SON DƏQİQƏ

Bu gün Azərbaycanın nail olduğu müstəqil iqtisadi siyasətinin əsasını Ulu öndərin həyata keçirdiyi islahatlar təşkil edir

Tarix:5-05-2022, 19:15

Bu gün Azərbaycanın nail olduğu müstəqil iqtisadi siyasətinin əsasını ulu öndərin həyata keçirdiyi islahatlar təşkil edir. 90-cı illərdə hər bir cəhətdən tənəzzülə uğramış Azərbaycanın rəhbərliyinə ümummilli lider Heydər Əliyevin gətirilməsi Azərbaycan üçün yeni bir səhifə açdı. Hansı ki bu səhifədə ölkənin üfüqlərinə parlaq bir günəş doğdu”. Bunu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.Vüqar İskəndərov qeyd edib ki, həmin dövrdə Azərbaycan çox çətin bir prosesdən keçirdi: “Əlbəttə belə olan təqdirdə çevik addımlar atılmalı və ölkəni bu uçurumdan xilas etmək lazım idi. Bu baxımdan ulu öndər Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramları, aqrar islahatların həyata keçirilməsi və s. istiqamətlərdə addımlar atmaqla Azərbaycanı bu çətinlikdən xilas etdi. Azərbaycanda yeni bazar iqtisadiyyatı quruldu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması isə ölkəyə yeni valyuta axınının bünövrəsini qoydu. Onun gerçəkləşdirilməsi Ulu Öndər tərəfindən işlənilib hazırlanmışdı. “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyev öz neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Əlbəttə bununla yanaşı dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edən Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdu. Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdu. Nəticədə isə iqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdi. Gələcəyə yönəlmiş bu strateji addımlar bu gün bizə güclü Azərbaycanın vətəndaşı olmaq xoşbəxtliyi nəsib elədi.

Vüqar İskəndərov
Milli Məclisin deputatı
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ