SON DƏQİQƏ

“Vətənpərvərlik etüdləri” Masallıda keçirildi - VİDEOLAR/FOTOLAR

Tarix:9-03-2022, 00:22

Masallıda YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevin və Milli Məclisin deputatı Məşhur Məmmədovun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Vətənpərvərlik etüdləri” adlı layihə çərçivəsində “Masallı mənzərələri” adlı etüd baş tutub. 
Tədbir iştirakçıları əvvəlcə  rayon mərkəzində ucaldılmış  Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər. Həmçinin Qəhrəmanlar Parkı ziyarət olunub.
 
Daha sonra Masallı Rayon İcra Hakimiyyətində davam edən tədbirdə respublikamzın  ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Rayon İcra Hakimiyyətinin iclas zalında 25 nəfərdən ibarət rəssam qrupunu qəbul edən icra başçısı Şahin Məmmədov qonaqları Masallıda görməkdən şad olduğunu bildirib. Rayon rəhbəri burada yaşayan insanların qonaqpərvərliyindən söhbət açaraq Masallının zəngin təbiətə malik bir rayon olduğunu qeyd edib.
 
Azərbaycan Rəssamlar İttifaqının üzvləri layihə rəhbəri Elnurə İsgəndərova və etüd rəhbəri Aygün İsgəndərova çıxışlarında bildiriblər ki, 5 ildir ki həyata keçirilən layihə çərçivəsində ilk dəfə olaraq Masallı rayonunda “Masallı mənzərələri” etüdü baş tutacaq. Qeyd olunub ki, bu layihədə əsas məqsəd bölgələrimizi daha yaxından tanıtmaq və eyni zamanda kənd turizminin inkişafına dəstək olmaqdır.
 
Səfər çərçivəsində Rəssamlar Masallı şəhər Onbirillik İncəsənət Məktəbinə də baş çəkiblər. Burada Rəssamlıq şöbəsinin dərs prosesi ilə tanış olan olan qonaqlara məktəbin rəssam-müəllimi Ehtiram Məmmədov  şöbənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi.
 
Masallı Rəsm Qalereyasında yerli rəssamların əsərləri ilə tanış olan qonaqlar onların  əl işlərini yüksək qiymətləndiriblər.  Qalereyanın direktoru Təhmasib Məcidov nümayiş etdirilən əsərlər haqqında geniş məlumat verib.
 
Masallı Tarix Diyarşünaslıq Muzeyində sərgilənən ekspanatlar qonaqların marağına səbəb olub. Muzeyin direktoru Əntiqə Tağıyeva rəssamları muzeylə tanış edib, eksponotlar barədə ətraflı məlumatları çatdırıb.
 
Səfər zamanı qonaqlar Masallının yerli mətbəxi ilə tanış olublar. Rayona məxsus yemək çeşidləri xüsusi marağa səbəb olub. 
 
Daha sonra rəssamlar Masallının gözəl təbiətə malik ərazilərində etüdlər çəkiblər. 
 
Layihə rəhbəri Elnurə İsgəndərovanın verdiyi məlumata görə Ulu Öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunan “Vətənpərvərlik etüdləri” il ərzində davam edəcək və sonda YAP Yasamal Rayon Təşkilatının inzibati binasında sərgilənəcək.
 
Etüddə iştirak edən rəssamlara diplomlar təqdim edilib. 
 
Tədbir boyu millət vəkili Məşhur Məmmədovun köməkçisi Rəmzi Şahverdiyev, Masallı Gənclər evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov və “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov qonaqları müşayiət edərək rayonun tarixi, coğrafiyası və digər mövzularda məlumatlandırıblar.

Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ