SON DƏQİQƏ

Sumqayıt şəhərində şəhid Adil İbrahimli və şəhid Nurlan Abdalovun adını daşıyan abidə bulaq kompleksi açıldı-FOTO\VİDEO

Tarix:7-02-2021, 23:09

Biz hər zaman milli tariximizin qalibiyyət səhifəsini yazan şəhidlərimizi hörmətlə anırıq! 

Sumqayıt şəhəri 4 mikrorayon ev 14/21 saylı binanın qarşısında şəhidlərin xatirəsinə abidə bulaq kompleksi açıldı. Əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi. Abidə kompleksinin önünə tər çiçəklər qoyuldu.                                                                                                Şəhidlərin ailə üzvüləri abidə bulaq kompleksinin yaradılmasında əməyi və zəhməti olan hər bir kəsə minnətdarlığını bildirdilər.                                                     
İbrahimli Adil Asəm oğlu 9 sentyabr 1992-ci il Sumqayıt şəhərində dünyaya gəlmişdir. Adil İbrahimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət etmişdir. 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmətini davam etdirmişdir.                  
Azərbaycan Ordusunun baş leytenantı Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşub. Adil İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. II Fəxri Xiyabanda dəfn olunub.                       
İbrahimli Adil Asəm oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2013-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubley medalı, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubley medalı, 2020-ci ildə “Vətən Müharibəsi Qəhrəmanı” medalı (ölümündən sonra), “Vətən uğrunda”medalı (ölümündən sonra), “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra), “Kəlbəcərin azad olunmasına görə” medalı (ölümündən sonra) ilə təltif olunmuşdur.                                                                                                       
Abdalov Nurlan Faiq oğlu 12 iyun 2000- ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2020- ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlamış və manqa komandiri baş çavuş vəzifəsinə yüksəlmişdir.
Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana qarşı başlanan əks-hücum əməliyyatlarında iştirak etmişdir. Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə şücaətlə vuruşmuşdur. 3 noyabr 2020- ci ildə Xocavənd uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 5 noyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.                                          

Abdalov Nurlan Faiq oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2020-ci ildə  “Vətən uğrunda”medalı (ölümündən sonra), “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra) ilə təltif olunmuşdur.                                                                                   
Xatırladaq ki, Adil İbrahimli və Nurlan Abdalov bu binada yaşamışdılar.                         
Sonda şəhidlərin ruhuna dualar oxundu ehsan süfrəsi verildi 

Allah bütün Şəhidlərimizə rəhmət etsin!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 

Yeganə Telmanqızı                                                         
“XeberTıme.az”  










 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ