SON DƏQİQƏ

Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir

Tarix:13-01-2021, 12:20

Ruslan İmanquliyev anasının yeganə övladı idi.       Yaşadığım Sumqayıt şəhərində Azərbaycanın işğal olunmuş torpaqları üçün  canını fəda edən şəhid Ruslan İmanquliyevin ailəsini ziyarət etdim.                                                  

Zəfər tarixi yazan qəhrəman şəhidimizi taniyaq:

İmanquliyev Ruslan Natiq oğlu 1996-ci il 14 mart tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ruslan kiçik yaşında olarkən atası ilə anası ayrılmışdır. Anası yeganə övladı olan Ruslanı tək başına, atasından heç bir dəstək olmadan böyütmüşdür. O, 2003-cü ildə Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2012-ci ildə həmin məktəbin 9-cu sinifini orta təhsillə bitirmiş və 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olmuşdur və 2015-ci ildə “Telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirmişdir.                                      
Ruslan dünyaya gələn gündən şəhid olduğu günə qədər anası Ramiyyə Səfərovayla və ana nənəsi, ana babası ilə bir yerdə yaşamışdır. 09.06.2020-ci il tarixində Ruslanın çox sevdiyi Allahverdi babası haqq dünyasına qovuşur və bu itkiylə o heç cürə barışa bilmir.           

Xatırladaq ki, Ruslan gilin ailəsi  əslən Qərbi Azərbaycanın Zəngəzur mahalındadır. Ruslan İmanquliyev 17.06.2020-ci il tarixində sevib seçdiyi Elvina xanım ilə ailə qurmuşdur. Amma çox təəssüf ki, gənc ailənin səadəti cəmi 3 ay çəkir...                     
Ruslan İmanquliyev 2015-ci il iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə çağırılır və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edir. Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında  Ruslan İmanquliyevi Azərbaycan Silahlı qüvvələrinin sıralarına  qayıtmağa sövq edir. Ruslan  İmanquliyev Priküşkül qəsəbəsində N saylı hərbi hissədə Tank Əleyhinə Tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH  qulluqçusu vəzifəsində işləməyə başlamışdır .O, işlədiyi müddətdə  müxtəlif hərbi təlimlərdə aktiv iştirak etmişdir.                     
2020-ci il 27 sentyabrda başlamış 2-ci Qarabağ müharibəsinin ilk gündən düşmənlə qarşı- qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşur.  Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mətinlik və mərdlik nümayiş etdirmişdir.                  
2020-ci il 2 oktyabr... Son döyüşü Fizuli istiqamətində gedən ağır döyüşlərdə şücaətlə vuruşur. Döyüşün qızğın anında Ruslanın silahı itir ağır artilleriya ilə düşmənə layiqli cavab verir. Onların qüvvələrini azaltdıqdan sonra, hərbi anda sadiq qalaraq silahının arxasınca gedir. Döyüşün şiddətinə baxmayaraq İmanquliyev silahını götürür, amma mənfur düşmənin gülləsi də ondan yayınmır. Ruslan silahı əlində döyüşərək boyun nahiyyəsindən vurulur, qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Ruslan İmanaquliyev  3 oktyabrda  son mənzilə yola salındı. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilən şəhidin vida mərasimində onun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri minlərlə insan iştirak edirdi. O da başqa şəhidlərimiz kimi tarix yazaraq əbədiyyətə qovuşdu.           
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş İmanquliyev Ruslan Natiq oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.                                                               


Şəhid anaları qürurlu qəhrəmanları yetişdirən analardır. Ramiyyə xanım ismət, namusla  oğlu Ruslanı tək  böyüdərək vətənpərvər ruhda yüksək əxlaqa malik olaraq tərbiyyə etmişdir. Ruslanı gözü yaşlı və fəxrlə xatırlayan Ramiyyə xanım bizimlə həmsöhbət oldu:                                                                                

- Ruslan mənim yeganə övladım idi. Hər zaman Ruslanın qəlbində vətəninə, dövlətinə sevgisi  sonsuz idi və o hərbi peşəsini seçməyə qərar verdi. Mən ona mane olmağa çalışdım, amma olmadı, qismət belə imiş. Bu evdən son gedişi 27 sentyabr saat 06:00-da oldu. Mənə söz verdi ki, 5 günə gələcəm, necə söz vermişdi 5 günədə gəldi...şəhid olaraq gəldi...Heç unutmuram o günü hazırlaşmışdım Şəhidlər Xiyabanını ziyarətə gedəm. Təsədüfən eyvana çıxanda gördüm həyətə bəlkədə 300-dən çox adam yığışıb. Ana kimi hiss  etdim ki, bu adamlar  bizlə bağlı yığışıblar. Tez həyətə düşdüm və hamıdan soruşdum ki, bilirəm Ruslanıma nəysə olub, heç kim mənə çavab vermədi. Bu zaman göyə baxdım Ruslan ordan işıqlar arasından mənə baxdı və gözdən itdi...
Bilirəm balam cənnətdədir, Ruslan   mənim cənnətimdir. Çox az yaşadı cəmi 24 il, amma o qədər özünə böyük hörmət qazandı, onu tanıyanlar, iş yoldaşları hələ Ruslanımdan bir gün belə incimədilər. Mənim üçün o ölməyib yaşayır və nə vaxtsa gəlməyinədə inanıram...                     

İş və döyüş yoldaşı Asif Hüseynov Ruslanla bağlı xatirələrini bizimlə bölüdü:

- Yeganə xanım Vətəni üçün canından, qanından keçən hər əsgərin adı tariximizlə yanaşı qəlbimizədə həkk olundu. Ruslanla 2016-cı ildən tanışıq. Eyni hərbi hissədə işləyirdik. Həm iş yoldaşı, həmdə sirdaş idik, mənə çox güvənirdi. Hər gün bir yerdə işə gedib gələrdik, nə sözü, sirri var idi mənlə bölüşürdü, səmimi insan idi, kimə nə söz deyilməli idisə üzünə deyərdi. Özü haqqında çox şeyləri mənlə bölüşürdü. Məndə ona lazımı məsləhətlərimi verirdim, o da qulaq asıb əməl edirdi. Sevdiyi qıza ilk sevgi etirafın edəndə dost kimi mənimlə bölüşmüşdü. Sevdiyi xanımla ailə qurduğu üçün sevincinin həddi-hüdudu yox idi. Döyüşdədə bir yerdə vuruşduq. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdik. Düşmənlə üz-üzə vuruşurduq Ruslan şəhidlik zirvəsinə ucaldı. Ruslanı itirməklə Silahlı Qüvvələri qorxmaz, cəsarətli bir hərbiçisini, biz gözəl, səmimi dostumuzu itirdik. Məkanı cənnət olsun!                                                          

Döyüş və iş yoldaşı Rauf  Abbasov Ruslanı belə xatırlayır:                                                                                          
- Yoldaşlığımız çox olub Ruslanla, mərd oğlan idi. Demək olar ki, bütün günümüz bir yerdə keçirdi. Eyni hərbi hissədə çalışdığımıza görə işədə bir yerdə gedib, gələrdik. Ailə qurduğuna görə çox xoşbəxt idi. Vətən müharibəsinə deyib gülə-gülə getmişik. Döyüşdə də bir yerdə vuruşduq. 
Ruslan heç zaman gileylənmədi, hər zaman vətənə xidmətindən qürur duydu. O, şəhid olanda biz səngərdə idik, onun ölüm xəbərini eşidib pis olduq, snayperlə atırdılar deyənə biz çıxa bilmədik. Şəhid qardaşlarımızı hər zaman hörmət, sevgi, qürur və məğrurluqla anırıq. Allah rəhmət eləsin!
Bəli Ruslan xidməti başında şəhid oldu. Ramiyyə anayla birlikdə bütün Azərbaycan xalqı dəyərli bir hərbiçisinii itirdi. İndi onunla tək ailəsi yox bütün Azərbaycan fəxr edir! 
 Nur içində yatasan  şəhid qardaşım! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

 Yeganə Telmanqızı 
 “XeberTıme.az”
 



 



  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ