SON DƏQİQƏ

Rahat yat, yurdumun şəhid oğlu!

Tarix:16-01-2021, 00:06

Ən yüksək mərtəbə sayılan şəhidlik zirvəsinə ucalaraq bir ömür boyu qəlblərdə yaşayacaq şəhid şagirdim.                                           Ən ülvi hisslər ilə qanlarını torpağa qarışdırıb “Bütöv  Vətən” amalı ilə şəhidlik zirvəsinə yüksələn igidimiz Yusifov Hüseyn İsaq oğlu ailəsini ziyarət etdim.

Şəhidimizi tanıyaq.

12 iyul 2002-ci il tarixində Ağstafa rayonun Poylu kəndində Yusifovlar ailəsinin ilk övladı Hüseyn dünyaya gəldi. Sadə, zəhmətkeş  ailədə böyüyən Hüseyn Ağstafa rayonun Poylu kənd  tam orta məktəbin birinci sinifinə qədəm qoyur. 3-cü sinifdə oxuyarkən ailə Sumqayıt şəhərinə  köçür və Hüseyn Sumqayıt şəhər 14 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyan Hüseyn  Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin nəfəsli alətlər şöbəsinin truba sinifində təhsil alır. Xüsusi istedada malik olan Hüseyn truba alətinin sirrlərini Balamiyev Faiq müəllimdən, musiqi nəzəriyyəsini Hüseynova Yeganə müəllimədən, ümumi fortepianonu isə Qarayeva Kifayət müəllimədən öyrənir. Məktəbin tədbirlərində fəal iştirak edir. O futbolla da məşğul olur. 7-ci sinifdə oxuyarkən  ailə  Ağstafa rayonun Poylu kəndinə qayıdır və Hüseyn Poylu kənd tam orta məktəbində təhsilini davam etdirir, 2020-ci ildə tam orta təhsilini bitirir. Iyul ayının 12-də Hüseynin ailəsi onun 18 yaşını qeyd edir, 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə gedir. Ailə üzvüləri və dostları ilə söhbət zamanı dedilər ki, Hüseynin ən böyük arzusu şəhid olmaq idi...Goranboy rayonunda N saylı hərbi hissədə xidmətə başlayır. 27 sentyabr İkinci Qarabağ müharibəsi başlanan gündən igidliklə döyüşlərdə vuruşur. 29 sentyabr axrıncı dəfə atasıyla danışır və hər şeyin yaxşı olacağını bildirir.                                                                                                   

2 oktyabr 2020-ci il...Ağdərə istiqamətində gedən döyüşlərdə ayağından, qarnından, sol çiynindən, başından qəlpə yarası alaraq qəhrəmançasına arzusu olduğu şəhidlik zirvəsinə ucalır. 88 gün itkin düşən əsgərimiz 26 dekabr tapılır...Hüseyn Yusifov Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilir. 18 yaşlı şəhidin vida mərasimində ailə üzvüləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri minlərlə insan iştirak edir. Müqəddəs bayrağımız əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilir.                          
Anası Asya xanım ikinci qrup əlildir, bacısı Nurlanə Yusifova Sumqayıt Dövlət Texniki Kollecinin 3-cü kurs tələbəsidir.   

Qəhrəman oğul böyüdən məğrur Asya anaya oğlu Hüseyn haqqında danışmaq çətin olsa bizimlə həmsöhbət oldu:                                                                                                                                                                          
- Hazırlaşmışdım oğlumun yanına hərbi hissəyə gedəm. Onun sevdiyi hər şey almışdım, onun xoşuna gələn yeməklərdəndə bişirəcəydim...Axrıncı dəfə 29 sentyabr atasına zəng vurdu və dedi ki, “narahat olmayın hər şey yaxşı olacaq.” Yuxuma girdi gördüm rayondakı evdeyik körpə yaşlarındadır yatıb yanımda, atası götürür aparır aşağıkı evə. Məndə qışqırdım, ağladım ki, hara aparırsan? Dedi ki, qorxma gəl burda qazı yandırdım bura istidi, Hüseyndə bir az xəstələnib. Baxdım ki, balam aqzı üstə yatıb, birdən gözün açdı və mənə baxıb dedi ki, yaxşıyam. Qucağıma aldım üzün sildim təmizlədim, dedi ana indi lap yaxşı oldum. Sonra arxası üstə uzanıb yatdı...Balam   88 gün itkin düşdü, indi yeri rahatdır. Maşına çox həvəsli idi, atasının maşının sürərdi. Sevdiyi qızda var idi, əsgərə getməmişdən əvvəl mənə dedi ki,  “elçi get” dedim get sağ salamat gəl elçidə gedecem, 5 qaşlı üzükdə alacam. Balamın arzuları ürəyində qaldı...                
Şəhid anası, Hüseyn yalnız sənin deyil, bütün Azərbaycanın qəhrəmanıdır, Vətəninin övladıdır!       
Müəllifdən: Hüseyn mənim sevimli şagirdlərimdən biri idi. Dərslərinə məsulliyyətlə yanaşan, yuksək tərbiyyə malik, özünə və ətrafındakı olan insanlara hörmətlə yanaşan bir uşaq idi. Vətən sevgisini qəlbən yaşayaraq canını fəda verən tarix yazaraq bizlərə qələbə sevincini yaşatdın. Ən yüksək mərtəbə sayılan şəhidlik zirvəsinə ucalaraq bir ömür boyu qəlblərdə yaşayacaq şəhid şagirdim.  Bir müəllimə  kimi vətənimizin qələbə tarixini yazan şəhid şagirdimlə fəxr edirəm. Şəhidlik Zirvəsində onlar əbədi yaşardılar! Nur içində yatasan şəhid şagirdim! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
   


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ