“Əkinçi”dən bu günə - Azərbaycan mətbuatının 150 illik şərəfli yolu.
Bu gün Milli mətbuatımız mötəbər bir tarixi qeyd edir.
Azərbaycan mətbuatının banisi Həsən Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875–1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 5 iyul tarixli Fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Azərbaycan Mətbuatı və Jurnalistikası Günü elan edilib. 22 iyul-, Azərbaycan milli mətbuatının yaranmasının və jurnalistikanın peşə kimi formalaşmasının simvoludur. Qələm sahibləri, yəni jurnalistlər bu günü öz peşə bayramları kimi qeyd edirlər.
Ölkəmizdə mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Lider Heydər Əliyev hər zaman ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti, jurnalistlərin söz və fikir azadlığının təmin edilməsi, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüs göstərib, mühüm qərarlar qəbul edib. Böyük liderin layiqli davamçısı qalib sərkərdə Prezident İlham Əliyevin 25 aprel 2024-cil tarixində verdiyi sərəncam Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunması Azərbaycan mediasına və jurnalistika sahəsində çalışanlara verilən yüksək dəyərdi. Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır.
150 illik keşməkeşli, eyni zamanda şərəfli bir yol qət edən Azərbaycan mətbuatı bu gün də cəmiyyətin güzgüsü, sözün və həqiqətin carçısı olmağa davam edir. Bundan sonra da illər keçəcək və mətbuat hər zaman azadlığın, maarifin və milli kimliyin səsini daşıyacaq.
Milli mətbuatımızın 150 ili, milli ruhun, ictimai iradənin və jurnalist qələminin birgə tarixidir!
Bütün mətbuat işçilərini və jurnalist həmkarlarımızı Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirik, qələminiz iti, sözünüz kəsərli olsun.
Yeganə Telmanqızı
XeberTıme.az