SON DƏQİQƏ

“Zəfərimiz rənglərin işığında” adlı sərgi keçirilib- FOTO

Tarix:8-11-2022, 10:17

3 noyabr 2022-ci il tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının həyata keçirdiyi “Zəfər tarixinin şanlı 44 günü” layihəsi çərçivəsində noyabrın 3-də “Zəfərimiz rənglərin işığında” adlı gənc rəssamların sərgisi açılıb. Sərgi kitabxananın uzun müddətdir əməkdaşlıq etdiyi, birlikdə bir sıra uğurlu layihələrə imza atdığı Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərovalarla birlikdə təşkil olunub.Kitabxanadan Xebertime.az-a bildirilib ki, “Zəfərimiz rənglərin işığında” adlı sərgidə 40-dan çox gənc, həvəskar rəssamın Şanlı Zəfər tarixinə həsr etdikləri rəsm əsərləri sərgilənib.
Sərgidə “Ada”, “Güvən”, “Nilay” Tədris mərkəzlərinin, “RM Art Studio” və “FR Studio”nun 44 şagirdinin, 44 əl işi yer alıb.
Sərgidə təqdim edilən rəsmlərin bir hissəsi Vətən müharibəsində qazanılan şanlı qələbənin sevincini əks etdirməklə yanaşı, əksəriyyəti füsunkar Qarabağın, Şuşanın görüntülərindən ibarət idi.
Sərgidə çıxış edən kitabxananın direktoru Aslan Cəfərov 44 gün davam edən və noyabrın 8-də əbədi və əzəli Azərbaycan torpaqlarının geri alınması, dövlətin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsinin xalqımızın iftixar və qürur mənbəyi olduğunu deyərək, Azərbaycan xalqının öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini bildirib. Bu qələbənin siyasi arenada öz sözünü demiş bir liderin müdrik siyasəti, bütöv bir xalqın birliyi və neçə-neçə qəhrəman Azərbaycan oğullarının şücaəti əsasında qazanıldığını vurğulayıb. Kitabxananın onlarla vətənpərvər, istedadlı gəncin iştirak etdiyi bu sərgiyə ev sahibliyi etməkdən qurur duyduğunu söyləyib.
Azərbaycan Rəssamlar İttifaqının fəxri üzləri Elnurə və Aygün İsgəndərovalar sərgidə nümayiş etdirilən hər bir rəsm əsərində qəhrəman Azərbaycan xalqının iradəsinin, qələbə sevincinin əks olunduğunu vurğulayaraq, sərginin təşkilinə görə kitabxana kollektivinə təşəkkürlərini bildiriblər.
Vətən müharibəsi iştirakçısı, qazi Elçin Nəsirov sərgidə nümayiş etdirilən əsərlərdə Qarabağın, Şuşanın, azadlığın, Vətən sevgisinin olduğunu söyləyərək, Azərbaycanın gələcəyinin, müstəqilliyinin bu gün böyüməkdə olan gənc nəslin əlində olduğunu qeyd edib, gənc rəssamlara uğurlar arzulayıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
 
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ