SON DƏQİQƏ

Ən şərəfli ölüm şəhadətdir! + FOTOLAR\VİDEO

Tarix:21-01-2021, 22:53

Akif Cabbarovun arzusu ilə o, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edildi.                                                           
Şəhidimizi tanıyaq. 

Cabbarov Akif Elxan oğlu 1997-ci il 20 sentyabr Gədəbəy rayonunda kasıb, fəhlə ailəsində dünyaya gəlmişdir. Elə həmin ildə ailə Şəmkir rayonunun Könüllü kəndinə köçür. 2004-2015-ci illərdə Şəmkir rayonu Könüllü kənd Z.Namazov adına tam orta məktəbində təhsil alır. 2016-cı ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon İdarəsindən həqiqi hərbi xidmətə gedir. Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətə başlayır. 10 gün idi ki, xidmətə başlamışdır anası Aişə Cabbarova xərcəng xəstəliyindən dünyasını dəyişir. Ailənin yeganə oğlu Akif anasının dünyasını dəyişməsi xəbərindən çox sarsılır...                                         

2016-cı ilin Aprel döyüşlərində şücaətliklə vuruşur və bu qəhrəmanlığa görə hərbi hissə tərəfindən tərifnamə ilə təltif olunur. 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vuraraq Sumqayıt şəhərinə gəlir. Burada əmək fəaliyyətinə başlayır. Bir müddət fəhlə, sonra müəyyən özəl şirkətlərdə mühafizəçi kimi çalışır. 2020-ci ilin iyul ayında Tovuz döyüşləri başlayan gündən könüllü Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə ərizə ilə müraciət edir. Ölümü ilə milyonlarla insanın qəlbinə fəth edən  general-mayor Polad Həşimovun şəhidlik zirvəsinə ucalması  hər kəsə olduğu kimi Akifədə pis təsir edir...  

                                     
Sentyabrın 21-də Gədəbəy rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsindən cəbhəyə yola düşür. Daşkəsən rayonunda təlimlər keçəndən sonra 27 sentyabrda başlanan Vətən müharibəsində döyüşlərə qatılır. Suqovuşan, Qubadlı, Zəngilan, Şuşa, Laçın, Füzuli uğrunda gedən ağır döyüşlərdə igidliklə vuruşaraq döyüş yolu keçir və kəşfiyyatçı kimi qulluq edir.  



                                                          
2020-ci il 25 oktyabr...Akif Cabbarovun son döyüşü... Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalır.   

         
29 oktyabr şəhidin arzu ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilir. Şəhidin vida mərasimində onun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər ictimayyəti iştirak edirdi. 23 yaşında Akif uğrunda canını verdiyi, sevdiyi torpağa qarışdı.   



Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Cabbarov Akif Elxan oğlunaölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etmişdir. 


Yaşadığı məhəllədə şəhid Mahir Xələflinin və Akif  Cabbarovun xatirələrinə ehtiram olaraq barelyef vurulmuş və bulaq tikilmişdir. 

                                                                                                                        
Akifin dayısının ömür-gün yoldaşı Nigar xanıma Akifi itirmək daha da çətin oldu...   

                                                                          
- Akif kiçik yaşlarından bizim evin uşağıydı. Hərbi xidmətdən qayıtdıqdan sonra da bizdə qaldı. Arzuları çox idi.  Hər kəsin sevimlisi, çox saf, hörmətli, sözə baxan tərbiyyəli oğlan idi. Böyüklə böyük, kiçiklə kiçik kimi davranardı. Namaz qılırdı, oruc tuturdu. Hər zaman şəhid olmağından danışırdı. Vətənə sevgisi böyük idi və işğal olunmuş torpaqlarımıza bayraq sancmaq ən böyük arzularınan idi. Deyirdi ki; “Mən xəstələnib, qocalıb ölmək istəmirəm şəhid olaraq ölmək istəyirəm. Ən şərəfli ölüm şəhadətdir! Şəhid olsam  şəkillərimi paylaşarsız.” Gedəndə son sözü bu oldu: “Xalqın duası bizimlə olsun!” 




Akifin yaxın qohumu balaca Solmaz dayısı Akif Cabbarov ilə fəxr edir, şəhidlərimizin xatirəsinə bir seir söyləyib. 



Nur içində yatasan  şəhid qardaşım! 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ