SON DƏQİQƏ

Hərbiçi olaraq döyüş yolu keçmək şərəfdir

Tarix:14-04-2022, 21:27

Yarımçıq qalmış ömür, baş tutmayan  toy mərasimi. Həyata keçməyən arzular... Murad Məmmədov bütün bunları şəhidliklə əvəz etdi.                                          Vətənimiz, millətimiz üçün dəyərli övlad böyüdüb tərbiyə etmiş  Məmmədovlar ailəsinin kiçik oğlu Məmmədov Murad Vaqif oğlu 17 aprel 1989-cu ildə Beləsuvar rayonunda anadan olmuşdur. Mədəni, zəhmətkeş, vətənini sevən bir sadə Azərbaycan ailəsində böyüyən Murad 1996-cı ildə Beləsuvar rayonu 4 saylı orta məktəbin birinci sinifinə gedib. Hər bir işdə birinciliyi, liderliyi sevən Murad  məktəb dərslərini də əla oxuyurdu. O həm də idmançı idi. Ona tarix müəllimi Məmmədhəsən müəllim həmişə “Qəhrəman” deyə çağırardı. Murad hər bir fənni yaxşı oxuyurdu. Olduqca etikalı, zirək, heç nədən qorxmayan, hərbi sahəyə meyilli bir uşaq idi. Qaçışda birinci, turnikdən çəkinməkdə ikinci yerləri tuturdu. 2007-ci ildə orta təhsilini başa vurur və hərbi məktəbə sənəd verir. Lakin lazımı balı toplaya bilmədiyindən, müsabiqədən kəsilir. 2007-ci ilin oktyabr ayında hərbi xidmətə çağrılır. Qazaxın Kəmirli kəndində  sürücü kimi xidmətə başlayır. 2008-ci ilin aprelin 2-də  hərbi xidmətini bitirir. Murad ailəyə kömək etmək məqsədi ilə Rusiyaya işləməyə gedir və o burada fəhlə işləyir. Bacı qardaşa, ailəyə meyilli uşaq idi. 2010-cu ildə Rusiyadan qayıdır və öz isdəyinin ardınca gedir. 6 ay gizirlik kursunda oxuyur. Yaşmada hərbi hissələrin birində sürücü kimi iş fəaliyyətinə başlayır. Sonra Xüsusi Təyinatlı bölüyünə imtahan verir qəbul olur və şəhid olduğu günə qədər  Xüsusi Təyinatlı bölüyündə çalışır. Sonra onu Cəlilabadın Göytəpə kəndində işləməyə göndərirlər. Yaxşı snayperçi idi. Qardaşı Məmmədov Rahim hərbiçidir. O Milli Orduda baş gizir işləyir.                                                                      
2016-cı il martın 20-də sevib seçdiyi Zəhra adlı qız ilə nişanlanır. Cəmi 15 gün nişanlı qaldı. 

Həyatda anasını, sevən oğullar Vətənini də, anası qədər sevir. Sevil ana Murad haqqında dedikləri:                             
- Murad mənim zəhmətkeş balam idi, mənim dünyam idi. Əliaçıq, ürəyiaçıq idi və həmişə böyüklərin hörmətini saxlayırdı. Murad hazırlaşırdı ki, ev alsın, ailə qursun... Tanrının qisməti belə imiş. Allaha yaxın adam idi. Vətənini, torpağını çox sevdi və onun uğrunda canını verdi. Vətən sağ olsun!”                                                                       
4 Aprel 2016-cı il...Düşmənlə vuruşda 27 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Aprelin 5-də gizir Murad Məmmədov Sumqayıt şəhərinin  Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn Mərasimində minlərlə şəhər sakini ilə yanaşı qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləridə qatıldı. Şəhid Məmmədov polkovnik-leytenant Raqub Orucovun əsgəri idi və komandirinin sağ tərəfində dəfn olunur.                                                
Məmmədov Murad Vaqif oğlu ölümündən sonra müharibədə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilir.                                       
Murad Məmmədov aprel döyüşlərinin qəhrəmanı olaraq canı   bahasına adını tarixə yazdırdı.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“XeberTıme.az”
  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ