SON DƏQİQƏ

Möhtəşəm Azərbaycan gəncliyinin istedadlı nişanəsi

Tarix:12-08-2022, 22:07

Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Regional Mədəniyyət İdarəsi şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sevindik Nəsiboğlunun “Möhtəşəm zəfərin nişanəsi” adlı kitabının təqdimat mərasimində (22.07.2022) filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin çıxışı) 
Mən Sevindik Nəsiboğlunun Şəki şəhər Heydər Əliyev Mərkəzində təqdimatı keçirilən “Möhtəşəm zəfərin nişanəsi” kitabıyla xitabət kürsüsünə gəldim və bu gün – Milli mətbuat bayramında bu kitabın təqdimatı keçirilir. Sevindiyin öz obrazlı ifadəsi ilə desək, işğalçılardan “vətəni geri qaytarıb özü qayıtmayan oğullar”dan bəhs edir bu kitab. “Möhtəşəm zəfərin nişanəsi” hesab edirəm ki, şəhid ruhlarının unudulmaz nişanəsini yaddaşlara, ürəklərə, tarixə həkk etdirən fikir və düşüncələr toplusudur.
Bu gün məndən öncə çıxış edənlər də tez-tez Sevindiyin yaşına işarə edirdi, onun azyaşlı, məktəbli olduğunu vurğulayırdı. Onu xüsusi qeyd edim ki, iki il bundan qabaq, yəni müəllif 12 yaşında olanda, Qarabağda şiddətli müharibə getdiyi zaman, hadisələrin isti-isti, hələ qavramaq çox çətin olduğu bir dönəmdə Sevindik bu kitabı hissə-hissə yazaraq "Kredo" qəzetində hər həftə, səhifə-səhifə çap etdirmişdir. Bu kitab "Kredo" qəzetində davamlı olaraq çıxdığına görə o məqalələri Sevindik sonradan toplayaraq tərtib etdi, belə bir sanballı, irihəcmli kitab hazırladı. Bu kitabda 400 nəfərdən çox bizim şəhidimiz və qazimiz haqqında məlumat verilib. Doğrudur, bu kitab bizim 44 günlük müharibədə həlak olan 3000 nəfərə yaxın şəhidimizi tam əhatə etmir. Ancaq Sevindiyin belə bir fikri var ki, bu kitabı həmin mövzu üzrə davam etdirsin və mükəmməl, bütövlükdə bizim Qarabağ müharibəmizdə döyüşən, əməyi olan, canı-qanı ilə vətən adını, vətən sevgisini Qarabağın möhtəşəm qayalarına, daşlarına yazan igidlərin həyatını, cəsurların döyüş yolunu növbəti kitabında əks etdirsin.
Mən "Kredo" qəzetinin adını çəkdim və bu gün Milli Mətbuat günüdür. Milli Mətbuatımızın bu gün 147-ci ildönümüdür və Sevindik Nəsiboğlu "Kredo" qəzetinin idarə heyətinin üzvüdür. Ümumiyyətlə, bəlkə də tarixdə elə bir mətbuat orqanı yoxdur ki, 12 yaşında bir gəncin adı redaksiya heyətinə düşsün. Sevindik Nəsiboğlu həm də Azərbaycan Jurnalistlər Birliyinin artıq 2 ildir ki, üzvüdür və mən güman edirəm ki, dünyada elə bir jurnalist tapmaq çətindir ki, o, 12 yaşında Azərbaycandakı çox mötəbər, nüfuzlu bir təşkilatı olan Jurnalistlər Birliyi kimi bir təşkilatın üzvü olsun. Və bütün bunlar Sevindiyin istedadından, zəhmətindən, yuxusuz gecələrindən, xalqın və millətin taleyi və tarixi ilə bağlı olan mövzularda düşünməsindən xəbər verir.
Burada, nümayiş etdirilən video görüntülərdə biz Sevindiyin Azərbaycanın ictimai-siyasi və dövlət xadimləri, görkəmli insanları, şəxsiyyətləri ilə bir yerdə şəkillərini görürük. O şəkillərdən birində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə görüntülənirdi. İsa Həbibbəylinin mənimlə söhbətlərindən birində vurğulamışdır ki, Sevindik uşaq olmasına baxmayaraq o da bizim kimi düşünür, bizim kimi hadisələrə münasibət bəsləyir. Və yaxud AMEA-nın Naxçıvan bölməsinin sədri, tarix elmləri doktoru, akademik İsmayıl Hacıyev “Lider” televiziyasında S.Nəsiboğlunun “Ulu Naxçıvanım” adlı kitabının təqdimatı ilə bağlı çıxışında bildirmışdır ki, Sevindik kimi istedadlar dövlət qayğısı ilə əhatə olmalıdır…
Bu gün təqdimatı keçirilən kitabı Sevindik Nəsiboğlu "Möhtəşəm zəfərin nişanəsi" adlandırmışdır. Mən hesab edirəm ki, Sevindiyin özü möhtəşəm Azərbaycan gəncliyinin ən görkəmli, ən istedadlı bir nişanəsidir.
Bu gün burada şəhid ailələrindən iki nurlu, iki məğrur, iki vətənsevər xanımın, şəhid anasının çıxışını dinlədik. Onların igidlərimiz haqqında söylədikləri işıqlı xatirələri, ürək ağrısı ilə təsvir etdikləri hadisələr hər birimizin qəlbindən qürur hissi ilə yanaşı sızıltı kimi keçdi. Vətən müharibəsi dövründə hamımızın ürəyi, qəlbi, ruhu, duası bizim döyüşçülərlə idi. Bu gün Azərbaycan xalqı igid, qəhrəman, heç bir zaman unudulmaz oğullarının, şəhidlərinin fədakarlığı hesabına bütün dünyada mərdi-mərdanə, başucalığı, alınaçıqlığı ilə gəzən, qürurlu bir millətə çevrilib. Bu məğrurluq, zəfər Azərbaycan xalqının lideri, Ali Baş Komandanımız, çox hörmətli Prezidentimiz İlham Əliyevin siyasi, diplomatic və hərbi sahədə böyük şücaəti, biliyi və uzaqgörənliyi sayəsində əldə edilmişdir.
Çıxışımın yekununda mən bu gözəl və möhtəşəm tədbiri təşkil edən Şəki Şəhər İcra Hakimiyyətinə, onun rəhbərliyinə, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, çox istedadlı şair, mütəfəkkir, alim, pedaqoq dostum Vaqif Aslana, Heydər Əliyev Mərkəzinin və Şəki Regional Mədəniyyət İdarəsi şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərliyinə, təqdimatda iştirak edən bütün şəxslərə dərin təşəkkürlərimi bildirirəm.
Bu gün gəncliyə və gənclərə göstərilən diqqət və qayğı millətin sabahına yatırılmış mənəvi sərmayədir.

22.07.2022

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ