SON DƏQİQƏ

Vətənin qeyrətli oğlı

Tarix:27-01-2023, 23:31

Əbdül Cəlal oğlu Məmmədov 1950-ci ildə iyun ayının 2-də Babək rayonunun Cəhri kəndində müəllim ailəsində anadan olub. Bakı Rabitə Texnikumunu bitirib.Hərbi xidməti Yerevanda xüsusi rabitə alayında keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra, 1971-ci ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasi Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1981-ci ildə Nalçik şəhərində yerləşən Xüsusi Təyinatlı Milis Məktəbini fərqlənmə ilə bitirib, yenidən Naxçıvanda inspector-kinoloq vəzifəsində xidmətini davam etdirib. Ukraynanın Çernobil vilayətində Atom Stansiyası partlayan zaman Əbdül Məmmədov da zərərçəkənlərdən biri olub. 1989-cu ildə Naxçıvan torpaqlarının müdafiəsi üçün ilk özünümüdafiə batalyonları yaradanlardan biri olub. 1991-ci il sentyabr ayından Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin xeyir-duası ilə yaranan Naxçıvan MR Dövlət Müdafiə Komitəsində əvvəl bölük böyüyü, sonra mübarizə bölüyünün komandiri, 1992-ci il fevral ayının 11-dək isə N saylı hərbi hissənin komandiri vəzifəsində qulluq edib. 1992-ci il may ayının 19-da Sədərək uğrunda gedən döyüşlərdə 20 nəfər əsgər və çavuşu ilə birlikdə düşmənə ağır zərbə vurmuşdu. Apardığı döyüşlərin birində ağır güllə yarası almış və hər iki ayağı iflic olmuşdur. Əbdül Məmmədovun oğlu Rasim Məmmədov da atasının yolunu davam etdirib.25 ildən artıq əlil arabasında ömür yaşayan Əbdül Məmmədov 2016-cı ilin 27 aprel günündə oğlunun şəhidliyindən 23 gün sonra vəfat edib.
Çəhridə yaşayan dostum Kirman Rüstəbli ilə söhbət edərkən bildirdi ki, Əbdül qoçaq igid oğul idi.Atası  Cəlal müəllim çox savadlı müəllimlərimizin biri olub.Bu ailənin bütün övladları  savadlıdır. 
Elə Sərdar və Qurban qardaşları  buna sübutdur.
Kirman müəllimə  söz verdim ki, Cəhriyə gələrkən mütləq  şəhidlərimizin uyuduğu məkanı ziyarət edəcəyəm.inşallah.
Ruhları şad olsun. Biz şəhidlərə borcluyuq.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ