SON DƏQİQƏ

Milli Qəhrəman, polkovnik Şükür Həmidovun ailəsi ziyarət olunub

Tarix:11-04-2022, 22:16

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı rayon Mərkəzi Kitabxanası və Qubadlı rayon Tarix Diyarşunaslıq Muzeyinin əməkdaşları tərəfindən Milli Qəhrəman, polkovnik Şükür Həmidovun ailəsi ziyarət olunub.
XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi facebook səhifəsinə istinadən bildirir ki, şəhid Şükür Həmidovun atası Nəriman Şükürov və Şərqiyyə ana övladları ilə qürur duyduqlarını, dövlətimizin onları daim diqqət mərkəzində saxladıqlarını və Şükürlə bağlı xatirələrindən söz açıblar.
MKS-nin direktoru, Hacı Nərimanoğlunun II Qarabağ müharibəsinin şəhidlərindən bəhs edən “Şəhidlər” kitabını şəhidin atasına təqdim edib.
Kitabxananın və muzeyin əməkdaşları şəhidin ailəsinə maddi və mənəvi dəstək olublar.
Ş.Həmidov 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə gedib. 1990-cı ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1993-cü ildə liseyi bitirib və həmin il Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) daxil olub.
1995-ci ildə ali hərbi təhsilini başa vuran Ş.Həmidov Müdafiə Nazirliyinin əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hərbi hissələrinə göndərilib və 11 il orada xidmət edib.
Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin azad olunması zamanı fərqlənib, buna görə də Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
2016-cı il mayın 10-da isə Müdafiə Naziri Zakir Həsənovun əmrinə əsasən, Ş.Həmidova polkovnik hərbi rütbəsi verilib.
Ş.Həmidov 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 22-də şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Ş.Həmidov ölümündən sonra "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi, 2 övladı yadigar qalıb.
Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildiriblər. 
Allah rəhmət eləsin!
“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ