SON DƏQİQƏ

100 İLLİK TARİXİN LİDERİ

Tarix:10-05-2023, 09:33

Xalqımızın tarixi şəxsiyyəti Ümimmilli Lider Heydər Əliyevin anadan olmasından 100 il keçir 
Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.
Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. 
Xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz bu gün - mayın 10-da anadan olmuşdur.
Tarix dəfələrlə sübut etmişdir ki, Ulu Öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.
Unudulmaz rəhbər hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış, iti təfəkkürü, müdrikliyi, təkrarsız siyasi keyfiyyətləri ilə ölkəmizi dünyada tanıtmışdır. O, qəti olaraq bəyan etmişdi: “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”. Bundan işıqlı, bundan aydın siyasi ideya ola bilməz.
Heydər Əliyev xalqımızın ləyaqət və qeyrət simvolu, ən ağır vaxtlarda yeganə güvənc yeri olmuşdur. Azərbaycanın son yarım əsrə yaxın bir dövrünü əhatə edən tarixi taleyi bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi dahi şəxsiyyətin adı ilə bağlıdır.
Ulu Öndərimizin ən ali keyfiyyətlərindən biri Onun milli ruha, milli maraqlara sadiq olması idi. 60-cı illərdə respublikanın Dövlət Təhlükəsizlik Komitəsində işləyən azarbaycanlıları barmaqla saymaq olardı. Böyük əksəriyyət başqa xalqların nümayəndəsi idi. Ən dəhşətlisi isə komitədə ermənilərin çoxluq təşkil etməsiydi. Bildiyimiz kimi o vaxtlar SSRİ-nin tərkibində olan respublikalarda dövlət təhlükəsizlik orqanlarına milli kadrlar təyin olunmurdu. Lakin Ulu Öndərin yüksək təşkilatçılığı, iti təfəkkürü ovaxtkı SSRİ rəhbərlərini Azərbaycanda həmin orqana sədr vəzifəsinə Heydər Əliyevi etibar etmələrinə səbəb oldu. Onun bu təşkilata rəhbərlik etdiyi dövrdə isə təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların xüsusi çəkisi nəinki ildən-ilə, hətta aydan-aya artırdı.
Ulu Öndər xalqın milli maraqlarına zidd olan, milli ziyalılara qarşı yönələn aksiyaların həyata keçirilməsinə heç vaxt yol vermirdi. Doğrudur, bir-iki nəfərin çıxışı və ya yazısı ilə sovet hakimiyyətinə qarşı durmaq, onun dayaqlarını sarsıtmaq mümkün deyildi, amma bunlar milli düşüncəli, vətənpərvər ziyalılar idilər. Ümummilli Liderimiz Bəxtiyar Vahabzadəni və onlarla milli düşüncə sahiblərini müdafiə edir və həbs olunmalarına imkan vermirdi.
Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusən sənayedə və kənd təsərrüfatında tənəzzül meyilləri müşahidə olunmağa başlamışdı. SSRİ rəhbərliyi bu mənfi meyillərin qarşısını almaq və respublikada inkişafa nail olmaq üçün optimal çıxış yolu axtarırdı və ən uğurlu variant tapıldı. Qısa müddət ərzində Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində mühüm dəyişikliklərə nail olmuş Heydər Əliyev 1969-cu il 14 iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri oldu. 13 ildə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyətə malik 5 mühüm qərar qəbul etmişdir, respublikamızda 250-dən çox yeni fabrik, zavod tikilmişdir. Sənaye məhsulu istehsalının həcmi 4,3 dəfə artmışdı. Bakı Dəniz Özülləri zavodu, Bakı Kondisionerləri zavodu, “Azərelektromaş” İstehsalat Birliyinin tikintisinin Bakıya salınması Heydər Əliyevin ciddi səyi və nüfuzu hesabına mümkün olmuşdu.
Kənd təsərrüfatında məhsul istehsalı 2,7 dəfə artmışdı. 1976-1980-ci illərdə Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun artımına görə İttifaqda 1-ci yerə çıxmışdı.
Həmin illərdə Azərbaycan elmi intibah dövrünü yaşamışdır. SSRİ-nin 170 aparıcı ali məktəbinə hər il 1600-1800 gənc göndərilirdi. 1973-cü ildə Bakıda C.Naxçıvanski adına Hərbi Məktəb açıldı. 1969-cu ildə respublikada 10 ali məktəb fəaliyyət göstərirdisə, 1982-ci ildə bu göstərici 18-ə çatmışdı.
 1978-ci ildə yeni Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Bu totalitar cəmiyyətdə görünməmiş hadisə idi.
Mədəniyyət sahəsində görülən işlərin miqyası əvvəlki illərdən dəfələrlə fərqlənirdi. 70-80-ci illərdə Nizaminin, Nəsiminin, Tusinin, Aşıq Ələsgərin, Aşıq Alının, Üzeyir Hacıbəyovun, Hüseyn Cavidin və onlarla başqa tanınmış azərbaycanlı mütəfəkkirlərin Kremlin sütunlu salonunda yubileyləri qeyd olundu. Bir vaxtlar sürgün edilmiş Hüseyn Cavidin nəşi 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda torpağa tapşırıldı.
Azərbaycan 1970-1982-ci illərdə 12 dəfə müxtəlif ümumittifaq yarışlarda qalib çıxaraq keçici qırmızı bayrağa layiq görüldü, nailiyyətlərinə görə Azərbaycan SSRİ-nin ən ali mükafatları, o cümlədən 1970-ci ildə “Oktyabr inqilabı” ordeni, 1972-ci ildə “Xalqlar Dostluğu” ordeni və 1980-ci ildə “Lenin” ordeni ilə təltif edildi. İkinci Dünya müharibəsində Bakı neftinin həlledici amilə çevrilməsi istiqamətində Heydər Əliyevin inadla apardığı təşkilati işlər nəticəsində 1978-ci ildə Bakıya “Lenin” ordeni verildi. Heydər Əliyevin ölkəmizə birinci rəhbərlik etdiyi 1969-1982-ci illərdə SSRİ rəhbəri Sov.İKP MK-nın baş katibi Brejnev 2 dəfə respublikamıza səfər etmişdir. Onun hər səfəri Ulu Öndərin çox uzaqgörən siyasəti nəticəsində Azərbaycana SSRİ büdcəsindən əlavə vəsaitlər ayrılması ilə nəticələnirdi.
Sabirabad rayonunun da dirçəlişi həmin dövrə aiddir. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Sabirabada 14 dəfə səfər edib, müstəqillik dövründə isə 1998-ci ilin oktyabrın 4-də rayona səfəri olmuşdur. Onun sayəsində bu rayonda 5 istehsal müəssisəsi açılıb, 31 orta məktəb, 5 xəstəxana, 12 mədəniyyət obyekti tikilib, Kür çayı üzərindən nəhəng körpü salınıb, keçmiş İttifaqda analoqu olmayan Qrup Su kəməri kompleksi qurulub, əhaliyə təbii qaz verilib, onlarla çoxmərtəbəli yaşayış və inzibati binalar inşa edilib. Möhtəşəm mədəniyyət sarayı da digər tikililərlə bərabər dahi rəhbərin sabirabadlılara hədiyyəsidir. Ulu Öndərin təşəbbüsü ilə tikilən və Onun iştirakı ilə 1976-cı ilin sentyabrın 3-də istifadəyə verilən bu mədəniyyət sarayında Heydər Əliyev 8 dəfə zona müşavirələri keçirib.
Rayonda torpaqların meliorasiya edilərək yararlı hala salınması, taxılçılıq, pambıqçılıq və heyvandarlıq sahəsində əldə edilən nailiyyətlər Onun gərgin zəhmətinin nəticəsində mümkün olmuşdur. Əməksevər insanların fərxi adlara, orden və medallara, rayonumuzda 5 nəfərin “Sosialist Əməyi Qəhrəmanı” kimi yüksək ada layiq görülməsi o dövrün unudulmaz xatirələridir. Heydər Əliyevin rayonda keçirdiyi hər bir görüş, müşavirə və yığıncaq, sözün əsl mənasında, həyat məktəbi idi.
1982-ci ilin dekabrın 3-də Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini vəzifəsində çalışmışdır. SSRİ-də ən çox quruculuq işləri həmin dövrdə görülüb. Baykal-Amur magistral dəmir yol xəttinin çəkilişinin təşəbbüskarlarından biri olmuş, 1986-cı ilin aprelin 26-da Ukraynada Çernobl Atom Elektrik Stansiyasında qəza baş verəndən sonra həmin ərazilərə ilk səfər edən, əsrin ən dəhşətli hadisəsi barədə geniş məlumat verən də Heydər Əliyev olmuşdur.
Ulu Öndər Moskvada işlədiyi illərdə də Azərbaycana böyük himayədarlıq edirdi. Məhz buna görə də erməni millətçiləri Dağlıq Qarabağ məsələsini ortaya gətirməyə cəsarət etmirdilər. Həmin dövrdə Türkiyə mətbuatı yazırdı ki, türk oğlu Kremldə oturur. Şübhəsiz ki, ermənilər Heydər Əliyevin İttifaq rəhbərliyində təmsil olunmasından çox böyük narahatçılıq keçirirdilər. Ulu Öndər 1987-ci ilin oktyabrın 24-də Kremldə tutduğu vəzifəsindən istefa verdikdən sonra isə məlum aqambekyanlar və balayanlar Azərbaycana qarşı xain niyyətlərini həyata keçirməyə imkan tapdılar. Bu hadisədən 21 gün sonra M.Qorbaçovun məsləhətçisi erməni Aqanbekyan Fransada erməni icmasına Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə Qorbaçovun razılıq verdiyini bildirdi. Ermənistandan qısa müddətdə (1988-ci ildə) 260 min soydaşımız didərgin salındı, hazırkı Ermənistanın 24,6 min kv. km ərazisindən azərbaycanlılar qovuldu, evləri talan edildi, 20 min nəfərdən çox soydaşımız öldürüldü və şikəst edildi.
Həmin dövrdə SSRİ hakimiyyəti ilə bərabər respublika rəhbərliyində çalışan milli xəyanətkarlar ölkənin həyati əhəmiyyətli məsələlərini bir tərəfə qoyub Heydər Əliyevə qarşı çirkin kampaniya aparırdı. O ağır günlərdə 1990-cı ildə Heydər Əliyev Azərbaycandan uzaqda - Moskvada xüsusi nəzarət altında yaşayırdı. Ancaq 20 Yanvar faciəsinin ertəsi günü özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib sərt bəyanatla çıxış etməsi göstərdi ki, bu böyük şəxsiyyət üçün Vətənindən, Xalqından əziz heç nə yoxdur.
20 Yanvar qırğınından sonra Azərbaycan xalqının ümidi, ancaq Heydər Əliyevə qalmışdı. Vəzirov, Mütəllibov dövründə Ulu Öndər Heydər Əliyevin respublikaya gəlməsinə şərait yaradılmaması nəticəsində O, 1990-cı ilin iyulunda ata yurdu Naxçıvana getdi. Heydər Əliyev, sadəcə olaraq, Naxçıvanda yaşamağa, muxtar respublika əhalisinin dərd-sərinə şərik olmağa qərar vermişdi. Ancaq Naxçıvan əhalisi Onu Ümummilli Lider kimi qəbul etdi və muxtar respublikanın rəhbərliyinə gətirdi. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Ulu Öndər Heydər Əliyev 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın Sədri seçilmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan səhifələri milli dövlətçilik ənənələrimizin dirçəldilməsi, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması, 1990-cı ilin 20 Yanvar fəciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumdan imtina etməsi, muxtar respublika ərazisində kommunist partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması silinməz tarixdir. Bu qısa dövr indi də xalqa xidmətin misilsiz nümunəsi kimi xarakterizə edilir.
Vaxtilə meydanlarda demokratiyadan, insan hüquq və azadlığından ağızdolusu danışan AXC-”Müsavat” cütlüyü siyasi hakimiyyəti ələ keçirdikdən sonra dövləti bolşevizm üsulları ilə idarə etməyə başladılar. Belə bir şəraitdə cəmiyyət də vətəndaş həmrəyliyi üçün zəruri olan ictimai razılıq sarsıldı, hakimiyyətin və əhalinin ayrı-ayrı qrupları arasında narazılıq və qarşıdurma gücləndi. Ölkəni xaos və anarxiya bürümüşdü.
Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox ağır keçdi. Xalq aclıqla da imtahana çəkilmişdi. Daha insanlar cana doymuşdular. Geri çəkilməyə yer yox idi, sanki uçrumun bir addımlığında dayanmışdılar. Xalq təkidlə Ulu Öndər Heydər Əliyevi ölkəni xilas etmək üçün Naxçıvandan Bakıya dəvət etdi. 
Ulu Öndər xalqın təkidli tələbi ilə 1993-cü ilin iyunun 9-da Bakıya gəldi. Xalq öz xilaskarını böyük sevinclə qarşıladı.                       Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. 3 gün sonra isə iyunun 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. 1993-cü ilin oktyabrın 3-də isə Heydər Əliyev yekdilliklə ölkə Prezidenti seçildi.
İnsanların hava qaralandan sonra küçəyə çıxmağa ürək etmədiyi, sabaha inamsızlıqdan doğan qorxu və təlaşın hökm sürdüyü, kriminal qüvvələrin adamları vahimə içərisində saxladığı bir dövrdə hakimiyyət sükanı arxasına keçən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını və dövlətini rüsvayçılıqdan və məhv olmaqdan xilas etdi.
Mahir diplomat və böyük idarəçilik ustadı olan Heydər Əliyev ölkəni böhrandan qurtarmağın əsas yolunu daxili ictimai-siyasi sabitliyin təmin edilməsində və cəbhədə atəşkəsə nail olunmasında görürdü. Ulu Öndər bunları ardıcıllıqla həyata keçirirdi. 1994-cü ilin mayın 12-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində atəşkəs elan olundu. Müharibədə şəhid olanlar minlərlə idi. Ölkədə sabitlik və əmin-amanlıq yaradıldıqdan sonra iqtisadi-siyasi islahatların həyata keçirilməsinə yönəlmiş addımlar atıldı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycan Dövlət Neft Şirkəti ilə Beynəlxalq Konsorsium arasında “Əsrin müqaviləsi” imzalandı. Sonralar reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri kimi dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə zəmanət verən möhtəşəm layihələr bu addımların məntiqi nəticəsi idi.
1995-ci il noyabrın 12-də Heydər Əliyevin rəhbərliyi ilə Milli Konstitusiyamız qəbul edildi. Torpaq islahatı keçirildi, dövlət əmlakının özəlləşdirilməsi aparıldı. Geniş hüquqi baza yaradıldı, 600-dən çox yeni qanun qəbul edildi. 1998-ci il martın 26-da “ Azərbaycanlıların soyqırımı haqqında” Sərəncam imzalandı, elə həmin il mətbuatda senzura ləğv edildi, ölüm hökmü aradan qaldırıldı. Xarici siyasət sahəsində də böyük uğurlar əldə olundu. Azərbaycanın Avropa Şurasının tam və bərabərhüquqlu üzv qəbul edilməsi milli maraqlarımızın daha geniş miqyasda təmin edilməsinə növbəti zəmin yaratdı. 2001-ci ildən AŞPA-dakı daimi nümayəndə heyətinin ilk rəhbəri İlham Əliyevin prinsipiallığı və təşəbbüskarlığı nəticəsində Avropa miqyaslı bu qurum Ermənistanı işğalçı dövlət kimi tanıyan ilk rəsmi beynəlxalq sənəd qəbul etdi.
Ulu Öndər Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli maraqların təmin edilməsi istiqamətində həyata keçirdiyi siyasi fəaliyyəti 2003-cü ildən indiyədək Azərbaycan xalqının etimadını böyük bacarıqla doğrultmuş möhtərəm Prezident İlham Əliyev xalqa xidmət etməyin Heydər Əliyev nümunəsinə möhtəşəm bir sədaqət nümayiş etdirir.
Ulu Öndərin idarəçilik məktəbini ən zərif incəliklərinə qədər öyrənən cənab İlham Əliyev dövlətin sosial-iqtisadi inkişafı sahəsində, cəmiyyətin demokratikləşdirilməsində və həmçinin beynəlxalq münasibətlərdə özünə məxsus Azərbaycan nümunəsi formalaşdırmağa nail olmuşdur.
Bu gün Ümummilli Liderimizin ideyalarına əməli ilə sadiqliyini nümayiş etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük inkişaf yolundadır. Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən qlobal layihələr də ölkə Prezidentinin fəaliyyəti ilə vəhdət təşkil edir.
Ölkə Prezidentinin rəhbərliyi ilə respublikamızda görülmüş işlərin miqyası əminliklə söyləməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycan Respublikası yaxın gələcəkdə uğurları daha da artıracaqdır.
 Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki, insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər.
Ancaq ulu öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq".
Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev də olacaqdır!

Yeganə Telmanqızı                                   
“XeberTıme.az”  

                                         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ