SON DƏQİQƏ

Bu gün Milli Mətbuat və Jurnalistika günüdür

Tarix:22-07-2022, 02:36

Azərbaycan mətbuatının yaranmasından 147-ci il keçir.
Azərbaycan mətbuatının banisi, dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabidir. Azərbaycan mətbuatı deyəndə ilk növbədə yada düşən Həsən bəy Zərdabi olur. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə alıb. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxıb. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurub. Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877- ci ildə qadağa qoyulmuşdur. Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub. XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimaisiyasi həyatında fəal rol oynayıb. Ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxıb. Azərbaycan Respublikasının Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan jurnalistikası günü elan edilmişdir. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib.                           
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb.                               
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.    
Bu 145 yaşlı mətbuatın 70 ili kommunist diktaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı. Müstəqillik illərindən sonra mətbuatda çiçəklənmə dövrü başladı və onlarla yeni mətbu orqan fəaliyyətə başladı. İndi Azərbaycan mətbuatı həm televiziya və radio, həm onlayn, eyni zamanda da çap nəşrləri ilə öz sözünü deyir.                              
Hazırda ölkədə 4440-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyata alınmışdır. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir.                                   
Bütün kütləvi informasiya vasitələrinin işçilərini, həmkarlarımı  başda “XeberTıme.az”  informasiya portalının bütün  komandasını  Milli Mətbuat günü münasibəti ilə ürəkdən təbrik edirəm.                                                                                      

Bayramımız mübarək əziz həmkarlartım! 
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ