SON DƏQİQƏ

Bəşəriyyətə qarşı törədilən ekoloji terror

Tarix:17-04-2022, 00:55

30 il ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, Azərbaycanın torpaqlarını, mədəni irsini, təbii sərvətlərini də dağıdıb talan edib. Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti mahiyyətinə və həyata keçirilməsi mexanizmlərinə görə çox müxtəlifdir. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağın və ona bitişik rayonların dağıdılması, o cümlədən flora və faunanın məhvi ilə müşayiət olunurdu. Ermənistan təkcə Qafqaz regionunda etnik təmizləmə siyasəti aparan işğalçı dövlət deyil, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə xidmət edən dövlətdir. İşğal olunmuş ərazilərin təbii sərvətlərinə və ətraf mühitə vurulan ziyan regionda ekoloji tarazlığı pozub.
Yüzlərlə yaşayış məntəqəsi ermənilər tərəfindən talan edilərək dağıdılıb, su, işıq, qaz və digər kommunikasiyalar tamamilə məhv edilib, dəmir yolu relsləri dağıdılıb və yararsız vəziyyətə salınıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə dəymiş ziyan çox böyükdür.
30 il ərzində işğalçı ölkə təbiətə qarşı da təcavüzkar davranıb. Ermənistanın törətdiyi ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq, Azərbaycanın “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş olduqca qiymətli və nadir bitki və heyvan növləri, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilib. Ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən və ya qanunsuz şəkildə məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur.Azərbaycanın rayonlarına qarşı həyata keçirilən bu ekoloji terror həmin ərazilərin işğal edildiyi ilk günlərdən başlayıb.İşğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək məhv olub.
Bundan əlavə, təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilmişdir. Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən və Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçay çayının çirklənməsi bunun əyani təsdiqidir. Belə ki, 30 illik erməni işğalı dövründə Vejnəli qızıl yatağının və digər faydalı qazıntıların emalı zamanıəmələ gələn kimyəvi tullantıların Oxçuçaya axıdılması nəticəsində çayda kəskin ekoloji problem yaranıb. Bu çayın suyu hətta heyvanlar üçün belə zəhərlidir. Əslində Oxçuçayın həddindən artıq tullantılarla çirkləndirilməsi yalnız Zəngilan üçün deyil, Araz çayı və bütün Xəzəryanı dövlətlər üçün də ekoloji terrordur. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir.
Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Cənab Prezident bildirib ki, Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl xüsusi məruzə hazırlandı və qəbul edildi – Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı məruzə. Orada hər şey açıq-aşkar deyilmişdi. Tərtər çayının suyundan bizi məhrum etmişdilər. Halbuki Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağını suvarması nəzərdə tutulurdu və su gedirdi. İndi biz Suqovuşana qayıtmışıq, indi suyu bərpa etmişik və yeni kanallar da çəkiləcək.
Ölkə başçısı bildirdi ki, həm Azərbaycan vətəndaşları, həm dünya ermənilərin bizi nədən məhrum etdiyini bilməlidir: “ Həkəri çayı – ən böyük çaylardan biri, istifadə edə bilmirdik. Bazarçay. Buna Bərgüşad çayı da deyilir. Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər.Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq”.
Müharibədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyan aradan qaldırılmağa işlərinə başlanılıb. Zəfər günündə 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Bununla da Topxana meşəsinin bərpasına başlanıldı. Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə quruculuq işləri həyata keçirilir. Eyni zamanda ermənilər tərəfindən ekologiyamıza vurulmuş zərərin aradan qaldırılması istiqamətində də mühüm tədbirlər görülür.
Biz əminik ki, Ali Baş Komdandanın İlham Əliyevin rəhbərliyi altında döyüş meydanında əldə etdiyimiz uğur kimi Qarabağın və Şərqi Zəngəzurun təbiətinə düşmənin vurduğu yaraları da birlikdə sağaldacağıq!
 
Vüsalə Qurbanova 
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ