SON DƏQİQƏ

Kəskin boğaz ağrısı, yüksək temperatur - Son günlər yayılan bu xəstəlik nədir?

Tarix:5-01-2023, 23:34

Son günlər insanların çoxu kəskin boğaz ağrısı, yüksək temperatur, öskürək kimi simptomlarla özünü göstərən xəstəlikdən əziyyət çəkir.XeberTıme.az Metbuat.az-a istinadən xəbər verir ki, hazırda pandemiyanın davam etdiyi vaxtda da koronavirusun yeni mutasiyaya uğrayan "Omikron XBB.1.5" ştamının sürətlə yayılması insanlarda təşvişə səbəb olub.
Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova  açıqlamasında bildirdi ki, son günlər qeyd olunan simptomlarla bağlı xəstə şikayətləri artıb. Lakin həmin xəstələrdən koronavirus testi götürüldükdə nadir hallada cavablar pozitiv olur:
"Son bir ay ərzində əsasən biz kəskin boğaz ağrısı ilə yüksək temperaturla və sonrasında davam edən öskürəklə müşayiət olunan xəstəliklərə rast gəlirik. Son 10 gün ərzində isə ciddi bir artış tendensiyası qeyd olunur. Lakin bu xəstələrdən biz koronavirus testi götürdükdə, onlarda çox nadir hallarda virus aşkarlanır. Bu xəstələr daha çox mövsümi qrip xəstəliklərindən əziyyət çəkən xəstələrdir".
Aişə Kərimovanın sözlərinə görə, əslində, bunlar hər il koronavirus pandemiyasından öncə də rast gəldiyimiz mövsümi xarakterli xəstəliklərdir: "Sadəcə olaraq bu xəstəliklərə yoluxmağımız onu göstərir ki, biz özümüzü gigiyenik qaydalarla qorumuruq. Şəxsi gigiyena qaydalarından istifadə etmək, həmçinin qapalı məkanlardan mümkün qədər uzaq durmaq, tövsiyə xarakterli olaraq maskalardan istifadə edərək xəstəlikdən uzaq dura bilərik. Tək koronavirus yox, bütün virus infeksiyaları öldürücülüyə malikdir. Koronavirus sadəcə olaraq dünya üzrə vüsət aldığına görə belə qorxulu bir vəziyyət yaratdı. Amma digər viruslarda eyni gedişatı yarada bilərlər. Ölkəyə qripə qarşı peyvənd gətirilib. Bunun üçün vətəndaşlar öz sahə poliklinikalarına müraciət edərək məlumat ala bilər. Vətəndaşlara əsasən bu dövrdə vaksinasiyadan keçmələri tövsiyə olunur".

İnfeksionist qeyd etdi ki, belə xəstələrə əsasən bol maye, ciddi boğaz ağrılarında qarqaralardan, temperatur salıcılardan istifadə etmələri kömək ola bilər: "Əlavə olaraq antibiotiklərə, hər hansı virus əleyhinə dərmanların qəbuluna xüsusi bir göstəriş olmadığı müddətcə ehtiyac yoxdur. Bu xəstələr üç, beş, bəzən yeddi gün ərzində tam sağalırlar və hazırda digər ağırlaşmalara rast gəlməmişik".


“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ