Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən müzəffər Azərbaycan Ordusuna həsr olunan “Zəfər” abidəsinin konsepsiya layihəsini təqdim edirik.
“Zəfər” abidəsinin əsas simvolu Vətən müharibəsinin - “Dəmir yumruq” əməliyyatının adından götürülən Dəmir yumruqdur. Abidə özündə qazandığımız möhtəşəm qələbənin əsas faktorlarından olan xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx yumruq şəklində birləşməsini və sarsılmaz həmrəyliyini ehtiva edir.
Abidənin hündürlüyü 14 m, diametri 11 m, parkın əhatə dairəsinin diametri isə 44 m-dir. Parkın əhatə dairəsinin diametri Vətən müharibəsinin davametmə müddətini ifadə edir.
“Zəfər” abidəsinin Bakı şəhərində Azadlıq meydanı ilə üzbəüz inşa edilməsi təklif olunur. Bu abidə tarixi kompleks olmaqla yanaşı, həmçinin park tipli istirahət guşəsidir. Abidənin həyətində insanların gündüz və axşam saatlarında istirahətləri üçün oturacaqlar və işıqlandırma sistemi nəzərdə tutulur.
Qeyd edək ki, müəllif və təşəbbüskar memar, dizayner və @bureau.ad şirkətinin təsisçisi Elçin Məmmədov və @bureau.ad komandasıdır.