“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar var. Əfvlə bağlı həddən artıq müraciətlər mövcuddur”.
XeberTıme.az xəbər verir ki, bunu açıqlamasında komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb: “Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi və əfv addımlarını əldə tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.
Z.Orucun bu açıqlamaları aylardır ki, müzakirə edilən Amnistiya Aktı və Əfv sərəncamı məsələsini bir daha gündəmin əsas mövzularından birinə çevirib. Gözlər indi də mart ayına dikilib. Novruz bayramı ərəfəsində parlamentin ya Amnistiya Aktı qəbul edəcəyi, ya da ölkə prezidenti tərəfindən Əfv sərəncamının imzalanacağı gözlənilir.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev böyük ümidlərlə danışdı: “II Qarabağ savaşında qalibiyyətin əldə olunması, zəfərin qazanılması Böyük Amnistiya Aktının qəbuluna ciddi əsaslar yaradıb. Milli Məclis Böyük Vətən Müharibəsindəki qələbəmizlə bağlı bu aktı qəbul edə bilər. Nəzərə alaq ki, bu qələbəmiz çox böyük bir uğurdur, miqyası çox böyük olan bir hadisədir. Sonuncu dəfə Amnistiya aktı çox hörmətli I vitse-prezident, ”Heydər Əliyev" Fonunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2016-cı ildə qəbul olunub. O zaman Mehriban xanım millət vəkili idi. Ondan əvvəl də Mehriban xanımın təşəbbüsü ilə üç dəfə Amnistiya Aktı qəbul edilib. İndi artıq sonuncu qəbulun üzərindən 4 ildən çox zaman keçib. İndi bu aktın qəbulu üçün böyük əsaslar yaranıb. Bu da heç şübhəsiz ki, Böyük Vətən Müharibəsindəki parlaq qələbəmizdir. Bu təkliflə bir neçə dəfə çıxış etmişəm. Biz hətta ehtiyac yaranarsa, bunu parlamentə təqdim edə bilərik.
Əfv sərəncamının yaxın zamanlarda verilə biləcəyi ilə bağlı deyilənlərə gəlincə, bu barədə dəfələrlə danışmışam. Əfv etmək Azərbaycan Prezidentinin müstəsna səlahiyyətidir. Amma komissiyanın üzvü və vətəndaş cəmiyyətinin nümayəndəsi kimi ümidliyəm. Ali Baş Komandan tərəfindən Böyük Vətən Müharibəsindəki möhtəşəm qələbəmizlə bağlı əfv sərəncamı verilə bilər. Hesab edirəm ki, bu sərəncam geniş olacaq. Xatırlayırsınızsa, 2018-ci ildə Cümhuriyyətimizin yüz illiyi ilə bağlı ölkə başçısı tərəfindən böyük sərəncam imzalandı. Buna hətta kiçik Amnistiya Aktı da deyildi. Belə bir sərəncamın Novruz bayramı ərəfəsində ola biləcəyinə ümidliyəm. Bir də onu nəzərə alaq ki, bir qayda olaraq daha çox əfv sərəncamları Novruz bayramı ərəfəsində verilir. Cənab prezidentin fəaliyyətində humanizm, qayğıkeşlik və bu kimi amillər hər zaman öndə tutulur. Bunu biz hər zaman dediyim kimi müşahidə etmişik. Cəzaların humanistləşdirilməsi istiqamətində də ölkə başçısı tərəfindən çoxlu sayda sərəncamların, fərmanların şahidi olmuşuq. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, belə bir Əfv sərəncamı hazırda gözləniləndir".
Əliməmməd Nuriyev: “Nikbinəm və inanıram ki...”
Ə.Nuriyev üzvü olduğu komissiyanın toplanmaması ilə bağlı yaranan suallara da aydınlıq gətirdi: “Bu sırf texniki məsələdir. Bilirsiniz ki, koronavirus dünyanın hər yerinə yayılıb, o cümlədən Azərbaycana da. Bu da istər-istəməz müəyyən məhdudiyyət tədbirlərinin nəzərdə tutulması ilə nəticələnib. Çoxsaylı insanların bir yerə toplanmasına və iclaslar keçirməsinə qanunla yol verilmirdi. Bütün müzakirələr onlayn qaydada da aparılırdı. Amma nəzərə alaq ki, Əfv Komissiyasındakı məlumatların əksəriyyəti şəxsi xarakter daşıyır və bunun sızma ehtimalları ola bilər. Eyni zamanda, fikrimcə, komissiyada müzakirələrin canlı keçməsi daha məqsədəuyğundur. Bilirsiniz ki, komissiyanın iclasları sədr tərəfindən çağırılır. Daxil olan müraciətlərin hər biri barədə arayış hazırlanıb, komissiya sədrinə təqdim olunmalıdır. Bütün hazırlıqlar başa çatandan sonra komissiyanın iclasları çağırıla bilər. İstisna etmirəm ki, texniki məsələlər həll olunandan sonra iclaslar baş tutacaq. Bu məsələ ilə bağlı nikbinəm və inanıram ki, Qarabağ müharibəsində əldə olunan böyük qalibiyyətlə bağlı Ali Baş Komandan tərəfindən əfv sərəncamı veriləcək və bu ölkə əhalisini hər zaman olduğu kimi böyük sevincinə səbəb olacaq”.
Novella Cəfəroğlu: “Hamını əfvlə azadlığa buraxmaq olmaz, amma...”
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu: “Düzü, bu barədə son aylarda çox söz deyiblər. Əvvəl dedilər ki, müharibədən sonra bu olacaq. Doğrudur, müharibədən sonra buna məsul şəxslərin də çox işi var idi. Şəhid ailələri, qazilərlə maraqlanmaq, eləcə də, savaşla bağlı görülən çox işlər var idi. İndi belə bir xəbər eşitmişik ki, fevral ayından əfv sərəncamının verilməsi istiqamətində hazırlıqlar başlayır. Gələn aydan etibarən Əfv Komissiyasının yığışacağı da deyilir. Amnistiya Aktının qəbul oluna biləcəyi də ehtimallar sırasındadır. Hamını əfvlə azadlığa buraxmaq olmaz. Amma amnistiya ilə bu mümkündür. Dəqiq bilirik ki, Prezident Aparatında əfv istiqamətində hazırlıqlar gedir, müəyyən işlər görülür. Sadəcə, insanları koronavirus bir yerə yığışmağa imkan vermir. Yoxsa indi çoxdan bu sərəncam verilmişdi”.