SON DƏQİQƏ

Şuşanın Körpə Qartalı- FOTOLAR/VİDEO

Tarix:3-01-2021, 13:15

Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.                                                                                                                                                 Dünya hərb tarixinin yeni dastanını  44 günlük müharibədə yazan cəsur döyüşçülərimizdən biri Sumqayıt şəhəri Xəzər bağları ərazisində yaşayan Qubat Əliyevin ailəsini ziyarət etdim.    
Qubatın ailə üzvləri ilə birgə Sumqayıt şəhər Şəhidlər Xiyabanını ziyarət etdik və şəhidlik zirvəsinə ucalan şəhidlərimizin ruhuna dualar oxundu.                                         

Şəhidimizi tanıyaq:  

4 fevral 1994-ci ildə Sumqayıt şəhərində Əliyevlər ailəsinin ikinci övladı  dünyaya gəlir. Sonradan  Qubad Əliyevlər nəslinin sevimli bir üzvünə çevrilir. O, Sumqayıt şəhər 4 saylı məktəbəqədər tərbiyə müəssəsində tərbiyə alır. Olduqca dəcəl, gülərüz olan kiçik Qubat hər bir işin dadını çıxarır. Hələ kiçik yaşlarından taxtadan tank, tapanca düzəldir və  hər zaman döyüşçü olmaq arzu ilə yaşayır. 2001-2010-cı illərdə Sumqayıt şəhər 15 və 8 nömrəli məktəblərdə orta təhsil alıb. Orta məktəbdə təhsil aldığı illərdə operator, kamputer sahəsinə daha çox maraq göstərdiyindən IX sinifi bitirərək Sumqayıt şəhər 1№-li Peşə Liseyinin Telekommunikasiya komputer texnikasında komputer texnikasının istismarı üzrə operator fakültəsində 70-ci qrupda təhsil alır. 2013-ci ildə Sumqayıt şəhər 1№-li Peşə Liseyinin Telekommunikasiya komputer texnikasında komputer texnikasının istismarı üzrə operator dərəcəsi diplomu verilmişdir.      
2013-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə yola düşür. İlk hərbi xidmətini Ağdam rayonunun N saylı hərbi hissəsində xidmət edir. Qubat Əliyev cavuş rütbəsində baş atıcı və tuşlayıcı, manqa komandiri vəzifəsinə kimi yüksəlir. 2014-ci ilin noyabr ayında xidmət etdiyi hərbi hissəyə mənfur düşmənimiz olan ermənilər növbəti dəfə hucum edərək atəş açırlar, Qubatın ayıq-sayıqlığı nəticəsində düşmən itki verərək geri çəkilir. Erməni hərbi hissəsinin manqa komandiri Boqdarsyanı  tutaraq  girov götürürlər. 2015-ci ilin yanvar ayında xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə qayıdır. Elə həmin ildə Delta Qrup C.O.MMC Logistika Departamentində Mərkəzi Anbar şöbəsində fəhlə kimi əmək fəaliyyətinə başlayır. 2016-cı ildə Balaxanım adlı sevib-seçdiyi xanımla ailə həyatı qurur. Qubatın övladları hamımıza şəhid əmanətidir. 3 yaşlı Elcan adlı oğlu və bir necə aya dünyaya gələcək övladı bizə yadigar qalıb.  
Aprel döyüşləri: hərb tariximizin ilk qələbə səhifəsi. 2016-cı ildə Əliyev Qubat döyüşlərdə iştirak etmək üçün Hərbi və Səfərbərlik Sumqayıt şəhər idarəsinə könüllü ərizə ilə müraciət edir lakin o zaman çağrılmır. 2020-ci il iyul hadisələrində Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimovun qəhrəmançasına şəhid olması Vətən oğulları kimi Qubata da çox pis təsir edir. Əfsanəvi, polad mətinli qəhrəmanın şəhidlik zirvəsinə uçalmasından sonra Qubat torpaqlarımızın azad olunması uğrunda gedən müharibədə iştirak etmək qərarından çəkilmir. O, daima Şəhidlər Xiyabanını ziyarət edir və onların qanının yerdə qalmamağına söz verir.      
Sentyabrın 27-də Azərbaycan-Ermənistan hərbi qoşunlarının təmas xəttində atəşkəs pozulub müharibə başlayır. Oktyabrın 9-da Qubat könüllü cəbhəyə yola düşür və xüsusi təyinatlı dəstəsinə qoşulur və bir sıra yüksəkliklərin, kəndlərin, rayonların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Əliyev Qubat cəbhə bölgəsinin Füzuli, Qubadlı, Ağdərə, Xocavənd istiqamətində gedən ağır  döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlardan biri idi.                                                                                  
8 noyabr saat 13:00-da anasına zəng edərək deyir:“Ana bizi təbrik edə bilərsən, biz Şuşanı azad etdik” saat 13:45 ataya zəng vurur hal-əhval tutur və həmişəlik hərbidə  qalaraq hərbiçi qulluqçu olmaq fikirini bildirir.                                                                           

2020-ci il 8 noyabr saat 15:00...Son döyüşü...Qırmızı Bazar istiqamətində Şuşaya doğru idi. Şiddətli və ağır döyüşlərdə əvvəl ayağından, sonra bədəninin digər nahiyyələrindən yaralanır. 26 yaşında Vətən oğlu şəhidlik zirvəsinə ucalır. 11 noyabr Sumqayıt şəhər  Şəhidlər Xiyabaninda uğrunda öldüyü torpağa tapşırıldı. İştirak edən yaralı əsgər yoldaşı Qubatın bu döyüşlərdə bir addım belə özünü geri vermədiyini deyirdi. “Şuşada qızğın döyüş getdiyi zaman Qubat və Fərid adlı başqa bir döyüş yoldaşımız dağın başında yerləşən pozisiyada düşmənlə üzbəüz vuruşurdu və hər ikisi şəhid oldu.” Onu son mənzilə yola salmağa hərbi hissədəki dostları, yaxınları, Müdafiə Nazirliyinin və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri bir sözlə onu taniyan hər kəs gəlmişdi. O da başqa şəhidlərimiz kimi əbədiyyətə qovuşdu. Cənazəyə bükülmüş üçrəngli Azərbaycan bayrağı dəfn mərasiminin sonuda şəhidin atası Hüsür kişiyə təqdim olundu.             
Xatırladaq ki, Əliyevlər ailəsi əslən Qərbi Azərbaycanın Zəngəzur mahalındadır.   
Azərbaycan Respublikasaının prezidenti İlham Əliyev döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cavuşu Əliyev Qubat Hüsür oğlunu vəfatından sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif etmişdir.                                             

Şəhid anaları qəhrəman analrdır. Anası Nigar xanıma oğlu Qubat haqqında danışmaq çətin olsada bizimlə həmsöhbət oldu:                                                                              
- Yeganə xanım balam gülə-gülə getdi, gülə-gülə də gəldi! Getdiyi gündən yuxumda ərşə çəkildi. Dostlarının, tanışlarının, Əliyevlər nəslinin sevimlisi idi Qubat.  Zarafatcıl, özünü hər kəsə istədən, həyatsevər insan, həm də çox zəhmətkeş, halal övlad  idi. Həmişədə deyərdi: ”Atam mənlə fəxr edəcək!” Heç kimi unutmurdu, hər kəsi özəl günlərdə, bayramlarda yada salardı. Ali Baş Komandan, Müzəffər Ordumuzun əsgərləri sağ olsunlar qələbəni bizə yaşatdılar. Balamın, digər şəhidlərin qanı yerdə qalmadı. Ən çox Şuşada döyüş yolu keçdiyi üçün balamı “Şuşanın körpə qartalı” adlandırmışdılar.  İndi Qubat Əliyevlə tək biz yox bütün Azərbaycan xalqı fəxr edir!                                                                                                 
Ömür-gün yoldaşı Balaxanım bizimlə öz fikirlərini bölüşdü:                                                                                   

- Xatirələrimiz çoxdur. Qubat ailəsinə, övladına çox bağlı idi. Ailəcanlı həyat yoldaşı, gözəl övlad, səmimi, gülərüz insan, qaygıkeş ata, bütün gözəl xüsusiyyətlər bu insanda cəmləşmişdir. Azərbaycanın vətənpərvər qəhrəman oğullarından biri idi. O qanından, canından keçərək Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə uçaldı. Biz onunla fəxr edirik! Mənə hər zəngində deyirdi: “Xanım Elcanımı qoru, ona göz bəbəyin kimi bax, qoy mənim yoxluğumu hiss etməsin”. Sanki hiss etmişdir ki, artıq bizlə görüşməyəcək. Allah bütün şəhidlərə rəhmət eləsin!  Qubat Əliyev 26 yaşında “Canım Sənə Fəda” deyib düşmənin üzərinə şığıyan cəsur döyüşçülərin sırasında oldu. Vətən və xalq sənin kimi qəhrəmanlarla qürur duyaraq fəxr edir!   

Şəhid Qubat Əliyevlə bağlı video roliki sizə təqdim edirik.                                           

Nur içində yatasan  şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

 Yeganə Telmanqızı 
 “XeberTıme.az”
  







FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ