SON DƏQİQƏ

“MÖHTƏŞƏM ZƏFƏRİN NİŞANƏSİ” KİTABININ İŞIĞINDA

Tarix:7-06-2022, 22:31

6 iyun 2022-ci ildə  F. Köçərli adına Respublika Uşaq Kitabxanasında şəhidlərimizə həsr etdiyim  “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımın təqdimat mərasimi keçirildi. Tədbirdə şəhid ailələri, kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, kitabxananın elmi işlər üzrə direktor müavini, əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova, Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, uşaq yazıçısı Sevinc Nuruqızı, istefada olan polis polkovniki, Qarabağ müharibəsi veteranı Sahib Həsənov,  “Kaspi” liseyinin bir qrup şagird və müəllim kollektivi, Xırdalan şəhər 9 saylı tam orta məktəbin dil və ədəbiyyat müəlliməsi, “Tərəqqi” medallı İradə Talıblı, məktəbin riyaziyyat müəlliməsi Vüsalə Həziyeva, məktəbin psixoloqu Aynur İsayeva,  Azərbaycanın məşhur tarzəni Qurban Pirimovun nəticəsi, gənc tarzən Asim Pirimov  da iştirak edirdilər. Tədbirdə qonaqlar çıxış etdilər, duyğulu anlar yaşandı. Həmçinin “Kaspi” liseyinin şagirdləri “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımda çap olunmuş vətənpərvərlik şeirlərimdən söylədilər.Başda hörmətli Şəhla xanım Qəmbərova olmaqla Nəzakət xanım Məmmədovaya, Sevinc xanım Nuruqızına, şəhid mayor Emin Süleymanovun ailəsinə, şəhid baş leytenant Cavid Səfərlinin yaxınlarına, şəhid Ramazan Göydağlının yaxınlarına, əziz müəlliməm İradə Talıblıya, Vüsalə xanım Həziyevaya, Aynur xanım İsayevaya, “Kaspi” liseyinin müəllim və şagird kollektivinə dərin minnətdarlığımı bildirirəm!
Vətənimlə və vətənimin biz gənclərə dəyər verən ziyalıları ilə fəxr edirəm!
Tədbirdəki çıxışımı nəzərinizə çatdırıram:
“Bütün tədbir iştirakçılarını salamlayır, bu təqdimat mərasimində iştirak etmək üçün əziyyət çəkib gələn hər bir kəsə dərin minnətdarlığımı bildirirəm.
Əziz və hörmətli tədbir iştirakçıları! Qarabağ ağrısı adlı bir anlayış hamımıza çox yaxşı tanışdır. Hamımız bu ağrını 30 il qəlbimizdə, beynimizdə, canımızda, qanımızda yaşamışıq. Qaçqınların, məcburi yurd-yuvalarından didərgin salınanların ağrısını, acısını içimizdə hiss etmişik və özümüzü hər an onların yerinə qoymuşuq.
Mən də bu ağrını bir məcburi köçkün ailəsinin fərdi olaraq yaşamışam və bilirəm ki, bizim dədə-babalarımız, ana-bacılarımız keçən bu illər ərzində nələr çəkiblər. Qaçqınlıq, məcburi köçkünlük damğası adı altında yaşamaq hamı kimi məni də daxilən yandırır, şam kimi əridirdi. Mən də hamı kimi bundan bir çıxış yolunu axtarırdım. Bu da onun sübutudur ki, bu kitabımdan əvvəl qələmə aldığım 4 kitabın hamısında Qarabağ ağrısına xüsusi yer ayırmışam.
Lakin hazırda iştirakınızla təqdimatı keçirilən bu kitab əvvəlki dörd kitabdan çox fərqlənir. Çünki bu kitab Qarabağ ağrısına yox, Qarabağın azadlığı sevincinə, Zəfər sevincinə həsr edilmişdir. “Möhtəşəm Zəfərin Nişanəsi”  adlı kitabımda 76 şəhidimiz haqqında məqalə və şeir, 365 şəhidimiz haqqında hazırladığım vikipediya səhifələri, 2 qazimiz və 2 döyüşçümüz haqqında məqalələrim yer almışdır. Bu kitabda Zəfər sevincinə axıdılan gözyaşlarını da, Zəfəri canı ilə, qanı ilə qazananlara axıdılan gözyaşlarını da var gücümlə yazımda oxucularıma çatdırmağa çalışmışam. Eyni zamanda bu kitabın adını “Möhtəşəm Zəfərin Nişanəsi” olaraq da əbəs yerə seçməmişəm. Şəhidlərimiz, qazilərimiz, müzəffər ordumuz Möhtəşəm Zəfəri əldə etdilər və özləri də o Zəfərin nişanəsinə çevrildilər. Sözümü belə aydınlaşdırım ki, Zəfər anlayışı, Vətən müharibəsi anlayışı şəhidlər olmadan, qazilər olmadan, müharibə, döyüş iştirakçıları olmadan yarım qalmış olardı.
Sizi bütün hisslərimi, düşüncələrimi, duyğularımı köçürdüyüm, hər səhifəsi, hər abzası, hər sətri bir şəhidimizin dastanına çevrilmiş, vətənimizin göz bəbəyi olan Qarabağımızın düşmən tapdağından azad edilməsi üçün başlanmış şanlı Vətən müharibəsinə həsr etdiyim “Möhtəşəm Zəfərin Nişanəsi” adlı kitabımı oxumağa dəvət edirəm. F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru hörmətli Şəhla xanım Qəmbərovaya, tədbirdə iştirak edib-etməməsindən asılı olmayaraq bütün şəhid ailələrinə və bütün tədbir iştirakçılarına bir daha dərin minnətdarlığımı bildirirəm. Allah Zəfərimizi daimi və əbədi eləsin!
İcazənizlə çıxışımı Vətən müharibəsinin başlanmasından ilhamlanaraq elə müharibənin ilk günü qələmə aldığım “Var ol, Azərbaycanım” adlı şeirimi sizlərə oxumaqla bitirmək istəyirəm.
   
VAR OL, AZƏRBAYCANIM!
Bu gün zəfər günüdür, səfərlərdə ad saldıq,
Dedik:”Bəsdir yurdumuza minlər ilə yad saldıq!”,
Cocuq Mərcanlımızda Qarabağ abad saldıq,
Biz Sənin üçün varıq, var ol Azərbaycanım!
 
Poladların qisası bizim amalımızdır,
Qarabağın minvalı bizim minvalımızdır,
Azərbaycan həm Altay, həm də Aralımızdır,
Biz Sənin üçün varıq, var ol Azərbaycanım!
 
Bizim üçün ağırdır hər bir Şəhid xəbəri,
Budur Dünya qanunu, Dünya qəzov-qədəri,
Yetər! Və bitməlidir Qarabağın dərd-səri,
Biz Sənin üçün varıq, var ol Azərbaycanım!
 
Biz ki, sənsiz heç kimik, ruh ver bizə hər zaman,
Ruh ver ki, cəhənnəmə vasil olsun “hrantyan”,
Qələbənin mənası sənsən, ey Azərbaycan!
Biz Sənin üçün varıq, var ol Azərbaycanım!
 
Bu deyildir şerimin, sözümün son kəlməsi,
Çox eşidilməlidir aslanımın nərəsi,
“Qarabağ  Azərbaycandır və nida işarəsi!” 
Allahımla sən bizə yar ol, Azərbaycanım!
Biz Sənin üçün varıq, var ol Azərbaycanım!
Var ol Azərbaycanım!”

Sevindik Nəsiboğlu                                                    
“XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ