SON DƏQİQƏ

Qaradağlı faciəsindən 30 il ötür...

Tarix:19-02-2022, 00:57

Tarixən xalqımızın başına gətirilən müsibətlər, faciələr, soyqırımlar çox olub. Çox təəsüf ki, qan yaddaşımızda dərin iz buraxmış bu cür tarixi hadisələrə laqeyidlik göstərərək unutmuşuq və bu unutqanlığımızı tarix bizə bağışlamamışdır. Tarix xalqların yaşamış olduqları müsibətlərdən, fəlakətlərdən, qətliamlardan, soyqırım və faciələrdən, tarixi hadisələrdən ibrət alanlarını, unutmayanlarını, mücadilə və təbliğ edənlərini təkrar bu hadisələri yaşamalarından, tarixin amansızlıqlarından qorumuşdur.Əks təqdirdə isə yaşanmış bu müsibətlər müəyyən zaman sonra yenidən həmin xalqların başına gətirilmişdir.Hər şey unutqanlıqdan və aşırı humanizmdən qaynaqlanmışdır. Təkcə XIX - XX əsrlərdə xalqımızın başına gətirilən qətliamlar, soyqırımlar, faciələr buna əyani sübutdur.Bu gün “Gənclərin Təşəbbüs Qrupu” və “Dünya Türk Ocaqları” təşkilatları tarixin qara yazılarından biri, Xocavənd rayonunun Qaradağlı kəndində baş vermiş insanlığa sığmayan xüsusi amansızlıqla, vəhşiliklə törədilmiş Qaradağlı faciəsinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçirib. Tədbirdə çıxış edən “Gənclərin Təşəbbüs Qrupu”nun sədri Pərviz Usubov və “Dünya Türk Ocaqları”nın başqanı Aygün İbrahimova tədbir iştirakçılarına Qaradağlı faciəsi ilə bağlı məlumat verdilər. 
Pərviz Usubov tədbir iştirakçılarına faciə ilə bağlı məlumat verərək bildirdi ki, 1992-ci il fevralın 14-də  erməni terrorçu dəstələri Xankəndidə yerləşən Rusiya silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavənd rayonunun Qaradağlı kəndinə hücum etdi.Kənd sakinləri bu hücumun qarşısını almaq üçün 3 gün qəhrəmancasına döyüşdülər. Qeyri bərabər döyüşün sonunda 17 fevral 1992-ci il Qaradağlı kəndi erməni terrorçu dəstələri və Rusiya silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə işğal olundu. İşğal nəticəsində kənd yandırıldı, kənd sakinləri xüsusi amansızlıqla, insanlığa sığmayan vəhşiliklə qətlə yetirildi və əsir götürüldü. Əsir götürülən 118 nəfərdən 101-i amansızlıqla, vəhşicəsinə qətlə yetilib. Bir çox kənd sakininin taleyi isə bu günə qədər naməlum qalmışdır. Daha sonra tədbir şəhid ailələri, Qazilər və digər iştirakçıların faciə ilə bağlı xatirələrini danışmaları ilə davam etdi.
Sonda “Gənclərin Təşəbbüs Qrupu” və “Dünya Türk Ocaqları” təşkilatları tərəfindən Qaradağlı faciəsinə hüquqi qiymət verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respublikası Milli Məclisinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət ünvanlandı.
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ