SON DƏQİQƏ

Ulu Öndər bəşəriyyətin yetirdiyi ən nadir tarixi şəxsiyyətlərdəndir - DEPUTAT ŞƏRH ETDİ

Tarix:10-05-2022, 23:02

“Ulu öndər Heydər Əliyev bəşəriyyətin yetirdiyi ən nadir və görkəmli tarixi şəxsiyyətlərdən biridir”. 
XeberTıme.az SİA-ya istinadən bildirir ki, bu fikirləri  Milli Məclisin deputatı Aydın Mirzəzadə açıqlamasında bildirib.



Onun sözlərinə görə, Ümumilli Lider dövrün problemlərini uğurla həll edərək Azərbaycan xalqının inkişafında böyük nailiyyətlər əldə etdi: “Təhlükəsizlik orqanlarında işləyərkən həmin orqanlara vətənpərvər, peşəkar azərbaycanlı gənclərin dəvət edilməsində böyük rol oynadı. Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Ulu Öndər respublikamızı sosial-iqtisadi inkişaf göstəricilərinə görə ən sonuncu yerdən ilk sıralara çıxardı. Çoxlu sayda iş yerləri yaradıldı. Yeni universitetlər açıldı, məktəblər, uşaq bağçaları tikildi. Azərbaycan elminin inkişafına böyük diqqət yetirildi. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafı birbaşa onun şəxsi nəzarətinə alındı və SSRİ, həmçinin dünya səviyyəsində tanınmağa başladı. Məhz Heydər Əliyevin 1-ci siyasi hakimiyyəti dövründə əldə edilən böyük nailiyyətlər sonradan Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəsində əsas faktorlardan biri oldu. Heydər Əliyevin SSRİ rəhbərliyinə seçilməsi şərq xalqlarına, Azərbaycan xalqının idarəçilik və uzaqörənlik qabiliyyətinə verilən yüksək qiyməti idi. İndiyə qədər Moskvada və keçmiş sovet respublikalarında Heydər Əliyev dəsti-xətti deyilən bir anlayış var. Heydər Əliyevin böyük siyasətdən uzaqlaşdırılması Azərbaycanda bir çox problemlərin yaşanmasına səbəb oldu. Ancaq bununla bağlı Azərbaycan xalqı böyük oğluna inandı. Onu dəsəklədi və 1993-cü ildən onun respublika rəhbərliyinə gəlməsi Azərbaycanın ən yeni tarixində şanlı səhifələrin yazılmasına səbəb oldu. Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı, təbii sərvətlərin Azərbaycan xalqının xeyrinə işlədilməsinə səbəb oldu, çoxsaylı islahatlar apardı. Azərbaycanda hüquqi demokratik dövlətin əsası qoyuldu. Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, milli mənliyinin qorunması dövlətin şəxsi nəzarətinə götürüldü. Ulu Öndərin hazırladığı milli dövlətçilik fəlsəfəsi, problemin həllinə yanaşma siyasi texnologiyası bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Heydər Əliyevin islahatçılıq, Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlamaq siyasəti 2003-cü ildən sonra özünün yüksək həddini yaşadı. Görülən işlər 30 il işğal altında qalmış torpaqlarımızın işğaldan azad olmasına, Azərbaycanın öz ərazi bütövlüyü təmin etməsinə gətirib çıxardı. Azərbaycan xalqı Heydər Əliyev kimi dahi bir şəxsiyyətin apardığı siyasət nəticəsində öz hüquqlarına qovuşdu, özünü dünya birliyindən layiqli yerini tuta bildi. Bundan sonra da Heydər Əliyev Azərbaycanın tarixində önəmli yer tutacaq". 

Müəllif: Abutel İlhamqızı 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ