SON DƏQİQƏ

İnsanlığa qarşı törədilən terror aktı olan -Xocalı Soyqırımı.

Tarix:23-02-2022, 22:05

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Ötən əsrin 92-ci ilinin fevralında tarixdə görünməmiş qətliam baş verdi. Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini yer üzündən sildilər - insanlar amansızlıqla qətlə yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalandı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdular. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin  şəhəri tərk edən əhali pusquya salındı, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldülər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər.  Erməni birləşmələrinin vəhşiliyi nəticəsində həmin günlərdə 613 nəfər öldürülüb, 1275 nəfər dinc sakin girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Faciə nəticəsində 1000 nəfərdən artıq Xocalı sakini müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. Onların 76 nəfəri yetkinlik yaşına çatmayanlardır. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə ömrünün qürub çağını yaşayan qocalar olub. Şəhidlərin 56 nəfəri diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların bədəni süngü ilə deşik-deşik edilmişdir. Erməni vandalizminin iç üzünü açan bu təcavüz nəticəsində altı ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 
Mirzahid Hacıyev                                                                          
Hərbi ekspert

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ