keçirilməsinə start verildi. Bu tədbirlər planına gənc nəslin Şuşa şəhərində doğulmuş müxtəlif sahələr üzrə tanınmış dahi şəxsiyyətlərimizin həyat və yaradıcılıqları, ictimai-siyasi fəaliyyətləri, keçdikləri şərəfli ömür yolu ilə bağlı maarifləndirilmə, dəyirmi masaların, konfrans, seminarların və mədəni tədbirlərin təşkili daxildir. Bu tədbirlər planına uyğun olaraq 30 yanvar 2022-ci il tarixində Şuşamızın tanınmış və dəyərli simalarından, ziyalılarından biri, türkoloq, ictimai-siyasi xadim, yazar Əhməd bəy Ağaoğluna həsr olunmuş “Əhməd bəy Ağaoğlu gənclərin gözü ilə” adlı tədbirimiz keçirildi. Tədbirdə pandemiya qaydaları nəzərə alınaraq 30 yaxın gənc və orta yaş nümayəndələri iştirak edirdilər. Tədbirdə çıxış edən “Gənclərin Təşəbbüs Qrupu”nun sədri Pərviz Usubov tədbir iştirakçılarını salamladı, sonra tədbir haqqında ümumi məlumatları iştirakçıların diqqətinə çatdırdı. Daha sonra Əhməd bəy Ağaoğlu haqqında danışmaq üçün sözü dəvət olunmuş gənc və istedadlı təlimçi Tural Qarayevə verdi. İki saat davam edən tədbir iştirakçıların qarışılıqlı diskusiyası, müzakirəsi və fikir mübadiləsi ilə davam etdi. Qərara alındı ki, növbəti tədbirlər daha geniş auditoriyada tədqiqatçıların, elm adamlarının, ictimai-siyasi xadimlərin iştirakı ilə təşkil olunsun. Məqsəd gələcəyimiz olan gənclərimizin milli məfkurəli, sağlam düşüncəli, müasir yanaşmalı, yeniliyə açıq bir şəkildə yetişmələrinə töhfə verməkdir.
Nurlan Kərimov"
Gənclərin Təşəbbüs Qrupu"nun katibi