SON DƏQİQƏ

Vətən müharibəsi qəhrəmanı yad edildi

Tarix:13-11-2022, 00:17

XeberTıme.az Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəsmi səhifəsinə istinadən bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi Elmar Şirzad oğlu Nəsibovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.Elmar Nəsibov 19 sentyabr 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə orta məktəbi bitirən Elmar Nəsibovun uşaq vaxtlarından hərbi sənətinə böyük marağı olub. Hərbi xidmətdən sonra Silahlı Qüvvələrdə işləməyə başlayıb. Doqquz illik xidməti dövründə Şəmkir, Qazax, Gədəbəy, Daşkəsən və Beyləqanda işləyib. Xidməti dövründə bir sıra təltiflərə layiq görülüb. Vətən oğlu torpaqlarımızın düşmən tapdağı altında qalması ilə heç vaxt barışmayıb. 44 günlük müharibənin ilk günündən ön cəbhədə olub. "Şahin gözlü” ləqəbi ilə tanınan peşəkar snayper olan Elmar Nəsibov Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib, qüvvələrini məhv edib, yaralı yoldaşlarını döyüş meydanından çıxarıb. Oktyabrın 12-də şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Elmar Nəsibov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib. Şəhidin anası Sürəyya Mehdiyeva Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin hər an diqqət mərkəzində saxladıqlarını və bu məsələyə həssas yanaşdıqlarını qeyd edib. Habelə Sürəyya ana Sumqayıt şəhər rəhbərliyinə, Sumqayıt Regional Mədəniyyət İdarəsinə, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənovaya və AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Allah şəhidlərimizə rəhmət eləsin!
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ