SON DƏQİQƏ

Milli gənclik və yanlış formalaşan düşüncə,əqidə problemi!

Tarix:2-02-2022, 12:39

“Əqidə, amal və məsləki yolunda ölümünə hazır olub da nəfsini fəda edən kim olur-olsun böyükdür” söyləmiş dahi mütəffəkir və tarixi şəxsiyyət M.Ə.Rəsulzadənin tezisi ilə mövzuya başlamaq istərdim. İnsan ömrünün ən məhsuldar, fəal, dinamik  dövrü məhz gənclik illərinə təsadüf edir. Məhz həmin illərdə həyata müstəqil fərd kimi atılmaq, müstəqil düşünmə, qərarvermə, seçim etmə və.s kimi xüsusiyyətlər formalaşmağa başlayır. Bu dövrdə həmin gənclərin həyata baxışları, düşüncələri təmiz,sağlam olmaqla yanaşı  eyni zamanda da müstəqil qərarvermə, seçim etmə kimi xüsusiyyətləri  milli-mənəvi dəyərlərə, ədalətə fokslanmış olur. Ən önəmli dönəmdə elə məhz bu dönəmdir. Məhz bu dönəmdə gənclərimizə diqqət və qayğı artırılmalı, onların asudə vaxtlarını daha səmərəli keçirə bilmələri üçün geniş imkanlar yaradılmalıdır. Çox təəsüf ki, biz bunun tam əksini görürük. Gənclər haqqında dövlət proqramı qəbul olunmasına baxmayaraq hələ də icra mexanizmində bir çox boşluqlar var. Eyni zamanda bu proqram bütövlükdə ölkə gənclərinin tamamını əhatə etmir və bu yaranmış boşluqdan bir sıra qeyri-milli qruplar, cinayətkar şəbəkələr yararlanmağa başlayır. Beləliklə də gənclər yaranmış boşluğu doldura bilmək üçün bu cür qeyri-milli qrupların təsiri altına düşür, cəmiyyətin gələcəyi üçün təhlükə törədən  zərərli vərdişlərə aludə olurlar. Bu ümummilli problemin həllində dövlətlə yanaşı cəmiyyət də ictimai nəzarəti artırmalı və bu problemin həlli üçün öz töhfəsini verməlidir. Ulu öndər Heydər Əliyevin “Gələcək gənclərin çiyinləri üzərində qurulacaqdır” tezisindən irəli gələrək ölkənin hər bir vətəndaşı milli məfkurəyə sahib olan, sağlam düşüncəli, dürüst, aydın təfəkkürlü, əqidəli gənc nəslin yetişməsinə səy və qeyrət göstərməlidir. Əqidə və düşüncə cəhətdən milli məfkurədən uzaq, sağlam olmayan gəncliklə ölkənin gələcək müqəddəratı da təhlükə altında olar. 
Cənab Prezident İlham Əliyevin gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar, irəli sürdüyü mükəmməl tezislərin həyata keçirilməsində, icrasında yaranan ikili standartlar, qeyri bərabər yanaşma gənclərin böyük bir hissəsinin bundan yararlanmasının önünü kəsir. Bu da öz növbəsində həmin gənclərin qeyri milli qrupların söylədikləri “şirin” yalanlara  aldanaraqümidinin, çıxış yolunun orada olduğuna inanması ilə nəticələnir. Biz “Gənclərin Təşəbbüs Qrupu”  “Dünya Türk Gənclərinin Birliyi” olaraq tez-tez  gənclərimizlə görüşlər keçirir, onların milli-mənəvi dəyərlərimiz çərçivəsində yetişmələri üçün maarifləndirici tədbirlər təşkil edirik. Məqsədimiz dövlət və dövlətçilik ənənələrinin qorunması, milli birliyin təşəkkülü və möhkəmləndirilməsi, sağlam və aydın düşüncəli gənc nəslin yetişdirilməsidir. Hədəfimiz isə milli məfkurəli, aydın düşüncəli, sağlam təfəkkürlü, əqidəli və milli-mənəvi dəyərlərimizə sadiq olan gənclərlə dövlətimizin və xalqımızın inkişafına, tərəqqisinə nail olmaqdır.
Sonda 2 fevral Gənclər günü və bu günün rəsmi qeyd olunmasının 25 illik yubileyi münasibətilə bütün gənclərimizi səmimi qəlbdən təbrik edirəm. Hər bir gəncimizə dövlətini və xalqını qarışılıqsız sevməyi, əqidəli, ədalətli və mənəvi cəhətdən güclü olmağı arzu edirəm. Biz gənclər hər zaman dövlətimizin yanında, dövlətçiliyimizin keşiyindəyik!
                                                                                                                           “Gənclərin Təşəbbüs Qrupu”nun sədri 
Pərviz Usubov

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ