SON DƏQİQƏ

Vətən müharibəsi şəhidi Emil İsgəndərova həsr olunan tematik gecə keçirilib .

Tarix:6-08-2022, 11:29

Avqustun 5-də   Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “Dostluq” Mədəniyyət evinin təşkil etdiyi Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Dəstənin giziri Emil Vaqif oğlu İsgəndərovun mövlud günü ilə əlaqədar “Şəhidlik ən uca addır” adlı tematik gecə keçirilib.
Öncə Sumqayıt şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub ,ruhuna dualar oxunub və məzarı üstünə tər çiçəklər düzülüb. Sonra tədbir Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində davam edib.Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Sumqayıt şəhər Cümə məscidinin axundu Hacı Rauf Sərdarov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova və yaxın qohumları iştirak ediblər.                               
Əvvəlcə torpağımız uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Aparıcılar şəhid Emil İsgəndərov  haqqında ətraflı məlumat veriblər və videoçarx nümayiş olunub. Çıxış üçün söz Tərlan Hacızadəyə, Hacı Rauf Sərdarova, Ceyran Həsənovaya və digər qonaqlara verilib. Onlar da öz növbəsində ən müqəddəs zirvə olan şəhidlik zirvəsinə ucalan igidlərimizin hər biri ilə qürur duyduqlarını bildiriblər. 
Tədbirin bədii hissəsində Şəhid Emil İsgəndərova həsr olunan səhnə canlandırılıb. “Qönçə” xor kollektivi və bədii özfəaliyyət kollektivinin və Şəbnəm Turanın, Əli Əzizoğlunun  ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.  
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin adından Ceyran Həsənova şəhidin anası Tənzilə xanıma gül dəstəsi təqdim edib. Şəhid atası Vaqif İsgəndərov çıxış edərək, ilk növbədə ölkə başçısına, şəhid ailələrinə həmçinin qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.
Daha sonra ailəsi tərəfindən  qonaqlara  ehsan süfrəsi verilib.
 Qeyd edim ki, Emil İsgəndərov 1990-cı il avqustun 5-də Sumqayıt şəhərində anadan olub.Əslən Qubadlı rayonundan idi.Emil İsgəndərov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 
2011-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Emil İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil İsgəndərov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ailəli idi. 2017-ci il doğumlu İbrahim və 2020-ci il doğumlu Nicat adında 2 oğlu yadigar qalıb.
 

Leyla Mətin



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ