SON DƏQİQƏ

Azərbaycan deputatları Paşinyanla GÖRÜŞDÜ

Tarix:21-02-2022, 23:22

Bu gün AVRONEST Parlament Assambleyasında təmsil olunan Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndələri ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub.  
XeberTıme.az  bildirir ki,  Bu barədə  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili məlumat verib.

Onun sözlərinə görə, görüşdə Avropa Birliyi-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ətrafında baş verən hadisələr müzakirə olunub.
 
Deputat bildirib ki, Nikol Paşinyan Azərbaycanla münasibətlərdən danışarkən çətin də olsa, artıq müəyyən bir yolun qət edildiyini, bir çox məsələlər, xüsusilə də dəmir yolunun açılması ilə bağlı razılıqların olduğunu qeyd edərək, bunun regionda kommunikasiyaların açılması yönündə əhəmiyyətli olacağını söyləyib.
 
Paşinyan daha sonra mina xəritələrinin təhvil verilməsindən, sərhədlərin delimitasiya və demarkasiyasından, UNESCO-nun regiona səfər edəcəyindən, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin qalıqlarının təhvil verilməsi prosesindən, Ermənistan-Türkiyə münasibətlərinin inkişafından məlumat söz açaraq, Prezident İlham Əliyevlə Brüsseldə, daha sonra 4 fevral tarixində videokonfrans formatında baş tutan görüşünə də toxunub. Paşinyan bu görüşləri müsbət qiymətləndirib.
 
Görüşdə Tahir Mirkişili Azərbaycan nümayəndə heyəti adından çıxış edərək Azərbaycanın gündəliyində dayanıqlı sülh, regional inkişaf, kommunikasiyaların açılması, bərpa və quruculuq işlərinin olduğunu diqqətə çatdırıb:
 
“Bunun üçün ölkəmizin enerji təhlükəsizliyi, post-COVID iqtisadi inkişaf, texnologiyaların geniş tətbiqi istiqamətində region ölkələri və Avropa Birliyi ilə əməkdaşlıqda geniş imkanlarının olmasını vurğuladım. İrəvanda ilk dəfə olduğumu və Azərbaycan nümayəndə heyətinin bu səfərinin ölkəmizin dayanıqlı sülhdə xoş niyyətinin növbəti bir göstəricisi kimi qəbul edilməli olduğunu bildirdim. Ümumilikdə, görüş müsbət atmosferdə keçdi”.
 
Qeyd edək ki, fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.


“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ