SON DƏQİQƏ

Evindəki, şəhid guşəsini Rəşad Mirzəli özü sağlığında düzəltmişdi.

Tarix:23-01-2021, 03:20

Murov zirvəsi və Talış yüksəkliyi uğrunda döyüşən əsgərlər qələbənin ilk qaranquşları idilər.                                      Qəhrəman Tərtərin igid oğlu Mirzəli Rəşad Hafiz oğlu Azərbaycan Respublikasının prezidentinin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.                                                                                           
Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən, şəhidlik zərvəsinə ucalan igidlərdən biri də gizir Mirzəli Rəşaddır. Bəlkədə şəhid olacağını bilirdi. Buna görə də evindəki, şəhid guşəsini Rəşad Mirzəli özü sağlığında düzəltmişdi. İndi bu şəkillərdə olan baxışlar Rəşadın dediyi sözün mənasının çox dərində olduğunu ifadə edir...                            
Müharibədə döyüş komandiri olub. 1995-ci il mayın 26-da Tərtərin Hacıqərvənd kəndində ziyalı ailəsində dünyaya gəlib. Ailədə 2 qardaş böyüyürdü. Anası Afidə xanım riyaziyyat müəllimidir. 5 yaşında valideynlərinə israrla məktəbə getmək istədiyini deyib və həmin yaşda ibtidai təhsilə başlayıb. Hərbi xidmət zamanı sülhməramlı qüvvələrin sıralarında Azərbaycanda 6 ay qulluq etdikdən sonra könüllü Əfqanıstana yollanıb və 2014-cü ildən 2015-ci ilə kimi xidmətini orada davam etdirib. Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təltif olunub.  Mingəçevir şəhər İdman və Turizm Kollecinə daxil olur. Qiyabı təhsil ala-ala, eyni zamanda gizirlik kursundan keçir. Vətən müharibəsində Rəşad Mirzəli irəli yox, arxamca gəlin deyən komandirlərdən olub. Əsgərləri ilə birgə Murov istiqamətində ən yüksək düşmən postunu alır. Döyüşlərdən birində Rəşad yaralnır, komandir ona deyir ki, yaralı əsgəri apar və özün də geri qayıtma, sənə ilkin yardım göstərsinlər. Rəşad yenidən döyüş mövqeyinə qayıdır və onlarla birlikdə vuruşur, güllənin altında nəinki yaralı, hətta şəhid əsgərlərin meyitlərini belə döyüşə-döyüşə çıxarır.                                                       
1 oktyabr 2020-ci il...Gizir Rəşadın sonuncu döyüşü... Suqovuşan uğrunda gedən gərgin döyüşləridə 25 yaşında şəhidlik zirvəsinə ucalır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Mirzəli Rəşad Hafiz oğluna ölümündən sonra “Vətən uğrunda” medallı ilə təltif etmişdir.                                                   

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil, Əkbər Yusifoğlu hər zaman şəhidləri hörmətlə anır.                                                                                               
- Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq yalnız müqəddəs amallar uğrunda çarpışan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. Rəşad Mirzəli  də xalqın qəhrəmanlıq salnaməsinə adını yazdıran mərd oğullardandır. Vətən sağ olsun!                                  
Rəşadla axırıncı döyüşdə bir yerdə olduğu uşaqlar onun döyüşə necə qəhrəmancasına getdiyindən, gülə-gülə uşaqları ruhlandırmasından danışdılar. Dedilər ki, “o bizə heç vaxt irəli demirdi, bir komandir kimi arxamca gəlin deyirdi.”                                                          
Sentyabr ayının 27-də Gülüstan tərəfdən Kəlbəcərə girib ən yüksək erməni postunu alırlar, sonra əmr verilir geri qayıdırlar. Murov və Talış yüksəkliyini alırlar. Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə 8 erməni bizim geyimdə, bizim dildə danışaraq deyiblər ki, sizə köməyə gəlmişik. Rəşad onları danışdırır və başa düşür ki, bunlar ermənidi. Avtomatını çevirib hamısını məhv edir. Döyüşçülər bunların geyimlərinə baxanda əyinlərindəki paltarın içəri hissəsində erməni dilində yazını aşkar edirlər. Talış yüksəkliyini alanda bayraq götürür ki, Suqovuşana bayrağı özüm sancacam, təəssüfki, Suqovuşan alınanda Rəşad şəhadətinə qovuşur. Həmin bayrağı döyüşcü yoldaşları şəhidin üstünə sərib ailəyə göndəriblər.

Şəhidlər xeyir-duaların analarından alırlar. Şəhid anaları mərd analardır. Qəhrəman Rəşidi böyüdən  Afidə Mirzəyeva haqqınız ödənilməz!                                                   
- Uşaqlıqdan arzusu hərbçi olmaq idi. 2014-2015-ci illərdə Hərbi xidmətinin 6 ayını könüllü olaraq Əfqanıstanda xidmət edib. Oğlum körpəlikdən qəhrəman idi, onu hiss edirdim, heç nədən qorxmurdu. 5 yaşına kimi yazmağı oxumağı öyrənmişdi, yaşı düşməsədə savadına görə onu 5 yaşından məktəbə qəbul etmişdilər.  Gülə-gülə gəldi ki “ana, mən sülhməramlıya düşmüşəm yaxşı olacaq.” Onu yola salanda mən özümə söz vermişdim ki ağlamayacam və onları gülə-gülə yola salacam. Elədə oldu, sülhməramlıda 6 ay xidmət edəndən sonra atasına zəng edib dedi ki, anama bildirmə mən könüllü  Əfqanıstanda xidmətə yazılmışam. Sizdən zəng edib soruşsalar narazı olma mən könüllü gedirəm. Orda 1 il əsgər oldu.                

Ordan gələndə də dedi ki, “ana oğlun sənin başını uca edib. Sən fəxrlə deyə bilərsən ki oğlum sülhməramlıda xidmət edib. Qürurla deyə bilərsən ki mənim oğlum Türkiyə prezidenrti tərəfindən mükafatlandırılıb.” Ona Türkiyə Prezidenti R. T. Ərdoğan tərəfindən saat bağışlanmışdı. Həmən saat onun ən sevimli hədiyyələrindən biri idi. 2015-ci ilin yanvar ayında   Əfqanıstanda hərbi xidmətini başa vurur. Mingəçevir İdman Turizm məktəbinə daxil olub, 2-ci kursda oxuyurdu. Mart ayından Goranboydakı hərbi hissələrdən birində müddətdən artıq hərbi qulluqçu-gizir kimi xidmətə başlayır. Rəşad Mirzəlinin  atası Hafiz kişi 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. O, hər zaman Şuşanın gözəlliklərindən danışarmış. İşğaldan qabaqkı vaxtlardan danışanda Rəşadda deyirmiş ki, “adamın vicdanı götürməzki belə gözəl torpaqlarda ermənilər yaşasın?. Bizim özümüzün ola-ola ora gedib gələ bilməyək. Yox, belə ola bilməz!”                                                   
General Polad Həşimov Tovuz hadisələrində şəhid olanda deyirdi ki, “bir ordunun generalı şəhid olubsa, əsgər ondan irəlidə olmalıdır, torpaqları gərək alaq.”  Mənə mesaj yazıb ki, “ana bu şəkilləri videoları göndərirəm, Allah qoysa qələbə qazanacayıq o, torpaqları azad edəndə sən fəxrlə paylaş bu şəkilləri və  deyərsən ki görün mənim oğlum necə yerləri qaytardı.” Arzuları çox idi, hər zaman danışanda  xəyallar qurardıq. Bəy otağını necə düzəldəcəyindən danışardı. Qəlbində bir sevdiyi qızda vardı Rəşadın,  edəcəyi toyundan danışardı...       
Murov yüksəkliyini aldılar, Murov yüksəkliyindən sonra Talış yüksəkliyini, Suqovuşanı işğaldan azad etdilər. Torpaqların tam qayıdışına çox sevindim ki, yəni mənim övladımında ruhu şad oldu ki, bu torpaqlar alındı. Oğlum boşuna şəhid olmadı . Artıq heç bir ana bundan sonra bizim kimi ağlamayacaq. Bütün şəhid analarına deyirəm başımızı dik tutaq ki, bizim övladlarımız belə vətənpərvər mərd igid olaraq döyüşdülər, 30 illik torpaq həsrətinə son qoydular. Döyüş yoldaşları deyir ki ,”Murovu alanda Rəşad məni 4 km çiyninə alıb döyüş zionasından çıxarıb. Talış istiqamətindəki döyüşlərdə Rəşad heç bir yaralını qoymurdu ki qala hamısnı çıxarırdı. Leytenantlardan biri şəhid olur, Rəşad geri çəkilmək əvəzinə şəhid olan yoldaşının cənazəsini ərazidən çıxarır. Döyüş yoldaşlarından biri onunla gəlmək istəyəndə geri qaytarır və deyir ki,  sizin ailəniz, uşaqlarınız var. Onların gözü yoldadır…”                                                             

Düzdür deyirlər ana müqəddəsdir hamı ananın qarşısında baş əyir, amma mən oğlumun timsalında şəhid olanların qarşısında baş əyirəm. Onlar gələcək nəsili bu bəladan qurtardılar. Gələcək nəsilə gözəl bir hədiyyə etdilər.                                                                              

Deyirlər xala ikinci anadır. Şəhidin xalası Səadət   Məmmədova Rəşidlə bağlı xatirələrindən danışdı:                              

- Biz analar istəmirdik müharibə olsun! Amma Vətən yolunda şəhid olmalıdır. Torpaqla su qarışanda palçıq olur, amma qanla torpaq qarışanda vətən olur. Qan torpağa qarışmasa bu vətəni biz bütövləşdirə bilməzdik. Içimizdə o torpaqların yarası vardı.... nə yaxşı ki bu yeni nəsil o torpaqları bizə qaytardılar.

Qardaş balaları bibilər üçün əvəzolunmaz nemətdir. Bibisi Çimnaz Mirzəyeva Rəşidlə  fəxr edir!                                                             

- Mənim Musa babamın, atamın atasını 1918-ci ildə ermənilər qətlə yetirib. Ondan sonra 30 il bundan qabaqkı döyüşdə 3 qardaşım özü könüllü orduya yazıldı, onlar da döyüşdülər . Ali Baş Komandan sağ olsun onun ətrafında hamı birləşdi və bu torpaqlarda alındı.                            
Rəşad heç vaxt torpaqlarımızn işğalı ilə barışa bilməyib. Müharibənin başlayacağı günü səbrsizliklə gözləyirdi., deyirdi ki, “Qarabağ azad olunandan sonra gözəl həyat başlayacaq. İndi biz rahat həyatdan danışsaq, haram olar.” 

Arzuları böyük idi.. deyir Rəşadın atası Hafiz kişi.  

- Biz 3 qardaşıq üçümüzdə müharibədə iştirak eləmişik.Rəşiddə  baxdı əmilərinə gördü ki hamısı döyüşüb yaralansaqda yolumuzla getmişik. Şəhid olsaydıqda 1992-ci ildə şəhid olacaydıq, Allah bizə qismət etmədi…bu uşaq qisas yolunu, yəni torpaqları geri qaytarmağı seçdi. Arzusu qisasını almaq və vətən torpaqlarını azad görmək idi. Arzusuna çatdı, borcunu vətənə artıqlaması ilə ödədi. 
Nur içində yatasan şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”
  



 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ