SON DƏQİQƏ

Mədəniyyət nazirimiz hörmətli Anar Kərimovun qəbulundan və onunla görüşümdən təəsüratlarım

Tarix:10-08-2022, 22:33

21 iyul 2022-ci ildə Qəbələ Mədəniyyət Mərkəzində Mədəniyyət nazirimiz, çox hörmətli Anar Kərimovun şimal-qərb bölgələri üzrə vətəndaşların qəbulu keçirilirdi. Qəbul saat 10-da başlayırdı. Əvvəlcədən qəbulla bağlı qeydiyyatdan keçdiyim üçün Qəbələyə yollanaraq cənab nazirimizlə görüşmə şansını əldə etdim.Nazir qəbul etdiyi hər bir vətəndaşın müraciətinə xüsusi diqqət və qayğı ilə yanaşdığından və qəbul etdiyi vətəndaşı sona kimi dinlədiyindən mənim qəbul növbəm nahar fasiləsinə qədər çəkdi. Həyəcanlandım ki, nazirimiz qəbulu təxirə salıb nahar fasiləsinə çıxar və yəqin ki, yol gəldiyindən, çoxlu vətəndaş qəbul etdiyindən yorğun olduğu üçün nahardan sonra qəbul keçirməz. Mənimlə bərabər məndən əvvəl qəbul növbəsində olanlardan da bu kimi narahatlıq keçirənlər, hətta qəbul olunacağına ümidini itirdiyindən çıxıb getməyə hazırlaşanlar da var idi. Elə bu vaxt nazirliyin aparat işçilərindən biri gözləmə otağına daxil olub elə bil bizim qəlbimizdən keçənləri duyurmuş kimi dedi: “Xanımlar və cənablar! Heç bir narahatlığa əsas yoxdur. Cənab nazirimiz nahara çıxmayaraq qəbula yazılmış hər bir vətəndaşı fasiləsiz olaraq son nəfərinə kimi növbə ilə qəbul edəcəkdir, tam rahat ola bilərsiniz”. Qəbulda gözləyənlərin gözlərində yenidən ümid qığılcımları parladı və təbii ki, mən də çox sevindim.
Nəhayət, mənim qəbul növbəm gəlib çatdı. Həyəcanlanmışdım, lakin bu həyəcanım qəbul otağına daxil olana kimi davam etdi. Otağa daxil olub ilk anda nazirimizin olduqca səmimi, qaynar, doğma münasibətini gördükdən sonra elə bildim ki, ailə üzvlərimizdən, doğmalarımdan birinin qəbuluna gəlmişdim. Ona görə də otağa daxil olana kimi yaranmış həyəcan elə həmin anda da yox olub getdi.
 
Otaqda nazirimizlə səmimi salamlaşdıqdan sonra qəbula gələnlər üçün ayrılmış masa arxasında əyləşdik. Bundan sonra əvvəlcə atam cənab nazirin qəbuluna yazılmağımızın səbəbi, sonra isə (Həmin vaxt mənim 14 yaşımın tamam olmağına hələ 5 gün qaldığından mən azyaşlı hesab olunurdum və atam qəbulda mənim qanuni nümayəndəm kimi iştirak edirdi) mənim tərcümeyi-halımla bağlı qısa məlumat verdi. Nazirimiz deyilənləri diqqətlə dinləyib bəzən təəccübləndiyini hiss etdirir, arada müəyyən məqamlarla bağlı mənə də suallar verirdi. Hörmətli nazirimiz bizə xüsusi diqqət və hörmət göstərdiyi üçün özümü bir daha xoşbəxt hiss edirdim. Atam müəyyən məqamlar barədə məlumat verdikdən sonra Anar müəllim mənə müraciət edərək gələcək yaradıcılıq, təhsil planlarım, arzu və istəklərim barədə fikirlərimi bilmək istədiyini bildirdi. Mən nazirimizə möhtəşəm zəfərimizə, işğaldan azad edilmiş torpaqlarımıza, müqəddəs şəhidlərimizə həsr etdiyim “Möhtəşəm Zəfərin nişanəsi” kitabım haqqında məlumat verdim. Eyni zamanda həmin kitabımın davamı olacaq, “Möhtəşəm Zəfərin nişanəsi-2” adlanacaq kitabım üzərində işlədiyimi, artıq materialları kitab çapı üçün hazırladığımı söylədim. Həmçinin kütləvi-ictimai tədbirlərdə vətənpərvərlik mövzusunda fəaliyyətimi müntəzəm davam etdirəcəyimi, orta məktəbdə əlaçılığımı qoruyub saxlayacağımı, seçəcəyim ali təhsil ocağına yüksək balla qəbul olmaq üçün çalışacağımı və yaşıdlarım arasında vətənpərvərlik, vətəni sevmək hisslərini daha da çox aşılamaq yolunda yorulmadan çalışacağımı dedim. nazirimiz mənim bu cavabımdan çox məmnun qaldı.
Onu da nazirimizin diqqətinə çatdırdım ki, məcburi köçkün ailəsinin üzvü olaraq çap olunmuş 5 kitabımın da əsas mövzusunu təşkil edən vətənimizin dilbər guşəsi olan, şəhidlərimizin müqəddəs qanı ilə daha da müqəddəsləşmiş, bizim üçün qibləgaha çevrilmiş Qarabağımıza qayıdış həmişə məni maraqlandırıb və həmişə istəmişəm ki, dədə-baba yurdumuz olan Qarabağı görüm, o torpaqlara ayaq basım. Doğma Şuşamızda keçiriləcək ictimai-kütləvi, elmi-bədii tədbirlərdə iştirak etmək, Molla Pənah Vaqifin Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa edilərək gözəlləşmiş, xüsusi zövq oxşayan məqbərəsi önündə ona həsr etdiyim, “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabda yer almış “Yaşa, Vaqif!“ adlı poemamdan parçalar səsləndirmək istərdim. Bu istəyimlə əlaqədar olaraq nazirimiz qəbulda olan nazirlik əməkdaşlarına xüsusi tapşırıq verdi.
 
 2021-ci ildə Vətən müharibəsi, vətənpərvərlik mövzusunda 10-15 yaşında yeniyetmələr arasında keçirilmiş şeir müsabiqəsində mən “Zəfərin nişanəsi” adlı şeirimlə qalib olmuşdum və ona görə 2021-ci ilin iyun ayının 17-də Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzində cənab nazir məni nazirliyin Fəxri Fərmanı ilə təltif etmişdi, eyni zamanda mən də həmin vaxta kimi çap olunmuş 4 kitabımı cənab nazirimiz Anar Kərimova hədiyyə etmişdim. O, böyük məmnuniyyətlə kitablarımı qəbul etmişdi. Mən həmin səmimi və qaynar münasibət üçün cənab nazirə bir daha minnətdarlıq etdim. Çap edilməsi üçün materialları hazır olan, gələcəkdə çap etdirmək istədiyim kitablarımın çap olunması xərclərinə dövlətimiz tərəfindən kömək olunmasını, bir daha Qarabağda keçirilən mədəni tədbirlərdə, yığıncaqlarda və müsabiqələrdə iştirak etmək arzumu da nazirimizə bildirdim. Cənab nazir mənə xoş, səmimi sözlərini söyləyərək bildirdi ki, arzum gerçəkləşdiriləcək, Qarabağda keçiriləcək tədbirlərdə, habelə Böyük Qayıdış ilə bağlı olan tədbirlərdə iştirak etməyim üçün şərait yaradılacaqdır. Eyni zamanda cənab nazir mənə öz şeirlərimdən birini əzbər söyləməyimi xahiş etdi. Mən sayca 2-ci olan, 2018-ci ildə 10 yaşım münasibəti ilə işıq üzü görmüş ”Hərdən uçmaq istəyirəm” adlı şeir kitabımda çap olunmuş, 2016-cı ildə Ulu öndərimiz Heydər Əliyevə həsr etdiyim “Ulu öndərimiz” adlı şeirimi söylədim:
Əziz Ulu Öndərim,
Bu gün ruhun şad olsun. Sənə sadiq olana, Ürəkdən salam olsun.
Sən etdin ölkəmizi, Gözəl,qəşəng gülüstan.
 
Səndən qorxdu,çəkindi, O mənfur ermənistan.
Sən gəldin,oldu bayram, Pislər bir başa getdi. Sənin gözəl yolunu, İlhamın davam etdi.
Azərbaycanlıları,
Hər yerdə birləşdirdin. Ordunu gücləndirdin, Məkkəyə belə getdin.
Sən bu gün olmasan da,
Əsərlərin yaşayır.
Həm çiçəkləndirdiyin,
Azərbaycan yaşayır.
Şeiri söyləyib sona çatdıranda şeirdən çox təsirlənmiş Anar müəllim ayağa
qalxdı və əl çalmağa başladı. Onunla bərabər qəbulda olan nazirlik əməkdaşları, müavinlər - hamısı şeiri ayaq üstə bir neçə dəqiqə sürəkli alqışlarla alqışladılar. Həmin vaxt, həqiqətən də uçmaq istəyirdim, sanki səmalarda idim. Nəhayət, qəbulda olan digər vətəndaşları da nəzərə almalı idim. Ona görə də sayca 5-ci olan, Qarabağa qayıdışımıza, bu qayıdış üçün canlarını fəda etmiş qəhrəman vətən oğullarına və qızlarına, şəhidlərimizə və qazilərimizə, müharibə iştirakçılarımıza həsr etdiyim “Möhtəşəm Zəfərin nişanəsi” adlı kitabımı cənab nazirimizə hədiyyə etdim. Cənab nazir kitabımı səmimi və isti münasibətlə qəbul edərək kitab hədiyyəsinə görə mənə dərin təşəkkürünü bildirdi, həmçinin gələcək fəaliyyətimdə uğurlar arzuladı. Xatirə şəkilləri çəkdirdik. Şəkil çəkdirərkən o, israrla atamı da dəvət etdi və vətənimiz üçün belə övlad böyütdüyünə görə ona da minnətdarlıq etdi. Öz növbəmizdə biz də nazirimizə səmimi qəbul üçün minnətdarlığımızı çatdıraraq xoş hisslər və xoş abu- havayla cənab nazirin qəbulundan ayrıldıq. Uca Allah belə gözəl, sadə, səmimi, qayğıkeş vəzifə sahiblərimizi vətənimiz və biz gənclər üçün daim qanadı altına alsın, qorusun. Amin!
Vətənimlə və Vətənimin biz gənclərə dəyər verən ziyalıları ilə fəxr edirəm!

SEVİNDİK NƏSİBOĞLU
9-cı sinif şagirdi, şair-publisist, AJB üzvü
05.08.2022

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ