SON DƏQİQƏ

“Azərbaycan və Türk tarixinin mədəni irsinin dünyada təbliğ olunması” adlı görüş keçirildi

Tarix:30-04-2022, 01:46

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və “Xan qızı” MMC-nin birgə təşkilatçılığı ilə  “Vətənini Tanı” layihəsi çərçivəsində “Azərbaycan və Türk tarixinin mədəni irsinin dünyada təbliğ olunması” adlı görüş keçirildi. 
Görüş rəsmilərin, şəhər ziyalıları, gənclərin və şəhid ailələrinin iştirakı ilə həyata keçirilib. Görüşdə Azərbaycanı, türk tarixini, milli-mədəniyyətini, sivilizasiyasını dünyada təbliğ edən Almaniyadakı "Türk tarixi və Mədəniyyətləri" muzeyinin direktoru, tarixçi Cemalettin Özdemir qonaq qismində iştirak edib. 
 
Açılış nitqi ilə çıxış edən Gənclərin İnkişaf və Karyera mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova görüşün əhəmiyyətini vurğulayıb. Cemalettin Özdemirin Türk tarixinin dünyada tanıdılması istiqamətində fəaliyyətindən bəhs edərkən onun, eyni zamanda Azərbaycan tarixinin, mədəniyyətinin təbliği və ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasına böyük töhfələr verdiyini bildirib. 44 günlük Vətən  müharibəsində Cemalettin Özdemirin ölkəmizə verdiyi dəstəyi xüsusi qeyd edən Sevinc Qasımova onun yaratdığı muzeydə Azərbaycan şəhidlərinin şəkillərinin nümayiş olunduğunu və xüsusi guşənin yaradıldığını deyib. Cemalettin Özdemirin rəhbərliyi ilə müxtəlif illərdə və fərqli ölkələrdə Türk xalqlarının milli geyimləri ilə bağlı festivalların keçirildiyi, “Mehtər Marşı” yürüşlərinin təşkil olunduğu barədə gənclərə məlumat verilib. Çıxış edən dövlət rəsmiləri, gənclər və şəhid anaları Azərbaycana göstərdiyi dəstək üçün qonağa dərin minnətdarlıqlarını ifadə ediblər. 
 
Həmçinin Cemalettin Özdemir “Almaniyadan dünyaya Türk tarixi və mədəniyyətlərinin tanıtım layihələri” mövzusunda təqdimatla çıxış edib. Alman cəmiyyətinin sənədlərə, eksponatlara, eləcə də əsərlərə yüksək dəyər verdiyini bildirən Cemalettin Özdemir bu səbəbdən Türk tarixini və milli-mənəvi dəyərlərini əyani və daha geniş şəkildə təqdim etmək üçün 1995-ci ildə Nürnberq şəhərində "Türk Tarixi və Mədəniyyətləri" muzeyini yaratdığını söyləyib.
 
Cemalettin Özdemir Türk tarixi və mədəniyyətləri mövzusunda dəfələrlə müxtəlif auditoriyalar qarşısında konfranslar təşkil etdiyini, həmçinin bağçalar, məktəblər, universitetlər və polis akademiyaları ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdırıb. O, İsrail, Amerika, Türkiyə, Almaniya, Qazaxıstan və digər ölkələrin səfirlərinin, dövlət nümayəndələrinin  ziyarətləri daxil olmaqla muzeyə hər il təxminən 10000 nəfərin ziyarət etdiyini bildirib.
Cemalettin Özdemir Azərbaycanın Avropa ölkələrindən gəlmiş ziyarətçilərə tanıdılması məqsədi ilə muzeydə böyük yer ayrıldığını, həmçinin Atropatenadan hazırki dövrə kimi Azərbaycan tarixindən bəhs olunduğundan danışıb. Çıxışçı Azərbaycana, Qarabağa aid müxtəlif eksponatların, hər bir rayon üzrə şəhidlərin şəkillərinin, həmçinin general-mayor Polad Həşimovun xalça üzərində işlənilmiş şəklinin muzeydə sərgiləndiyini bildirib.
 
Sonda isə C. Özdemir, Azərbaycanın xaricdə mədəni dəyərlərin zəngin olduğu, çoxmədəniyyətliliyin ünvanı, eyni zamanda müxtəlif dinlərin birgə yaşaya bildiyi mühit kimi tanındığını qeyd edib. Həmçinin o, çıxışında multikultural dəyərləri qoruyub saxlamağın və onu xaricdə təbliğ etməliyin əhəmiyyətinə toxunub. Sonda qonağa Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən xatirə hədiyyəsi təqdim olunub və kollektiv şəkli çəkilib.

“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ