SON DƏQİQƏ

Məcburi köçkünlərə şad xəbər - Torpaqlarınıza dönüş uzun çəkməyəcək

Tarix:26-12-2020, 00:16

İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işi davam etdirilir. Hazırda Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Xocavənd və Ağdam istiqamətində əməliyyat –axtarış tədbirləri aparırıq.XeberTıme.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov deyib.
Xəzər TV-nin "Vaxtı Gəldi!” verilişinin qonağı olan İ.İsmayılov deyib ki, əməliyyatlara ANAMA-nın 200 nəfərə yaxın əməkdaşı cəlb edilib.
O ki qaldı yerli sakinlərin doğma torpaqlarına nə vaxt qayıdacaqları ehtimalına, İ.İsmayılov deyib ki, bu proses çox uzun çəkməyəcək.
İ.İsmayılov hesab edir ki, məcburi köçkünlərin geri dönəcəkləri vaxt çox da uzaqda deyil. O, Aprel döyüşlərindən sonrakı vəziyyəti xatırladaraq fikrini belə davam etdirib: "Bizə tez-tez belə suallar verilir. İnsanların vaxtla bağlı narahatlıqlarını başa düşürük. Çünki onlar 30 ilə yaxındır ki, öz ata-baba yurdlarına qayıdacaqları günü həsrətlə gözləyiblər. Lakin mən xatırladım ki, 2016-cı ilin uğurlu Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən azad ediləndə Azərbaycan Silahlı Qüvvələrindən sonra əraziyə ikinci daxil olan ANAMA-nın əməkdaşları oldu. Həmin ərazilərin təmizlənməsi həyata keçirildi. İlkin mərhələdə 7,12 km Horadiz-Cocuq Mərcanlı avtomobil yolu təmizləndi və 11 ədəd mina və partlamamış hərbi sursat aşkar edildi. İkinci mərhələdə Cocuq Mərcanlıda 150 evin təmizlənməsi həyata keçirildi. Bu əməliyyat-axtarış tədbirləri 41 gün davam etdi və tam olaraq yekunlaşdı. Biz ərazini yerli icra qurumu və tikinti işləri aparacaq şirkətlərə təhvil verdik. Bundan sonra isə biz dörd aya yaxın əkin və otlaq sahələrində işlədik və heç kim bunu hiss etmədi. Beləliklə, biz altı ay ərzində kənd ərazisini təmizlədik. Amma bu o demək deyil idi ki, insanların ora qayıdışı 6 ay sonra oldu. Çünki 41 gündən sonra ərazidə infrastrukturun qurulmasına başlanıldı. İndi isə işğaldan azad olunmuş ərazilərin təmizlənməsi işinin 5-10 il vaxt aparacağı deyilir. Amma bu o demək deyil ki, insanların həmin ərazilərə qayıdışı 5-10 ildən sonra olacaq. Təbii ki, yox. Qısa zamanda yaşayış məntəqələri təmizlənəcək və yerli sakinlərin ixtiyarına veriləcək. Ya da ki, icra orqanlarına təhvil veriləcək ki, orada bərpa işləri aparsınlar. Biz isə bu prosesdən sonra əkin yerləri, otlaq sahələri, dağlıq ərazilər, əvvəllər ən hündürdə yerləşmiş düşmən postlarının ərazisini və s. yerləri təmizləyəcəyik. Düzdür, ümumi təmizləmə uzun müddət aparacaq, lakin insanların geri qayıdışı uzun vaxt aparmayacaq. Odur ki, bu istiqamətdə planlaşdırma, əməliyyat-axtarış tədbirlərimiz davam etməkdədir”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ