SON DƏQİQƏ

Şərəf dolu tarix yazan Qəhrəman+ FOTO\VİDEO

Tarix:19-01-2021, 12:40

Fərid Şamilov- ”Ata sən ala bilmədin, amma mən aldım bu torpaqları, Şuşa bizimdır sən narahat olma.” 44 günlük Vətən müharibəsinin Zəfər tarixmizi yazan 21 yaşlı şəhidimizi tanıyaq:
4 may 1999-cı ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə ailənin ilk övladı dünyaya gəlir. Hələ uşaqlıqdan yaşıdlarından seçilən Fərid hər kəsin sevimlisi və hər bir işdə fəal, dürüst, qocaq oğlan idi. Uşaqlıqdan vətəninə, torpağını bağlı idi. 2005-2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alır. Bütün müəllimlərin və sinif yoldaşlarının sevimlisi idi. 2013-ci ildən bu günə qədər atası Mirzə və nənəsi Tamara xanım   Fəridi və Fuadı böyüdüb, təlim-tərbiyyələri ilə məşğul olublar. Fərid Tamara nənəyə hər zaman deyirmiş: “Nənə gedib Şuşanı alacam sənidə aparacam...”                                                                             
Fərid Şamilov 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə gedir. Füzuli Haramı düzündə N saylı hərbi hissədə ön xətddə xidmətə başlayır. 2019-cı ildə yanvarın 9-da hərbi xidmətdən qayıdır. “Səba” Şirkətlər Qrupunda mühafizə xidmətində əmək fəaliyyətinə başlayır. Səfərbərlik elan olunanda o “Vətən dardı” deyb ərizəsi ilə işdən azad olur.                                                         

2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə ərizə ilə müraciət edir. 21 sentyabrın 2020-ci il tarixində çağrılır və bir müddət Qusar rayonunda təlimlər keçəndən sonra sentyabrın 27-də cəbhə bölgəsinə yollanır Füzuli istiqamətində gedən döyüşlərdə şücaətliklə vuruşur. Cəbrayıl, Zəngilan, Xocavənd, Şuşa, Laçın rayonları uğrunda gedən döyüşlərdə igidlik göstərərək vətənə layıqincə xidmət edir. Son zənglərinin birində deyir; “Atama deyin məni bağışlasın, mən onu çox istəyirəm.”     
2020-ci il 8 noyabrdan 9-na keçən gecə...Fərid Şamilovun son döyüşü...Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olur. Ağır döyüşdə minamyot atılır Fərid yaralanır, köməyinə çatmaq istəyən döyüş yoldaşı Famil Məmmədov düşmən gülləsinə tuş gələrək vurulur. Fərid şəhid Qubad Əliyevlə birgə şəhidlik zirvəsinə ucalır. Fərid Şamilov 10 noyabrda son mənzilə yola salındı. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilən şəhidin vida mərasimində onun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri minlərlə insan iştirak edirdi. O da başqa şəhidlərimiz kimi tarix yazaraq əbədiyyətə qovuşdu. Fərid Şamilovun cənazəsinə bükülmüş üçrəngli Azərbaycan bayrağı dəfn mərasiminin sonunda atası Mirzə Şamilova təqdim olundu.                                                                                
O torpağını, vətəninin daha çox sevdi. Bakı şəhəri 20 saylı məktəbin 2F sinifi onun adın daşıyır.   
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayış etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Şamilov Fərid Mirzə oğluna ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif etmişdir.                                                                             

Atası Mirzə Şamilov 1993-1997-ci illərdə I Qarabağ müharibəsinin döyüşçüsü olmuşdur. Fərid haqqında danışmaq çətin olsa da bizimlə həmsöhbət oldu:                                                

- Son döyüşdən bir gün öncə mənlə danışıb dedi: ”Ata sən ala bilmədin, amma mən aldım bu torpaqları, Şuşa bizimdır sən narahat olma.” Mərd, saf ürəkli, vətəninə, xalqına bağlı bir oğlan idi. Fərid uşaq vaxtından böyük düşüncələri ilə hamının hörmətini qazanmışdır. Maraqlı söhbətli, insanlara canı yanmağı ilə fərqlənirdi. Hər kəsə bacardığı köməyi əsirgəməzdi. Dostlarının, qohumların sevimlisi idi. Çox inamlı oğlan idi və inanırdı ki, torpaqlarımızı azad olunmasında onunda əməyi olacaq. Fərid bizim xoş xatirələrimzdə qaldı!                                                                     
Ailəni ziyarət edərkən 7 yaşlı Ruslan adlı bir oğlan mənə yaxınlaşaraq dedi: Mən əmim Fərid Şamilovla fəxr edirəm, ona bir seirdə yazmışam. 

Canından can verərək
Qanından qan verərək
Zirvələrə ucalan
Mənim əmim Fəriddir
 
Vətənimin torpagın
Hər qarışın hər dagın
Qədrini o bilirdi
Mənim əmim Şəhiddir 
 
Şəhid əsl igiddir
O hər kəsə aiddir
Qəlbimizdə yer edən
Mənim əmim Fəriddir

Vətən müharibəsinin qəhrəmanları qürur yerimizdir!!! Azərbaycan xalqı Şəhidlərimizin adını daim uca tutacaq. 

Nur icində yatasan şəhid qardaşım! 
Öz qanı ilə tarix yazan Fərid Şamilovun xatirəsindən bəhs edən  video çarxı sizə təqdim edirik

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
  



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ